Məhkəmə qərarları › İş №e-2(002)-32/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-32/2025

06.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-32/2025 06.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçı mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli xx/xx-2061 saylı məktubuna əsasən, İddiaçı qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyət Başçısının xx.xx.2017-ci il tarixli 314 №-li sərəncamına əsasən, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C saylı ünvanda vət. İddiaçı tərəfindən tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasına bitişik əlavə tikiliyə dair tərtib olunmuş şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyət Başçısının xx.xx.2017-ci il tarixli 520 №-li sərəncamına əsasən, vət. İddiaçı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6cı maddələrini və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 18/03-8/1377 saylı razılıq məktubunu nəzərə alaraq: Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C saylı ünvanda qeyri-yaşayış binasına bitişik əlavə tikinin aparılması üçün vət. İddiaçı icazə verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında, 0.15898 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 493,3 m2 olan, 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı adına xx.xx.2015-ci il tarixdə dövlət reyetrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinin **********27-06301 nömrəli xx.xx.2015-ci il tarixli Texniki Pasportu işə əlavə edilmiş, həmin sənədlərdə torpaq sahəsinin planı, obyektin, əlavə tikililərin, həyət tikililəri və qurğuların texniki təsviri və vəziyyəti əks etdirilmişdir.

2. ünvan 2 sahə isə cavabdeh xüsusi mülkiyyətindədir. Belə ki, Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışa əsasən, həmin ünvanda yerləşən 0,03 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ Cavabdeh adına xx.xx.2015-ci il tarixdə dövlət reyetrində qeydə alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş əmlak məlumatlarına əsasən, həmin çıxarış qüvvədədir.

İddia tələbi

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında yerləşən Qeyri – yaşayış binasının sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş və hazırda istifadədə olan pilləkanların cavabdehin hesabına sökülməsi, həmin giriş hissəyə daş hasarın çəkilməsi (hörülməsi) və cavabdehə məxsus olan obyekin əvvəlki vəziyyətinə qaytarılması və iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və vəkilin hüquqi yardımından istifadə üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb İddiaçı verilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında yerləşən Qeyri–yaşayış binası (inzibati bina) ilə xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* №-li mülkiyyət çıxarışı ilə tam mülkiyyət hüququ ilə məxsusdur. Ona məxsus həmin Qeyri–yaşayış binasına (inzibati binaya) bitişik Cavabdeh məxsus olan və sonradan tikilmiş Qeyri–yaşayış binası yerləşir. Cavabdeh tərəfindən ondan heç bir razılıq almadan qanunsuz olaraq özünə məxsus olan Qeyri–yaşayış binasının arxa tərəfindən onun torpaq sahəsinə düşən hissədə özünə giriş üçün pilləkənlər və pəncərələr qoymuşdur. Məlumat üçün bildirir ki, həmin hissə onun Qeyri–yaşayış binasının arxa tərəfinə düşür, cavabdeh Qeyri– yaşayış binasının qabaq giriş hissəsini bağlayaraq ora, yolun səkisinə generator qoyaraq özünə aid olan hissədən istifadə etməyərək əksinə heç bir razılıq almadan qanunsuz olaraq onun Qeyri–yaşayış binasına məxsus olan həyətyanı sahəsindən qanunsuz olaraq (heç bir hüquq müəyyən edici sənədləri olmadan) istifadə etməklə mülkiyyət hüquqlarımı pozmaqda davam edir. Cavabdeh dəfələrlə qanunsuz zəbt etdiyi ərazini tərk etməsini, qanunsuz tikdiyi pilləkanların sökülməsini və özünə aid olan hissədə inşa etməsini xahiş etsəm də, O, buna məhəl qoymayaraq tikmiş olduğu pilləkanlardan istifadə etməyi davam etməkdədir. Qeyri–yaşayış binasının həyətyanı sahəsi qanuzsuz olaraq uzun müddət cavabdeh tərəfindən zəbt olunduğundan heç bir tikinti edə bilməmiş, aldığı tikinti materialları da naməlum şəxslər tərəfindən oğurlanmışdır. Cavabdehin ona məxsus Qeyri – yaşayış binasının həyətyanı sahəsini qanunsuz zəbt etməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan torpaq sahəsi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehin onun mülkiyyətində olan Qeyri–yaşayış binasının həyətyanı sahəsində qanunsuz tikmiş pilləkanlar sökülməli həmin hissədə daş hasar çəkilməli (hörülməli) və tikili əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5, 228, 228.5, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddələrinə, istinad etmişdir.

7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə baxış iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, ekspert rəyi və mütəxəssi rəyi ilə razıdırlar, cavabdeh özü üçün orada yol açaraq pilləkən tikib, oranın əvvəlki vəziyyəti daş hörgü olub, həmin vəziyyətə qaytarılmasını xahiş edir. Cavabdehin öz obyektinin əks tərəfindən başqa qapısı var, buna baxmayaraq, iddiaçıya məxsus sahədə pilləkən inşa etmişdir. Göstərilənlərə əsasən, iddianın tam təmin edilməklə,pilləkənlərin sökülməsini və açılmış qapının daş hasarla bağlanmasının cavabdehə həvalə olunmasını xahiş edir.

9. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər

11. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun: 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

12. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 238.2-ci maddəsinə əsasən, əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

15. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

b) Əsaslandırma

16. İddia əsaslıdır.

17. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında tələbin obyekti qismində çıxış edən qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir.

18. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında yerləşən qeyri–yaşayış binasına məxsus sahədə Cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyini bildirərək, pilləkənlərin sökülməsini və yerinin daş hasarla hörülməsini xahiş edir.

19. Qeyd edilən pilləkənlər ünvan 2 ünvanda yerləşən obyektin pilləkənləridir və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətinədir (dövlət reyestrindən çıxarış Cavabdeh adına qüvvədədir).

20. Məhkəmə tərəfindən iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən müdaxil edilibedilməməsinin müəyyən edilməsi, pilləkənlərin iddiaçıya məxsus sahədə inşa edilib-edilməməsi məsələlərinin müəyyən edilməsi məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir.

21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-47640/2024-**********40 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan **********27-06301 reyestr nömrəli 0.15898 ha torpaq sahəsinin 1.6 kv.m hissəsini qonşusu olan Cavabdeh ticarət obyetkinin girişi kimi istifadə etdiyi müəyyən olundu. Pilləkan sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikilmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/4866 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Qəraradadın 1-ci və 4-cü sualları üzrə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, baxış zamanı İddiaçı mülkiyyətində olan **********27-06301 reyestr nömrəli 0.15898 ha torpaq sahəsinin 1.6 kv.m hissəsini qonşusu olan cavabdeh Qasımov Seyfǝdin Yaqub oğlu ticarət obyektinin girişi kimi istifadə etdiyi müəyyən olundu. Pilləkən sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikilmişir. Qəraradadın 5-ci sualı üzrə, Cavabdeh aid Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2D ünvanda yerləşən qeyri-yaşayış binasının faktiki qapı ilə üzbəüz dayandıqda sol divarında pəncərə boşluqlarının mövcud olduğunu, həmin boşluqların eni 1,8 metr olan səkiyə açıldığını nəzərə alaraq, tikilinin layihəsi hazırlandıqdan və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra qapının faktiki yerindən bağlanaraq digər hissədən açılması mümkündür.

23. Göründüyü kimi, cavabdehə məxsus sahədə tikilmiş qeyri-yaşayış sahəsinin pilləkənlərinin iddiaçının mülkiyyətində olan 0.15898 ha torpaq sahəsinin 1.6 kv.m hissəsində inşa edilməsi və həmin hissənin iddiaçının qonşusu olan Cavabdeh ticarət obyetkinin girişi kimi istifadə etdiyi məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur.

24. İşin göstərilən faktiki hallarına mülki qanunvericiliyin müvafiq normalarını tətbiq edən məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi neqator iddia olmaqla, tələbin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir.

25. Belə ki, neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir.

26. Neqator iddianın predmeti onun elementlərindən biridir. İddiaçının məhkəmədən baxılması və həll olunmasını xahiş etdiyi maddi-hüquqi tələb bu iddianın predmetini təşkil edir. Həmin tələb isə sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılmasından ibarətdir.

27. Neqator iddiasının əsası dedikdə, iddiaçı tərfindən məhkəməyə verilən tələbin əsaslandığı hallar başa düşülür. Bu hallar özündə iki əsas cəhəti əhatə edir: iddiaçının əşyadan istifadə və onun barəsində sərəncam vermək səlahiyyətini şərtləndirən hallar; üçüncü şəxsin bu səlahiyyətlərin həyata keçirilməsinə mane olan hərəkətlərini təsdiq edən hallar. İddiaçı bu iki halı əsaslandırmağa borcludur. Lakin iddiaçı cavabdehin etdiyi hərəkətin hüquqazidd olub-olmadığını sübut etməyə və əsaslandırmağa borclu deyil. Bu halın müəyyən edilməsi iddianın əsasına daxil deyil. Ehtimal olunur ki, cavabdeh öz hərəkətini hüquqauyğun olmasını sübut edənə kimi, onun hərəkəti hüquqazidd sayılır.

28. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması baş vermişdir, iddiaçının negator iddiası əsaslıdır və Mülki Məcəllənin 157.4-cü maddəsinin tələbinə əsasən, mülkiyyətçi, əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilən mülkiyyətə qəsd və ya başqa maneələrə son qoymağı qəsd edəndən məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən qətnamənin icra qaydası və müddəti müəyyən edilməli və onun icrasının təmin edilməsi üçün qətnamənin nəticə hissəsində 3 ay müddətində icra olunması barədə göstəriş qeyd olunmalıdır. Məhkəmə xərcləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

30. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuş və iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə iddia tələbinin vəkilə çəkilən xərclərə görə 300 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzə əsasən, İddiaçı 3 saylı vəkil bürosuna hüquqi yardım göstərilməsi üçün 300.00 manat ödəniş etmişdir.

32. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsində vəkilə göstərdiyi hüquqi yardıma görə xərclərin ödənilməsi təsbit edilsə də, vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipinin konkret meyarları müəyyən edilməmişdir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilməli və konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, vəkillərin sayı, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər.

33. Məhkəmə hazırkı mülki iş üzrə iddiaçıya hüquqi xidmət göstərən vəkilin çoxsaylı məhkəmə iclaslarında iştirak etməsini, tələb olunan bütün sübutların iddia ərisəzinə əlavə edilməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə də, təmin edilməli, göstərilən hüquqi yardıma görə Cavabdeh İddiaçı xeyrinə 300 manat məbləğində pul tutulmalıdır.

34. Göstərilənlərdən əlavə məhkəmə ekspertiza xərci ilə bağlı qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəfin tələbin təmin edilmiş hissəsinə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə

35. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş və hazırda istifadədə olan pilləkənlərin cavabdehin hesabına sökülməli, həmin giriş hissəyə daş hasar çəkilməli və cavabdehə məxsus olan obyetk əvvəlki vəziyyətinə qaytarılmalı; göstərilən hərəkətlərin icrası üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən üç ay müddət müəyyən edilməli; vəkilin hüquqi yardımından istifadə üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilməli; ekspertiza xərci 100 manat cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

36. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh hesabına, İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 2-ci küçə, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının sahəsində qanunsuz tikilmiş və hazırda istifadədə olan pilləkənlər sökülsün, həmin giriş hissəyə daş hasar çəkilsin və iddiaçıya məxsus olan obyekt əvvəlki vəziyyətinə qaytarılsın; həmin hissədə qətnamənin icrası üçün bu qətnamənin qüvvəyə mindiyi gündən 3 (üç) ay müddət müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və 300 manat hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məsrəf Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar