Məhkəmə qərarları › İş №e-2(002)-2668/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2668/2023

02.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2668/2023 02.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X7 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilinin yaşayış sahəsindən 15.000 (on beş min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X7 ilə birlikdə həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X7 ilə birlikdə ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilinin yaşayış sahəsindən 20.000 (iyirmi min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü azyaşlı övladı X7 ilə birlikdə həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X8 Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş 30/125231 qeydiyyat nömrəli, 834 saylı kitabın 125231-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən tam mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilini 02 dekabr 2014-cü il tarixdə 105.000 manata X1, xx.xx.2015ci il tarixədək qeydiyyatdan çıxacağını öhdəsinə götürmüşdür. Həmin pulla 29 dekabr 2014-cü il tarixdə satıcı X5 adlı şəxsdən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilini satın almışdır. Hər iki alğı-satqı müqaviləsi 3 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda rəsmiləşdirilmişdir. X8 qeyri-rəsmi olaraq birgə yaşadığı Cavabdeh niyyətinin onunla birgə yaşamaq deyil, halal pulu ilə alınmış əmlakına yiyələnmək olduğunu başa düşdüyündən aralarındakı münasibətləri pisləşmişdir. Həmin mənzili xx.xx.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasən bacısı İddiaçı bağışlamışdır. Həmin vaxtdan bu günə kimi mənzilin mülkiyyətçisi İddiaçıdır. Belə ki, xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzili mülkiyyət hüququna əsasən İddiaçı məxsusdur. Cavabdeh İddiaçı və digərlərinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsünə dair iddia ərizələri ilə müxtəlif vaxtlarda məhkəməyə müraciət etmiş, lakin iddia ərizələri təmin edilməmişdir. Həmçinin tərəflər arasında bundan əvvəlki məhhkəmə münasibətlərinə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, əvvəlki mənzilin, eləcə də, hazırda mübahisələndirilən mənzilin alınmasında rəsmi nikahı belə olmayan cavabdehin heç bir iştirakı olmamaşdır. İddiaçı bundan əvvəl 3.000 manat məbləğində kompensasiya ödəməklə cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin məhkəmələr bu məbləği məqbul hesab etməmişlər. Qeyd edildiyi kimi, tərəflər arasında müxtərif tələblər üzrə məhkəmə çəkişmələri olmuş, məhkəmə mübahisəsi Ali Məhkəməyə qədər davam etdirilmişdir. Məhkəmələrin yekun nəticəsi cavabdehin həmin mənzildən sadəcə istifadə hüququnun tanınması olmuşdur. Digər tərəfdən məhkəmələrin gəldiyi yekun mövqedə həmin istifadə hüququna yalnız 15.000 manat məbləğində kompensasiya ödənişi qarşılığında xitam verilə biləcəyi əks olunmuşdur. Hazırda isə cavabdeh iddiaçıya məxsus olan evdə öz azyaşlı övladı ilə birlikdə yaşasa da, evin mülkiyyətçisi öz əmlakından heç bir formada istifadə edə bilmir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiklərini bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında öz izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının təklif etdiyi kompensasiya məbləği ilə razılaşmadığını bildirdi. Bundan başqa hesab edir ki, iddiaçı tərəfindən yalnız 50.000 manat məbləğində kompensasiya ödənilməklə övladı ilə birlikdə istifadə hüququna xitam verilə bilər. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2023-cü il tarixli 2(102)-1751/2023 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməsi yolu ilə istifadə hüquqlarına xitam verilmə, mənzildən çıxarılma» tələbinə dair iddiası Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(002)-1638/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-149/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(002)- 1638/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən həmin şikayət təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 sentyabr 2022-ci il tarixli, 2(103)-149/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş aktından göründüyü kimi, Cavabdeh ilə X6 faktiki nikah münasibətlərində olmuş, onların faktiki nikah münasibətlərindən 05 iyul 2014cü il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsində yerləşən 3 saylı evin 26 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən 10 yanvar 2015-ci il tarixli çıxarışa əsasən X3 mülkiyyətində olmuşdur. 09 aprel 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X6 mübahisəli mənzili bacısı İddiaçı bağışlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 12 aprel 2017-ci il tarixli çıxarışa əsasən həmin mənzil İddiaçı mülkiyyətindədir. Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli 2(002)-818/2017 saylı qiyabi qətnaməsi ilə X3 Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostuq küçəsi 3 saylı evin 26 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2(002)-818/2017 saylı qətnaməsi ilə X3 Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(103)-3318/2018 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 fevral 2017-ci il tarixli, 2(002)- 818/2017 saylı qiyabi qətnaməsinin icrasına dönüş edilmiş, Cavabdeh mübahisəli mənzili istifadə hüququ və qeydiyyatı bərpa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan məhkəmə aktları ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi rəyə görə, mübahisəli mənzilin 19 sentyabr 2022-ci il tarixə aylıq kirayə haqqı 400-450 manat, cavabdeh tərəfin təqdim etdiyi rəyə görə isə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində Leninqrad layihəli 3 otaqlı mənzilin 18 oktyabr 2023-cü il tarixdə aylıq kirayə haqqı 400-450 manat, mənzilin dəyəri isə 100.000-110.000 manat təşkil edir. Məhkəmə tərəfindən 11 oktyabr 2023-cü il tarixdə "xxxx" MMC-yə sorğu verilmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi üçün Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilinin qiymətləndirilməsi aparılmış və müəyyən edilmişdir ki, həmin mənzilə oxşar ərazidə və şəraitdə olan mənzilin aylıq kirayə haqqı əşyasız 200 manat, əşyalı 300 manat, mənzilin vizual orta bazar qiyməti 75.000-80.000 manat təşkil edir. Təqdim edilmiş hesabata görə ödənilməli xərc 250 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 158.1.2-ci maddəsinin tələbinə görə, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu «şərti və qeyri-sabit» xarakterli edir. Məhkəmə həmçinin nəzərə alır ki, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarında həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Məhkəmə son olaraq vurğulayır ki, bu qəbildən olan işlər üzrə istər mülkiyyətçilər, istərsə də, istifadə hüququna xitam verilməsi tələb edilən şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsi təmin edilməli, təyin edilən, yaxud təklif edilən kompensasiya məbləği işin həqiqi hallarına uyğun olmalıdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzilin yerləşdiyi ərazidə oxşar şəraitli mənzillərin aylıq kirayə haqları həmin yaşayış sahəsinin yerindən (yol infrastrukturuna yaxınlığı, yaxınlıqda dükan, bazar, məktəb, bağça, xəstəxana və bu tip sosial, təhsil, səhiyyə və iaşə obyektlərinin yerləşməsi, binanın mərtəbəsi, günçıxan yaxud günbatan tərəfə baxması, mənzərə görünüşlərini izləməyə imkan verib verməməsi), təmirindən və şəraitindən (yeni tikilidə yerləşib yerləşməməsi, otaqların genişliyi, otaqların planlaşdırılması, yaşayış sahəsinin hər bir yerindən rahat istifadə etmək imkanının olub-olmaması və s.) asılı olaraq 250-450 manat arasında dəyişir. Cavabdehin əvvəlki şəraitə oxşar mənzildə 3 il ərzində normal şəraitdə yaşaması üçün hər ay 450 manat kirayə haqqı ödəməsi şərti ilə yaşamalı olmasını nəzərə aldıqda, görünür ki, riyazi hesablamaya görə bu dövr ərzində ödənilməli kirayə haqqının ümumi məbləği 16.200 manat təşkil edir. Lakin məhkəmə obyektivliyi və ədaləti tam bərqərar etmək üçün işin nəzərə alınmalı bütün diqqətə layiq halları araşdırmalıdır. Birincisi – kirayə haqlarının sabit olmaması, vaxtaşırı olaraq bahalaşması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Məhkəmə nəzərə alır ki, 3 il ərzində kirayə haqqı məbləğinin eyni səviyyədə qalacağına zəmanət yoxdur. Cavabdehin hər hansı mənzil sahibi ilə uzunmüddətli və kirayə haqqı sabit şəkildə qeyd olunan (fiksasiya edilmiş) icarə müqaviləsi bağlamaq imkanının olub-olmayacağı da bəlli deyil. Mənzil sahibləri adətən bu cür müqavilələri ümumiyyətlə bağlamırlar, bağlayan şəxslər də müqavilə müddətini ən yaxşı halda 1 illik qeyd edirlər. Müqavilədə də kirayə haqqının qaldırıla bilməsi üçün özlərinə münbit şərtlər əlavə etməyə meyilli olurlar. İkincisi və ən əsası, cavabdeh tək fərd deyil, yanında və himayəsində azyaşlı uşağı var. Cavabdehə kompensasiya məbləği təklif edilərkən işin qeyd edilən halına xüsusi diqqət yetirilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları həm tərəflərə barışıq əldə etmələri üçün, həmçinin diqqət yetirilməli məqamları nəzərə çatdırmaq üçün iddiaçıya və cavabdehə məhkəmə iclası zalında bildirmişdir. İddiaçıya işin halları nəzərə alınaraq 20.000 manat kompensasiya məbləği təklif etməsinin daha qənaətbəxş olması bildirilmişdir. İddiaçı yuxarıda qeyd olunan halların hər birinə diqqətlə yanaşaraq, xüsusi mülkiyyətində olan mənzilində yaşamaq, eləcə də rahat yaşamaq istədiyini, cavabdehə və azyaşlı uşağa münasibətdə qərəzliliyi olmadığını məhkəmənin nəzərinə çatdırmış və 20.000 manat kompensasiya məbləği ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı iddiaçı sərbəst iradə ifadəsi ilə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi həmin ərizə iş materiallarına əlavə olunmuşdur və iş üzrə təkcə prosessual qanunvericiliyə riayət edilməsi baxımından deyil, baxılan mübahisə insan taleləri ilə bağlı olduğundan tərəflərin hər birinə münasibətdə obyektivliyin təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqlarına Cavabdeh 20.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməli, Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X7 həmin mənzildən çıxarılmalı, İddiaçı həmin mənzilə köçürülməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. 250 manat xərc İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Dostluq küçəsi 3 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqlarına Cavabdeh 20.000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh və övladı xx.xx.2014-cü il təvəllüdlü X7 həmin mənzildən çıxarılsın. İddiaçı həmin mənzilə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 250 manat xərc İddiaçı tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar