Məhkəmə qərarları › İş №e-2(002)-255/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-255/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-255/2024 31.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdеh Cavabdeh 478 manat məbləğində vurulmuş zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 508 manatın alınaraq iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “MERCEDES BENZ C200” markalı, 90– ES–275 dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. 2020-ci il iyulun 20-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “MERCEDES BENZ C200” markalı, 90–ES–275 dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, M.Mirqasımov küçəsində “TOYOTA CAMRY” markalı, 10–PE–616 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı şəhəri DYPİ tərəfindən xx.xx.2021-ci il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. “TOYOTA CAMRY” markalı, 10–PE–616 dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də kasko sığorta növündə sığortalandığından, sonuncu tərəfindən verilmiş qiymətləndirmə barədə hesabata əsasən hadisə nəticəsində “TOYOTA CAMRY” markalı, 10–PE–616 dövlət nömrə nişanlı avtomobillə 578 manat məbləğində ziyan dəymişdir. 100 manat şərtsiz azadolma nəzərdə tutulduğundan, iddiaçı xx.xx.2021-ci il tarixində 5456 nömrəli ödəniş tapşırığı ilə 478 manat məbləği "xxxx" ASC-yə ödəmişdir. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, hadisə zamanı cavabdeh avtomobili etibarnamə olmadan istismar etdiyindən, onun icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı idarə etməyə hüququ olmamışdır, bu səbəbdən iddiaçının cavabdehə qarşı zərər məbləğini subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “MERCEDES BENZ C200” markalı, 90–ES–275 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il - xx.xx.2021-ci il dövrü üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, həmin şəhadətnaməyə əsasən sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat məbləğində müəyyən edilmiş, sığortalı kimi X1 qeyd olunmuşdur. İş materiallarında olan avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, “TOYOTA CAMRY” markalı, 10–PE–616 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən tam sığortalanmış, həmin şəhadətnaməyə əsasən sığorta məbləği 25000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, “MERCEDES BENZ C200” markalı, 90– ES–275 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın, PXA91066 saylı, PXA66183 saylı, habelə xx.xx.2021-ci il tarixli sığorta aktlarının, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində “TOYOTA CAMRY” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 578 manat məbləğində zərərin dəydiyi müəyyən edilmiş, 100 manat azadolma nəzərə alınaraq "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 478 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan AC 551236 seriyalı sürücülük vəsiqəsinin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2018-ci ildən xx.xx.2028-ci ilədək müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, “MERCEDES BENZ C200” markalı, 90–ES–275 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il xx.xx.2021-ci il dövrü üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı icbari sığorta üzrə müqavilə qüvvədə olmuş və həmin avtomobilin sürücüsü Cavabdeh sürücülük vəsiqəsinə malik olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı sığorta təşkilatı cavabdehin etibarnaməsinin olmadığını əsas gətirərək onu icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istismar etməyə hüququ olmayan şəxs kimi qiymətləndirməkdə haqlı olmamış və göstərilən halda subroqasiya hüququ yaranmadığı halda ona qarşı əsassız iddia qaldırmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdən aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Bundan əlavə, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar