Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2609/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə (Abonent kodu **********00021) əsassız olaraq borc kimi yazılmış olan 3500 manatın X2 tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzil faktiki olaraq mənim və ailə üzvlərimin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********0021 olmaqla cavabdeh X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfimdən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. 30 aprel 2023 – cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilmişdir, belə ki, onlar tərəfindən sayğaca baxış keçirilərkən sayğaca müdaxilə olması qeyd olunmuşdur. Akta əsasən mənə 3500 manat borc yazılmışdır, qeyd etmək istərdim ki,tərəfimdən və ailə üzvlərim tərəfindən sayğaca hər hansı bir müdaxilə olunmamışdır. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmişəm və tərəfimdən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. Qeyd edim ki, mənzilimdə həmişə qaz sayğacı olub və sayğac işləyib, sayğacın göstəriciləri əsasında mən təbii qaza görə haqq ödəmişəm. Əgər həmin sayğac işlək deyilsə, o halda mən o sayğacı necə işlədə bilərdim və mənzilimə təbii qaz necə gələ bilərdi? Digər tərəfdən, həmin sayğacda plombların yerinin səhv olmasında, element plombunun yerinə metrologiya plombunun, sonuncunun yerinə isə element plombunun vurulmasında mənim hər hansı təqsirim yoxdur. Həmin plomblar qaz idarəsinin əməkdaşları tərəfindən həmin sayğac quraşdırılarkən vurulub. Mən ümumiyyətlə həmin plombların necə vurulması prosedurundan məlumatlı deyiləm və bunu bacarmıram. Əgər sayğac işlək deyildirsə və həmin plombların yeri səhv vurulubsa, həmin sayğac yeni qaz sayğacı ilə əvəz olunarkən, cavabdeh qurumun əməkdaşları bu faktı aşkar edə bilərdi və tərtib edilmiş Aktda bu barədə müvafiq qeyd apara bilərdilər. Aktdan görünür ki, orada belə qeyd aparılmayıb. Həmçinin qeyd etmək istərdim ki, ana qaz xəttindən çəkilən xətlər yivli birləşmələr vasitəsilə birləşdirilmişdir,sayğacın plombu üstündə olmuş,nəzarətçi hər ay bu sayğaca nəzarət etmiş və sərf olunan qazın sərfiyyatın yazaraq iddiaçıya təqdim etmişdir. Sonradan “Təmiz qaz” layihəsi ilə məşğul olan şirkət gələrək ana xətdə olan yivli birləşmələri qaynaq birləşmələri ilə əvəz etmiş,bildirmişlər ki, yivli birləşmələr mültəq şəkildə qaynaq birləşmələri ilə əvəz olunmalıdır. Bu işlər görülən zaman Azəriqaz İB-nin nümayəndəsidə bu prosesslərdə iştirak etmiş və bu barədə protokolda imza etmişlər. Sayğacda olan plomb onlar tərəfindən qırılmış,götürülüb,yivli birləşmələr qaynaq birləşmələrlə əvəz olunmuşdur. Sonradan isə sayğacın göstəriciləri götürülərək yeni plomb qoyulmuş və 1 aydan sonra isə sayğacı dəyişdirmək adı ilə aparmış,laboratoriyaya yoxlanılma üçün verilmiş bu zaman isə sayğaca müdaxilə və qazdan qanunsuz istifadə edilməsi bildirilmişdir. Qeyd etmək istərdim ki,sayğac fərdi evin daxilində deyil çölündə quraşdırlmış, bu prosesə isə Azəriqazın nümayəndəsi tərəfindən nəzarət olunur. 1 aydan sonra bizə bildirildi ki, sayğaca müdaxilə olunub,amma hansı ki hər ay nəzarətçi tərəfindən bu proseslərə nəzarət olunub və qazdan istifadə barədə qəbzlər verilmişdir. Qeyd etmək istərdi ki, Təmiz Qaz və Azəriqazın nümayəndlərinin iştirakı ilə plomb qırılan zamanda bu xüsusat protokolda əks edilməmişdir.. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən evə (Abonent kodu **********00021) əsassız olaraq borc kimi yazılmış olan 3110,40 manatın X2 tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, sayğac evin hasarından kənarda yerləşdirilmişdir. Onun sayğaca nəzarət etmək və yaxud onun işlək vəziyyətində olmasına məsuliyyət daşımaq kimi vəzifələri daşımır, bu səbəbdən qanunsuz və əsasız hesablanmış borc silinməlidir. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh İB tərəfindən xx.xx.2023-cü il tarixində Azemis Elektron Məhkəmə Sistemi vasitəsilə etiraz ərizəsini təqdim edərək,bildirmişdir ki Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00021 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış **********4 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-4583/Q002 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin plastmas qapağı yan sağ və sol hissələrdən kənar təsir nəticəsində gövdədən aralanıb, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 25920 m3 təşkil etmişdir. Hesablanmış 3110,40 manat məbləğində dəymiş ziyan 2023-cü ilin aprel ayından abonentin koduna yerləşdirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bir daha bildiririk ki, **********00021 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə 2 iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın məzmunundan görünür ki, **********4 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdi. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4583/Q002 aktında qeyd edilmişdir ki, “Sayğaca baxış keçirildi. G-4 markalı **********4 nömrəli sayğacın hesablama mçexanızminin plasmas qapağı yan sağ və sol hissələrdən kənar təsir nəticəsində gövdədən aralanıb” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təbii X3nın pozulması haqqında ******* nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən sayğaca müdaxilə edilməsinə və dəymiş ziyanın ödənilməsinə dair akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il üzrə tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5- 4583/Q002 saylı Qaz sayğacının yoxlanmasına dair akta əsasən **********00021 saylı abonent İddiaçı itirilmiş qazın həcmi 25920 m3 hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixində tərtib edilmiş abonentin saldosundan görünür ki, akı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Q.Əmirov küçəsi, 2A ünvanında yerləşən və **********00021saylı abonent kodu üzrə İddiaçı 3110,40 manat məbləğində pul hesablanmışdır. Tətbiq edilən hüquq normaları: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 3110,40 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablanmış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Beləliklə qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsinin və qaz sayğacına qanunsuz qoşulmanın mövcud olması təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin xaricində yerləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və İddiaçı məxsus ünvan 3 ünvanında (abonent kodu: **********00021) qazdan istifadəyə görə hesablanmış 3110,40 manat borc Cavabdeh tərəfindən silinməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanına (Abonent kodu **********00021) qazdan istifadəyə görə hesablanmış 3110(üç min bir yüz on) manat 40(qırx) qəpik borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2609/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2609/2023
31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver