Məhkəmə qərarları › İş №e-2(002)-3243/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3243/2025

14.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3243/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 645 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar ödənilən 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü ildə Qaradağ rayonunda Cavabdeh2 Rəfael oğluna məxsus, iddiaçı tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış, “Mitsubishi Lancer minik” markalı, **-LF- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C200 CDİ minik” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYP əməkdaşı tərəfindən tərtib olunan TP5966992 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 İXM-nin 327.2, 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib edilmiş qüsur aktında göstərilmişdir ki, “Mercedes Benz C200 CDİ minik” markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 645 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya əsasən "xxxx" ASC-nin hesabından "xxxx" ASC-nin hesabına sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar, "xxxx" ASC tərəfindən sığorta aktı tərtib edilməklə dəymiş zərərə görə 645 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı hesab edir ki, hadisə zamanı Cavabdeh1 etibarnaməsi və bununla da avtomobili idarə etmək hüququ olmadığından, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən, ona qarşı subroqasiya hüququ yaranmışdır, digər cavabdeh isə avtonəqliyyat vasitəsinin sahibi kimi mülki məsuliyyət daşıyır. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə etiraz etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, hadisə vaxtı onun sürücülük hüququ olmuşdur, sığorta şirkəti onu əsassız olaraq sürücülük hüququnun olmamasında ittiham edir, halbuki həmin vaxt sürücülük vəsiqəsi üzərində olmuş, sadəcə olaraq avtomobil qardaşına məxsus olduğundan həmin gün etibarnaməsi olmamışdır, iddia tələbinin əsassız hesab olunaraq rədd edilməsini xahiş edir. Digər Cavabdeh2 Rəfael oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, iş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Lancer minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki “Mitsubishi Lancer minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarında olan AD030063 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2014-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan BB146104 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan etibarnamə barədə məlumatın surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan “Mitsubishi Lancer minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək Cavabdeh1 etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2023cü il tarixli qərarın surətindən görünür ki, “Mitsubishi Lancer minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.2-ci (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın və xx.xx.2023-cü il tarixli sığorta aktının surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi zamanı zərərçəkən şəxsin avtomobilinə dəymiş ziyana görə 645 manat sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, “Mitsubishi Lancer minik” markalı, **-LF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı icbari sığorta üzrə müqavilə qüvvədə olmuş və həmin avtomobilin sürücüsü Cavabdeh1 sürücülük vəsiqəsinə malik olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçı sığorta təşkilatı cavabdehin etibarnaməsinin olmadığını əsas gətirərək onu icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı istismar etməyə hüququ olmayan şəxs kimi qiymətləndirməkdə haqlı olmamış və göstərilən halda subroqasiya hüququ yaranmadığı halda ona qarşı əsassız iddia qaldırmışdır. Bundan əlavə, sığorta şirkəti, avtonəqliyyat vasitəsinin sahibi olan digər cavabdehin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini müvafiq sığorta haqqı müqabilində özünün sığortaladığını nəzərə almadan, həmin cavabdehin mülki məsuliyyət daşıdığını əsas gətirərək ona qarşı sığortanın mahiyyətinə (sığorta anlayışına) zidd olan iddia tələbi irəli sürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən, sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” 24 iyul 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbinin müvafiq qanunvericilikdən aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Qərarda qeyd olunmuşdur ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir. Mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınar əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar