Məhkəmə qərarları › İş №e-2(002)-2659/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2659/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2659/2023 12.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Satıcı qismində İddiaçı MMC, alıcı qismində Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə imzalanmış üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə çörək alışına görə 1800 AZN məbləğində borcu vardır. “Alıcı” ayda 150 manat olmaqla 12 ay müddətində 1800 manat borcu ödəyəcəkdir. “Alıcı” yaranmış bu borca görə ünvan 1 ünvanda yerləşən evini zəmanət qoyub, borc ödənilmədikdə ev satılaraq borc ödəniləcəkdir.

2. Satıcı qismində İddiaçı MMC, alıcı qismində Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə imzalanmış üzləşmə aktından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə yuvarlaq çörək alışına görə 3778.50 AZN, kürə çörəyi alışına görə 512.38 manat borcu var. Ümumilikdə “Alıcı” Cavabdeh “Satıcı” İddiaçı MMC-ə borcu 4290.88 AZN təşkil edir. “Alıcı” İddiaçı MMC-ə olan borcunu üç gün ərzində tam bağlamağı öz öhdəsinə götürür.

3. 10.02.2023-cü il tarixli 02/01 saylı pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli üzləşmə aktı üzrə 6090.88 manat gecikdirilmiş əsas borcunu, hesablanacaq dəbbə pulu və son bir il ərzində ödənilməmiş ümumi məbləğin 10% həcmində əldən çıxmış fayda qismində pulu 10 gün ərzində İddiaçı MMC-ə ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkməyə müraciət edəcəkləri bildirilmişdir. İddia tələbi

4. İddiaçı MMC-in Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən çörək alışına görə 6090,88 manat gecikdirilmiş əsas borc, iddia ərizəsi məhkəməyə verilənədək əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində yəni 600 manat məbləğin və dövlət rüsumu üçün ödənilmiş 87 manat, ümumilikdə 6777,88 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli üzləşməaktına əsasən çörək alışına görə 6090,88 manat borcu vardır. Lakin cavabdeh bu günədək üzləşmə aktında nəzərdə tutulmuş öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən cavabdehin 6090,88 (altı min doxsan manat 88 qəpik) manat borcu yaranmışdır. İddiaçı MMC yuxarıda qeyd olunan məsələlər barədə Cavabdehpretenziya məktubu göndərmiş və tələb etmişdir ki, 6090,88 (altımin doxsan manat 88 qəpik) manat gecikdirilmiş əsas borc, hesablanacaq dəbbə pulu və ödənilməmiş ümumi məbləğin 10% həcmində əldənçıxmış fayda qismində pulu 10 gün ərzində İddiaçı MMC-nin hesabına köçürsün, əks təqdirdə pretenziya məktubunda göstərilən müddət bitdikdən sonra məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Belə ki, Cavabdeh tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Eyni zamanda təkrar olaraq cavabdehə pretenziya ünvanlanmış, lakin cavabdeh yenə də öhdəliyini icra etməmişdir. Mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət edilmiş və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Odur ki, mövcud olan mübahisənin həlli üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 449.1-ci maddələrinə istinad etmişdir.

7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə etdiyini, cavabdeh ilə çörək alışı olduğunu, ilk olaraq işi Bakı Kommersiya Məhkəməsində baxıldığını, öhdəlik 2021-ci ilin dekabr ayında yarandığını, 01 dekabr 2021-ci ildə üzləşdirmə aktında cavabdeh 1800 manat borcu ödəyəcəyini bildirmiş, amma 12 ay ərzində borcunu ödəmədiyini, iddia ərizəsində qeyd edilən 600 manat cərimə borcu 3 ildir ödənməyən faiz borcu olduğunu bildirərək, iddia tələbinin təmin olunmasını xahiş edir.

9. Cavabdeh məhkəmə iclasında izahat verərək iddiaçının tələb etdiyi borcu qəbul etdiyini, amma borcu birdəfəyə yox hissə-hissə ödəyə biləcəyini, borcun yaranma səbəbinin iddiaçı tərəfindən ona verilmiş avtomobilin xarab vəziyyətdə olması olduğunu, həmin nəqliyyat vasitəsinin motorunu öz pulu hesabına düzəltdirdiyini, bundan sonra isə iddiaçının həmin nəqliyyat vasitəsini ondan aldığını, bu səbəbdən müştərilərini itirdiyini, nəticədə tələbdə göstərilən əsas borcu, əyni 6090,88 manat məbləğində borcu qəbul etdiyini, əldən çıxmış fayda hissəsində isə iddiaya etiraz etdiyini bildirmişdir. Məhkəmənin mövqeyi: a)İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

11. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

12. 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

13. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

14. 405.2-ci maddəsinə əsasən, müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

15. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

16. 408.1-ci maddəsinə əsasən, müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.

17. 409.1-ci maddəsinə əsasən, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.

18. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. 598.1-ci maddəsinə görə, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcıəşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

22. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

25. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

26. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

27. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

30. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

33. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarı:

37. “... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. b)Əsaslandırma

38. İddia qismən əsaslıdır.

39. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə alqı-satqı müqaviləsidir və hazırkı mübahisənin maddi hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600-cü maddələri təşkil edir. Çünki, iddiaçı MMC çörəyi cavabdeh fiziki şəxsin (sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə VÖEN-i yoxdur) mülkiyyətinə vermək, cavabdeh isə çörəyin qiymətini müəyyən müddət sonra ödəmək (nisyə satış) barədə şifahi razılığa gəlib, daha sonra həmin razılıq üzrə öhdəliklər icra edilmədikdə icra edilməmiş öhdəliklər barədə üzləşmə aktı imzalayıblar. Odur ki, hazırkı iddia tələbi müqavilədən irəli gələn tələbdir.

40. Həmin müqavilənin mövcudluğu üçün ilk növbədə oferta və aksept (Mülki Məcəllə 405.2), ikinci növbədə, forma tələblərinə riayət edilməsi, etibarlılığı (Mülki Məcəllə 406.1, 329.1, 329.3) yoxlanılmalıdır.

41. İddiaçının çörək satışı ilə məşğul olması oferta, cavabdehin iddiaçıdan çörəyi qəbul etməsi müvafiq olaraq etibarlı akseptdir. Göstərilənlər cavabdehin məhkəmə araşdırması zamanı izahatında verdiyi etirafı və işə əlavə edilmiş üzləşmə aktları ilə təsdiq edilir. Bu səbəbdən, Mülki Məcəllənin 405.2-ci maddəsinə uyğun olaraq etibarlı alqı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə Mülki Məcəllənin 324.4, 329.3-cü maddələrin tələbinə əsasən etibarlıdır, etibarsızlığa səbəb olacaq hər hansı digər faktları tərəflər təqdim etməmiş və məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında etibarlı müqavilə münasibəti mövcud olmuşdur.

42. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh çörək alışında görə İddiaçı MMC-yə 6090.88 manat borcu olduğunu məhkəmə iclasında verdiyi izahat ilə etiraf etmişdir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

44. Məhkəmə cavabdehin iddianı əsas borc məbləği hissəsində etiraf etməsini qiymətləndirərək hesab edir ki, həmin etiraf işin hallarının gizlədilməsi məqsədilə və ya aldatma, yanılma təsiri nəticəsində baş vermədiyindən və cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yarandığından iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir.

45. Məhkəmə iddia tələbinin “iddia ərizəsi məhkəməyə verilənədək əldən çıxmış fayda qismində ümumi məbləğin 10% həcmində yəni 600 manat məbləğin cavabdehdən tutulması” hissəsinə hüquqi qiymət verərkən məhkəmə hesab edir ki, həmin hissədə təmin edilməməlidir.

46. Belə ki, iddiaçı həmin tələbi irəli sürərkən çörək satışının pulu ödənilmədiyinə görə gəlirindən məhrum olmasına əsaslanmaqla Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, həmin faizlərin tutulması üçün iddiaçı tərəfindən cavabdehin onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalandığı, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etməsi sübuta yetirilməli idi. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və prosessual qanunvericiliklə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli qərarında göstərilmişdir ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”. Məhkəmə xərcləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 87 manat məbləğində dövlət rüsumunun 80.91 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Nəticə

50. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin iddiaçıdan 6090.88 mant dəyərində çörəyi nisyə aldığını etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6090.88 manat pul vəsaiti və ödənilmiş 80.91 dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

51. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 6090.88 manat pul vəsaiti və ödənilmiş 80.91 dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar