Məhkəmə qərarları › İş №e-2(002)-3007/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3007/2023

24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3007/2023 24.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «icra ödənişi və icra hərəkətləri ilə əlaqədar çəkilən hərrac xərci üzrə pulun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «icra ödənişi və icra hərəkətləri ilə əlaqədar çəkilən hərrac xərci üzrə pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 4.908,75 manat məbləğində icra ödənişi, 3.506 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 104,15 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1018/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı ipoteka krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2018ci il tarixli 243493-1-31050 saylı ipoteka krediti müqaviləsi üzrə 83.207,19 manat məbləğində əsas borc, 3.808,11 manat faiz olmaqla, cəmi 87.015,30 manat məbləğində pul vəsaitlərinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ünvan 1 ünvanda 0,02503 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 233,3 m2, köməkçi sahəsi 42,3 m2 olan 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 87.015,30 manat məbləğdə ödənişin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdehə məxsus ev hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC vasitəsi ilə açıq hərraca çıxarılmış və hərracın yekunu olaraq, ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC-nin xx.xx.2021-ci il tarixli 68 saylı hesab fakturasına əsasən evin açıq hərracdan satılması ilə əlaqədar 3.506 manat məbləğində xərc nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqları və İddiaçı ASC tərəfindən «X1 Mərkəzi» MMC-nin hesabına hesab-fakturaya əsasən hərrac xidmətinin dəyəri olaraq 3.506 manat ödənilmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixli digər ödəniş tapşırığı ilə məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X2 hesabına 4.908,75 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 3.506 manat məbləğində hərracın keçirilməsi xərci və 4.908,75 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkəti (hərəkətləri) ilə əlaqədar çəkilən hərrac xərci (xərcləri) borclu tərəfindən ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2, 78.1, 79.1, 79.2.1, 81.1, Mülki Məcəllənin 319.5-ci maddəsinə istinad edilərək bildirilmişdir ki, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərclərinin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 443.2, 445.1, 448.1, 21.1-ci maddələrinə istinadən bildirilmişdir ki, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericilikdə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticsində, tələbkar İddiaçı ASC-nin çəkilən xərcləri Cavabdeh tələb etmək hüququ yaranmışdır. Analoji işlər üzrə məhkəmələr tərəfindən iddianın təmin olunması barədə müxtəlif tarixli və saylı qətnamələr qəbul edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək, iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasına üzürlü səbəblərdən gələ bilmədiyini qeyd etmiş və mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi xronologiya üzrə tərəflər arasında olan mübahisəyə məhkəmə qaydasında baxılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1018/2021 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «ipoteka krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə tutma yönəldilməsi» tələbinə dair iddiası təmin edilərək, tələb üzrə tutma ünvan 1 ünvanda 0,02503 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 233,3 m2, köməkçi sahəsi 42,3 m2 olan 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinə yönəldilmiş, həmin hərrac açıq hərracdan satılmış, iddiaçı tərəfindən hərrac təşkilatçısı «X1 Mərkəzi» MMC-nin təqdim etdiyi hesab fakturaya əsasən evin açıq hərracdan satılması ilə əlaqədar 3.506 manat məbləğində xərc müvafiq hesaba ödənilmiş, eləcə də, iddiaçı tərəfindən X2 hesabına 4.908,75 manat məbləğində icra ödənişi həyata keçirilmişdir. Ödəniş tapşırıqlarından göründüyü kimi, iddiaçının ödədiyi əlavə xərclər 3.506 manat məbləğində hərracın keçirilməsi xərci və 4.908,75 manat məbləğində icra ödənişi xərci olmaqla, cəmi 8.414,75 manat təşkil edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən hərrac «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanun normalarından göründüyü kimi, hərracla bağlı xərclər və icra ödənişləri ipoteka predmetinin mülkiyyətçisindən (borcludan) tutulmalıdır. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, həmin ödənişlər iddiaçı tərəfindən ödənilmişdir. Bu səbəbdən, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 104,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4.908,75 manat məbləğində icra ödənişi, 3.506 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və ödənilmiş 104,15 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4.908,75 manat məbləğində icra ödənişi, 3.506 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və ödənilmiş 104,15 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar