Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3280/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair sadaələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış630 (altı yüz otuz) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 14 saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinin 1.1-ci bəndinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan S pesifikasiya aktında adları qeyd olunan malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq cavabdehin sifarişi ilə müəyyən olunan mallar vaxtında və tam şəkildə ona təhvil verilmişdir. Alqısatqı münasibətlərinin yekununda Cavabdeh və İddiaçı MMC-nin səlahiyyətli nümayəndələrinin iştirakı ilə “üzləşdirmə aktı” tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli “üzləşdirmə aktı”na əsasən, cavabdehin İddiaçı MMC-ə 630 (alı yüz otuz) manat məbləğində qalıq borcunun olduğu tərəflərin imzası ilə təsdiq edilmişdir. Müqavilənin 8.1-ci maddəsinə uyğun olaraq məsələni həll etmək məqsədilə dəfələrlə tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilmiş lakin müqavilə üzrə öhdəliklər icra olunmamışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, öz izahatında cavabdehin VÖEN olsa da, onunla müqavilə bağlandığı vaxt VÖEN olmadığını, fəaliyyətinin dayandırdığını, hətta bununla bağlı sənədlərdə də mağazanın bağlandığı qeyd olunduğunu, ona görə də bu işlə bağlı müvafiq kommersiya məhkəməsinə mürcaiət olunmadığını, cavabdeh borc barədə məlumatlı olduğunu, üzləşdirmə aktı tərtib edildiyindən, maliyyə arayışın tərtib edilmədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiqi edilmiş sənədlər: xx.xx.2018-ci il tarixli, 14 nömrəli müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli üzləşdirmə aktının məzmunundan görünür ki,Cavabdeh İddiaçı MMC-yə xx.xx.2020-ci il tarixli qarşılıqlı borclar üzrə yoxlamaya əsasən 630 manat ödənilməmiş borcu mövcuddur, Cavabdeh tərəfindən həmin akt imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli alğı-satqı müqavilələri bağlanılmışdır.Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malları təhvil alaraq, dəyərini ödənişlər etməklə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, alqı-satqı müqavilələrinin predmeti olan malları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilələr üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malın dəyərini hissəhissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malların dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilələr üzrə borc öhdəliyi və buna görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin müqavilə üzrə qalıq borcunun məbləği 630 manat təşkil edir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, müqavilə üzrə yaranmış borcun aşkar olduğunu nəzərə alaraq, hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddiaçı tərəfindən müqavilə üzrə hesablanmış əsas borcu nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 630 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış 630 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-3280/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3280/2022
19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver