Məhkəmə qərarları › İş №e-2(002)-2822/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2822/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2822/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əldən çıxmış fayda olaraq 2.224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5.462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X1 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2.186 manat cərimə olmaqla, ümumilikdə 10.319 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC («Satıcı») və Cavabdeh («Alıcı») arasında avtomobil alğı-satqısına dair xx.xx.2023-cü il tarixli B-007- AAE-23 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı dəyəri ƏDV daxil 73.234 manat müəyyən edilən «Changan Uni-T» markalı, buraxılış ili 2022 olan (VİN: LS5A3DKE5PA996635, rəngi tünd boz metal) avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh 6.514 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66.720 manat məbləği isə xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə, ayda 1.112 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmiş (sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur), bununla bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi və cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-007-AAE-23 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Müqavilə predmeti olan **-AK-*** dövlət qeydiyyat nişanlı «Changan Uni-T» markalı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə həm əldən çıxmış fayda olaraq 2.224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5.462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X1 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2.186 manat cərimə olmaqla ümumilikdə 10.319 manat zərər dəymişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş və dəfələrlə şifahi müraciətlər edilmişdir. Lakin, edilən müraciətlərə cavabdeh tərəfindən heç bir məhəl qoyulmamış, zərərin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Nəticə etibarı ilə, hazırkı mübahisəli məsələnin həll edilməsi məqsədi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli B-007-AAE-23 saylı müqavilənin 3.2.2, 3.2.5, 3.2.6 və 3.2.7-ci bəndlərinə əsasən, müqavilə bağlandığı tarixdən etibarən alıcı müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilə üzrə ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu təqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malikdir. Alıcı bundan imtina etdiyi təqdirdə, satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən alıcı nəqliyyat vasitəsinin dəyərini hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan 2.1-ci bəndinə uyğun olaraq satıcıya ödəməlidir. Gecikdirilən hər gün üçün alıcı satıcıya müqavilənin aylıq ödənişinin 1 (bir) faizi həcmində cərimə (dəbbə pulu) ödəyəcəkdir. Öncəki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlər toplusundan görünür ki: 1) İddiaçı MMC və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli B-007-AAE-23 saylı alğı-satqı müqaviləsi (mahiyyət etibarı ilə nisyə alğı-satqı müqaviləsi) bağlanmışdır. 2) Müqaviləyə əsasən satıcı olan MMC dəyəri ƏDV daxil 73.234 manat müəyyən edilən «Changan Uni-T» markalı, buraxılış ili 2022 olan (VİN: LS5A3DKE5PA996635, rəngi tünd boz metal) avtonəqliyyat vasitəsini alıcının istifadəsinə vermişdir. 3) Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı olan Cavabdeh 6.514 manat ilkin ödəniş etmiş, qalıq borc sayılacaq 66.720 manat məbləği isə xx.xx.2023-cü il tarixdən etibarən 60 ay müddətinə, ayda 1.112 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. 4) Yuxarıda qeyd edildiyi kimi, satıcı tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilmiş, nəqliyyat vasitəsi alıcıya qüsursuz şəkildə təhvil verilmişdir (17 yanvar 2023cü il tarixli təhvil-təslim aktı satıcı tərəfindən Əhmədzadə Elmir, eləcə də alıcı Cavabdeh tərəfindən imzalanmışdır). 5) Cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında icra edilməmişdir. Belə ki, sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə olmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərilmiş, lakin bu da heç bir nəticə vermədiyi üçün, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2023-cü il tarixli B-007- AAE-23 saylı müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. 6) Müqavilə predmeti olan **-AK-*** dövlət qeydiyyat nişanlı «Changan Uni-T» markalı avtomobil xx.xx.2024-cü il tarixdə iddiaçıya geri qaytarılmışdır. 7) Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərini əhəmiyyəli dərəcədə pozması nəticəsində İddiaçı MMC-yə həm əldən çıxmış fayda olaraq 2.224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5.462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X1 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2.186 manat cərimə olmaqla ümumilikdə 10.319 manat zərər dəymişdir (müvafiq sənədlər, o cümlədən törədilmiş inzibati xətalar, həmin xətalar üzrə tətbiq edilən cərimələr və dəbbə puluna dair müfəssəl siyahı iddia ərizəsinə əlavə olunmuşdur). 8) İddiaçıya dəymiş zərərin ödənilməsi tələbi ilə İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərilmiş, bundan başqa dəfələrlə şifahi şəkildə müraciət olunmuşdur (pretenziya MMC-nin direktoru tərəfindən imzalanmış, müvafiq qaydada möhürlənmiş, iki vərəqdən ibarət pretenziya cavabdehin ünvanına göndərilmişdir. Pretenziya kifayət qədər geniş, ətraflı və aydın şəkildə tərtib olunmuşdur). 9) İddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi cəhdlərinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməmiş, eləcə də vurulmuş zərər ödənilməmişdir. Bu səbəbdən, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 10) Təqdim edilmiş ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 121 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 328.1-ci maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Toplanmış və tədqiq edilmiş sübutların məcmusundan göründüyü kimi, cavabdeh iddiaçı qarşısında götürdüyü müqavilə öhdəliklərini icra etməməklə yanaşı, iddiaçıya maddi ziyan vurmuşdur. Vurulmuş maddi ziyan - avtomobilin məsuliyyətsiz şəkildə istismarından sonra servisdə təmir edilməsi xərclərindən, eləcə də, cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tətbiq edilmiş cərimələrdən (iddiaçı tərəfindən ödənilmişdir) ibarətdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əldən çıxmış fayda olaraq 2.224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5.462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X1 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2.186 manat cərimə olmaqla, ümumilikdə 10.319 manat pul vəsaiti və ödənilmiş 121 manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əldən çıxmış fayda olaraq 2.224 manat əsas borc, 447 manat cərimə və real zərər olaraq avtomobil cavabdehin istifadəsindən geri alındıqdan sonra nəqliyyat vasitəsinin təmir (servis) xərcləri 5.462 manat, həmçinin avtomobil cavabdehin istifadəsində olan zaman X1 tərəfindən tətbiq edilmiş və iddiaçı tərəfindən ödənilmiş 2.186 manat cərimə olmaqla, ümumilikdə 10.319 manat pul vəsaiti və ödənilmiş 121 manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar