Məhkəmə qərarları › İş №e-2(002)-2713/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2713/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2713/2025 20.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaraq 4.944,72 manat pul vəsaiti və 70 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 20.35 radələrində Bakı şəhəri Zabrat qəsəbəsi ərazisində Cavabdeh tərəfindən idarə edilən və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Daewoo BH 117» markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobil «Mercedes Benz GLA 180» markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5155521 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş qüsur aktında göstərilmişdir ki, «Mercedes Benz GLA 180» markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 9.044,80 manat təşkil edir. «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə»də üçüncü şəxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5.000 manat təşkil edir və həmin məbləğ zərər çəkilmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA134210/23 saylı sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə proporsionallıq nəzərə alınmaqla 4.944,72 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli PXA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, X1 məxsus olan «Daewoo BH 117» markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtobus avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Təminat müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə etmişdir. xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və xx.xx.2022-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi «Daewoo BH 117» markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtobusla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə «Mercedes Benz GLA 180» markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və maddi zərər vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, 100 manat inzibati cərimə növündə tənbeh olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli AA040382 nömrəli aktdan görünür ki, «Mercedes Benz GLA 180» markalı ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsinə 9.044,80 manat pul vəsaiti tələb olunur. xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş A-AS-336/22 saylı sığorta aktından və xx.xx.2023-cü il tarixli 2333 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərər çəkmiş şəxsə 4.944,72 manat məbləğində sığorta ödənişi edilmişdir. Göründüyü kimi, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq zərər çəkənə 9.044,80 manat zərər vurulmuş, iddiaçı "xxxx" ASC tərəfindən 4.944,72 manat sığorta ödənişi edilmiş və cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. xx.xx.2023-cü il tarixli 05/01-521 saylı pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən 4.944,72 manat sığorta ödənişini subroqasiya qaydasında tələb edərək, müvafiq hesaba köçürülməsini tələb etmiş, əks təqdirdə məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə cavabdehi xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.944,72 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.944,72 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar