Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-233/2025 11.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakları, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab ediməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab ediməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində ölmüş miras qoyan X5 adından Bakı şəhəri 45 saylı Notariat Ofisində xx.xx.2017-ci il tarixində tərtib edilmiş reyestr nömrəsi 2V-50 olan X1 adına vəsiyyətnamənin ləğv edilməsinin və Cavabdeh1 adına yeni verilmiş vəsiyətnamənin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 45 saylı Notariat Ofisində açılmış xx.xx.2024-cü il tarixində ölmüş qohumu X3 vərəsəlik işi üzrə Cavabdeh1 vərəsə kimi tanınması qanunsuz və əsasız olmuşdur. Belə ki, həmin şəxs yəni Cavabdeh1 X9 ilə heç bir qohumluq əlaqəsi yoxdur, həmin şəxs bir mərtəbə aşağıda yaşayır və uzun müddətdir ki, qonşudur. O ki qaldı miras qoyan X6 o, onun qohumudur(əslən Göyçaydan olan dayısı X4 həyat yoldaşı olub) , dayısı 25 ildir ki ölüb, həmin vaxtdan da X9 övladı olmadığından tək qalıb, ona özü baxmışdır. Məhz bu səbəbdəndir ki, miras qoyan Pakizə Qasımova öz əmlakını xx.xx.2017-ci il tarixdə 45 saylı notariat ofisində reyestrdə 2V-50 nömrə ilə qeydə alınmış vəsiyyətnaməsi ilə ona vəsiyyət etmiş və onu da öz evinə qeydiyyata almışdır. Nəzərinizə çatdırmaq istəyir ki, onlar uzun müddət miras qoyan Pakizə Qasımova xx.xx.2024-cü il tarixdə ölənədək çox mehriban münasibətlərdə olmuşdular, onun bütün əziyyətini və saxlanılması ilə bağlı qayğılarını onun özü çəkmişdir. Hörmətli məhkəmə, hazırki iş üzrə Cavabdeh1 ilə ondan bir mərtəbə aşağıda alt qonşu olub, necə ola bilər ki, qonşu onların qısa bir müddət ərzində mülkiyyətçi Pakizə Qasımovanın 91 yaşında öz iradəsini aydın ifadə etmək iqtidarında olmadığı aydın görünən bir halda, eləcə də, həmin evdə onun eydiyyatda olduğu və elə 45 saylı Notariat Ofisinin özü tərəfindən vəsiyyətnamə ilə vərəsə kimi qeydə alındığı bir şəraitdə onun xəbəri olmadan işıq sürəti ilə qonşu vərəsə sayılır, öz evi qala-qala onun evinə qeydiyyata düşür. Bütün bunlar həmin işlərin qurama olmasına, vəsiyyət edənin öz iradəsini nəticəsi olmamasını göstərir. Elə bunun üzərindən(qonşunun evə qeydiyyata düşməsi və vəsiyyətnamə ilə vərəsə olmasından) bir neçə gün keçməmiş Pakizə Qasımova xx.xx.2024-cü il tarixdə qəfildən ölür, xx.xx.2024-cü il tarixdə də qonşu Cavabdeh1 vərəsə kimi tanınır, baxmayaraq ki, uzun müddətdir ki, mən həmin ünvanda qeydiyyatdayam, 2017-ci ildən adıma həmin 45 saylı Notariat Ofisində vəsiyyətnamə tərtib olunub, bütün bunlar notariusu düşündürə bilməzdi, heç olmasa mənimlə əlaqə saxlayıb bu məsələləri aydınlaşdıra bilməzdi? Hörmətli məhkəmə, qeyd olunanlar onu göstərir ki, 45 saylı Notariat Ofisinin notariusu Tofiq Şükürov tərəfindən qonşu Cavabdeh1 barəsində vəsiyyətnamənin tərtib edildiyi məqamda miras qoyanın öz hərəkətlərini şüurlu şəkildə etməsini, mühakimə yürüdə bilməsi və öz iradısini ifadə etməsinin yoxlanılması ilə bağlı Mülki Məcəllənin 1167 maddəsi ilə müəyyən edilmiş normanın tələblərini pozmaqla xx.xx.2017-ci ildə ona verilmiş vəsiyyətnaməni ləğv etmiş və yeni qonşu Cavabdeh1 barəsində vəsiyyətnamə tərtib etmişdir. Belə ki, qeyd olunan maddi hüquq normasının tələbinə əsasən fiziki şəxs ölməsi halı üçün əmlakının vəsiyət edərkən, öz hərəkətləri barəsində şüurlu mühakimə yürütmək və öz iradəsini aydın ifadə etmək iqtidarına malik olmalıdır. Belə ki, xx.xx.1933-cü il təvəllüdlü və vəssiyət edərkən 91 yaşı tamam olmuş, xəstə olan bir şəxsin uzun illərdən sonra qısa bir müddətdə qəfildən öz iradəsini niyə dəyişməsi notariusun diqqətini cəlb etməyə bilməzdi, belə olan halda isə notariusun əsas vəzifəsi bu halların yoxlanılmasına və miras qoyanın öz iradəsini ifadə edib etməməsi məsələsinin araşdırılmasına yönəlməli idi. maddi hüquq normasının tələblərindən və şərhindən də aydın olur ki, hər cür qocalıqla əlaqədar ağıl zəyifliyi, xəstəlik insanı şüurlu mühakimə yürütmək və öz iradəsini ifadə etmək imkanından məhrum edə bilər, öz hərəkətlərinin mənasını başa düşmək, qanunun tələblərini və hərəkətlərinin hansı hüquqi nəticələrə səbəb olacağı ilə bağlı halları dərk etmək imkanından məhrum edə bilər. Hesab edir ki, işin hallarından aydın görünür ki, xx.xx.2024-cü il tarixində ölmüş X3 adından vəsiyyətnamə tərtib olunması və onun vərəsəsi kimi qonşu Cavabdeh1 tanınması Mülki Məcəllənin 1225-ci maddəsinin tələbinə əsasən əgər vəssiyətnamə vəsiyət edənin öz hərəkətlərinin mənasını başa düşməyən və ya hərəkətlərini idarə edə bilmədiyi halda tərtib edilərsə, həmin vəsiyətnamə etibarsız olur. Göründüyü kimi onun adina olan vəsiyyətnamənin ləğv edilməsi və qonşu Cavabdeh1 adına vəsiyyətnamə verilməsi qanunvericiliyin tələblərini pozmaqla olduğundan baş verdiyindən etibarsız sayılmalıdır. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə verərək , xx.xx.2024-cü il tarixli 8İ-5212 nömrəli X3 Cavabdeh1 verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında qeyd etmişdir ki, Cəmilə qonşusudur. Pakizə isə dayısının arvadıdır.Dayısı vəfat etmişdir. Pakizənin övladı və bacı-qardaşları yoxdur. Ona görə onlar onu lap körpəlikdən qızları kimi böyütmüşdür. Onlar Ələt qəsəbəsində yaşayır. Onun özü də Ələt qəsəbəsinə ərə getmişdir. O həm mübbahisəli olan evdə qeydiyyatdadır, həm də mərhum Pakizə həmin evi ona vəsiyyət etmişdir. O ona 24 il baxmışdır.Pakizə xəstə idi, arada ağlı gedib gəlirdi. Bir gün gedəndə Pakizəni evdə görməmişdir. Qonşusu Cəmilə isə Pakizənin iynələrini vururdu, təzyiqini ölçürdü. Ona dedilər ki, Cəmilə Pakizəni xəstəxanaya aparmışdır. Həmin aralar Cəmilə Pakizəni iki dəfə xəstəxana adı ilə aparıb vəsiyyətnaməni dəyişdirmişdir. Bu barədə Pakizə ona ağlayaraq demişdir ki, cavabdeh tərəf ona hədə qorxu gəlmişdilər ki, əgər razı olmasa onun öldürəcəkdir. O da bu hədələrdən qorxub eşitdikləri barəsində polisə heçnə deməmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. . Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında bildirmişdir ki, ekspertiza rəyi ilə razıdır. Mərhum hələ sağlığında ona etibarnamə vermişdir. Mərhumun sağlığında iddiaçının mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə dair ərizə ilə müraciət olunmuşdur. Daha sonra mərhum öldüyündən cavabdeh Cəmilə onun varisi kimi tanınmışdır. Mərhumun dəfn xərclərini cavabdeh çəkmişdir. Ümumiyyətlə mərhum iddiaçıya vəsiyyət etsə də, sonradan iddiaçı ilə münasibətləri pozulduğundan vəsiyyətnaməsini yeniləmiş və evi cavabdehə vəsiyyət etmişdir. Hər iki vəsiyyətnamənin imzalarından görünür ki, imzaların hər ikisi eyni şəxs tərəfindən çəkilmışdır. Cəmilə hal hazırda həmin evdə yaşyır. İddia tələbinin rədd olunmasını xahiş etdi. ünvan 1 ünvanlandığı xx.xx.2024-cü il tarixli 359 saylı məktubdan görünür ki, xx.xx.2024-cü ildə Bakı şəh.Ələt qəs.K.Məmmədov küç.ev 1.m.81 ünvanında qeydiyyatda olan, xx.xx.1933-cü il təvəllüdlü X11 iki nəfər şahidlə (X12 və X2) notariat ofisinə müraciət edərək əmlakını Cavabdeh1 vəsiyyət etmək istədiyini bildirmişdir. P.Ə.Qasımovanın yaşını nəzərə alaraq onun iradə ifadəsini və hərəkətlərinin mənasını dərk etdiyini araşdırmaq üçün geniş söhbət aparılmışdır. O bildirimişdir ki, yaxın qohumları yoxdur, tək və kimsəsiz yaşayır. Eyni zamanda bəyan edir ki, qonşusu Cavabdeh1 uzun müddətdir ki, onun qayğısına qalır, yemək-içməklə, iynə-dərmanla təmin edir, təmizlik işlərini aparır. Vəfat etdikdən sonra da dəfn işlərini Cavabdeh1 həyata keçirəcəkdir. Ona görə də öz əmlakını Cavabdeh1 vəsiyyət etmək istəyir.Özü vəsiyyətnaməni tərtib edə bilmədiyinə görə notarius onun sözlərindən tərtib etmişdir. Vəsiyyətnamə imzalanarkən bir daha şahidlərin iştirakı ilə vəsiyyətnamənin məzmunu Qasımovaya izah edilmiş, onun doğuracağı hüquqi nəticələr bildirilmişdir. Məhz bundan sonra P.Ə.Qasımova notariusun və şahidlərin yanında vəsiyyətnaməni imzalamışdır.Bakı şəhəri 45 saylı notariat ofisi bu deyilənləri nəzərə alaraq bildirir ki, vəsiyyətnamə rəsmiləşdirilərkən P.Ə.Qasımova tam anlaqlı olmuş və öz hərəkətlərinin mənasını dərk etmişdir. Sizdən xahiş edir ki, İddiaçı iddiası əsassız olduğuna görə rədd edilsin. Eyni zamanda xahiş etmişdir ki, işə onları iştirakı olmadan baxılsın. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, 1587 keçid, ev 1, 81 saylı mənzil tam mülkiyyət hüququ üzrə X5 adına xx.xx.1996-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla mülkiyyətindədir. İş materiallarında əlavə olunmuş AZ-İİ seriyalı 445069 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bu barədə xx.xx.2024-cü il tarixində ölüm haqqında akt qeydləri kitabında 557 saylı akt ilə qeyd edilmişdir. İş materiallarında əlavə olunmuş Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 3mədov küçəsi, ev 1, 81 saylı mənzil ünvanında qeydiyyatdadır. İş materiallarında əlavə olunmuş Bakı şəhəri 45 saylı Notariat Kontorunun vətəndaş Cavabdeh1 ünvanlandığı məktubdan görünür ki, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizə əsasında xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış və Cavabdeh1 X5 vəsiyyət üzrə vərəsəsi kimi tanınmışdır. İş materiallarında əlavə olunmuş Bakı şəhəri 45 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 2V-50 nömrəli vəsiyyətnamədən görünür ki, X11 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İş materiallarında əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin sorğuya cavab olaraq məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X5 Qaradağ RPİ tərəfindən verilmiş AZE seriyalı 02310201 nömrəli şəxsiyyət vəsiqəsinə dair fərdi uçot kartoçkasının kserosurətindən görünür ki, ünvan 3mədov küçəsi, ev 1, 81 saylı mənzil ünvanında qeydiyyat olan xx.xx.1933-ci il tarixli X5 anası Zabitə, atası Qasımov Əlşandır. Ailə vəziyyəti subaydır. İş materiallarında əlavə olunmuş Bakı şəhəri 45 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 8İ-5212 nömrə ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X11 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında əlavə olunmuş məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış Azərbaycan Respublikası Azərbaycan Resbuplikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi ”Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının məktubundan görünür ki , X11 hər hansı psixi xəstəliklə əlaqədar 32 nömrəli şəhər poliklinikasında qeydiyyatda alınmamışdır. İş materiallarında əlavə olunmuş məhkəmənin Azərbaycan Resbuplikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X20” Publik Hüquqi şəxsindən məhkəməyə sorğuya cavab olaraq daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X11 “X20” Publik Hüquqi şəxsə hər hansı bir psixi xəstəlikləri ilə bağlı müraciəti qeydiyyata alınmamışdır. İş materiallarında əlavə olunmuş Bakı şəhəri 45 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 7E-4462 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, X11 tərəfindən Vəkil2 1 il müddətinə etibarnamə verilmişdir. İş materiallarında əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3143/2024 saylı xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçı X8 İddiaçı qarşı “mənzilə isitfadə hüququnun olmamasının müəyyən edilməməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1 X5 hüquqi varisi kimi tanınaraq işə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3143/2024 saylı xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki işin icraatı İddiaçı Cavabdeh1 qarşı “onun adına verilmiş vəsiyyətnamənin ləğv edilməsinin və cavabdehin adına verilmiş yeni vəsiyyətnamənin etibarsız sayılması» tələbinə dair 2(002)-3665 /2024 saylı mülki iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. İş materiallarında əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 4/302 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 87-ci vərəqində olan xx.xx.2024-cü il tarixli etibarnamadə "İmza:" qrafasındakı imza, 2V-89 nömrəli notariat işinin 2-ci vərəqində X5 adından olan 22 avqust 2024-cü il tarixli 81-5212 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə "İmza" qrafasındakı İmza, 2V-50 nömrəli notariat işinin 2-ci vərəqində X5 adından olan 21 sentyabr 2017-ci il tarixli 7E-5472 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə "İmza" qrafasındakı imza, həmin vəsiyyətnamənin qeydiyyatdan keçdiyi 2017-ci ilə dair 01035 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün 2 V reyestr jurnalının 11-ci vərəqində 50-ci sırada "X19 q" yazıları qarşısında "Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları" qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 125 manat təşkil etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qoyulmuş xx.xx.2024-cü il tarixli 8İ-5212 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsini xahiş etmiş, iddia tələbini isə qohumun həmin vəsiyyətnamə tərtib edilərkən əqli qüsurlarının olması və cavabdehin də onun həmin vəziyyətindən istifadə edərək vəsiyyətnamə tərtibinə məcbur edilməsi ilə əsaslandırmışdır. Cavabdehlər isə iddia tələbini rədd edərək, bildirmişdir ki, vəsiyyətnamə vəsiyyət qoyan tərəfindən heç bir kənar təsir altında olmadan şahidlərin iştirakçılığı ilə mülki qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş, hazırda iddiaçının əsaslandığı hallar əsasızdır, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunmuş faktlar heç bir sübutlar əsasında təsdiqini tapmadığından məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hazırki mübahisənin hüquqi cəhətdən həlli ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179.1-ci maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Həmin Məcəllənin 1179.2-ci maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Həmin Məcəllənin 1180.2-ci maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1184-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Vəsiyyətnamənin etibarsızlığı barədə mülki qanunvericilikdə qeyd edilir ki, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. (Mülki Məcəllə, 1225.1, 1225.3-cü maddələri). Məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin ediləməmlidir. Belə ki, mülki iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 4/302 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş mülki işin 87-ci vərəqində olan xx.xx.2024-cü il tarixli etibarnamadə "İmza:" qrafasındakı imza, 2V-89 nömrəli notariat işinin 2-ci vərəqində X5 adından olan 22 avqust 2024-cü il tarixli 81-5212 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə "İmza" qrafasındakı İmza, 2V-50 nömrəli notariat işinin 2-ci vərəqində X5 adından olan 21 sentyabr 2017-ci il tarixli 7E-5472 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə "İmza" qrafasındakı imza, həmin vəsiyyətnamənin qeydiyyatdan keçdiyi 2017-ci ilə dair 01035 nömrəli notariat hərəkətlərinin qeyd edilməsi üçün 2 V reyestr jurnalının 11-ci vərəqində 50-ci sırada "X19 q" yazıları qarşısında "Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları" qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Yəni ekspert rəyi ilə təsdiq olunmuşdur ki, xx.xx.2024-cü il tarixli 8İ-5212 nömrəli vəsiyyətnamə X13 tərəfindən imzalanmışdır. Həmçinin ekspert rəyindən əlavə alaraq iş materiallarından göründüyü kimi, vəsiyyətnamə xüsusi notariusun iştirakı ilə tərtib edilmiş və notarius tərəfindən vəsiyyət edənin fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Odur ki, vəsiyyətnamə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlığının əsasları müəyyən olunmadı. İddiaçı qeyd olunanların əksini iddia etməsinə baxmayaraq, məhkəməyə vəsiyyətnamənin etibarsız olduğunu və vəsiyyət edənin öz hərəkətinin mənasını başa düşə bilmədiyini və öz hərəkətini idarə edə bilmədiyini və yaxud həmin vaxt vəsiyyət edənə cavabdehin hər hansı fiziki zorakılığını təsdiq edən heç bir mötəbər sübutu təqdim etməmiş, öz tələbini yalnız ehtimallarla əsaslandırmışdır. Buna görə də iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Həmçinin mərhum hələ sağlığında İddiaçı qarşı mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar iddia irəli sürmüş və hazırki iş üzrə vəkilə etibarnamədə vermişdir. Həmin etibarnamədə mərhum X5 adına olan imza 2.08.2024-cü il tarixli 8İ-5212 nömrəli vəsiyyətnamədəki imza ilə eynilik təşkil etmişdir. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarlı sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə qeyd edilən vəsiyyətnamənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, vəsiyyətnamə rəsmiləşdirilərkən vəsiyyət edən səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli 8İ- 5212 nömrəli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia tələbi bu hissədə əsassızıdır. Bu halları nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırda iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid hesab edilməlidir. Eyni zamandan məhkəmə əlavə edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən və həmçinin ekspertizanın keçirilməsi vəsatəti-iddiaçının nümayəndəsi və vəkili tərəfindən verildiyindən hazırda yaranmış 125 manat məbləğində ekspertiza xərci iddiaçıdan dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 45 saylı Notariat Kontoruna qarşı «vəsiyyətnamənin etibarsız hesab edilməsi»-nə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş 100(yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. 125(yüz iyirmi beş) manat məbləğində ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-233/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-233/2025
11.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver