Məhkəmə qərarları › İş №e-2(002)-3333/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3333/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3333/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 05/24-24 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh iddiçının xeyrinə 3554,49 manat məbləğində borcun, 300,00 manat cərimənin, 58,55 manat məbləğində dövlət rüsumunun, cəmi 3913,04 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC-nin Bərdə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli 05/24-24 saylı alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu, Məmmədli kəndi ərazisində 7,00 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 4133,80 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 66,00 manat məbləğində çöp doğrama, 700,00 manat məbləğində şum, 286,00 manat məbləğində rotasion mala, 160,00 manat məbləğində mala çəkmə, 187,00 manat məbləğində çiyid səpini, 270,00 manat məbləğində kultivasiya, 51,58,55 manat məbləğində gübrə kultivasiya, 131,20 manat məbləğində dərman səpini, 140,00 manat məbləğində tirə vurma, 700,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avansvəsait, 112,00 manat məbləğində dərman, 1330,58,55 manat məbləğində lifsiz çiyid, ümumilikdə, 4133,80 manat dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh”müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 724,14 kq, 579,31 manat məbləğində xam-pambıq təhvil vermiş, çəkilmiş xərcdən bu günədək iddiaçıya 3554,49 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq “Cavabdeh” “İddiaçı’ya olan borcunu ödəməkdən üzürsüz səbəblərdən yayınmışdır. Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, qaimə və ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də o üzürlü səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, xx.xx.2024 cü il tarixli, xx.xx.2024 cü il tarixli, xx.xx.2024 cü il tarixli, xx.xx.2024 cü il tarixli malların fiziki şəxslərə təhvil-qəbul qəbzlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh iddia ərizəsində qeyd olunan mallar təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-ci il tarixli 05/24-24 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh ona məxsus Bərdə rayonu, Məmmədli kəndində yerləşən 7 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsini, yığılmış məhsulun müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində iddiaçıya təhvil verilməsini, borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsini öhdəliyinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli iş və xidmətlərin yerinə yetirilməsi aktından görünür ki, Cavabdeh ilə İddiaçı MMC-nin Bərdə filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05/24-24 saylı alqı-satqı müqaviləsinin icrası ilə bağlı qarşılıqlı hesablaşma üzrə üzləşmə aparılmışdır. Cavabdehin cəmi 4133,80 manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış və müqavilələrə əsasən satıcı əşyanı alıcıya verməyi, alıcı isə onları qəbul edib, əşyaların qiymətini satıcıya müqavilə üzrə müəyyən edilmiş müddətlərdə pul və natura formasında ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. İddia ərizəsində İddiaçı MMC Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə görə 3554,49 manat ödənilməmiş hissə, 300 manat cərimə olmaqla ümumilikdə, 3854,49 manat borcunun yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 58,55 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 58,55 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda iddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən-təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, həmçinin cavabdeh iddia ərizəsini lazimi qaydada almasına baxmayaraq, məhkəməyə onun tərəfindən heç bir etiraz daxil olmadığını, habelə iddiaçının tələbinin aşkar və əsaslandırılmış olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3554,49 manat ödənilməmiş hissə, 300 manat cərimə olmaqla ümumilikdə, 3854,49 manat borc və ödənilmiş 58,55 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə əsas borcuna görə 3554,49 (üç min beş yüz əlli dörd manat qırx doqquz qəpik) manat, cəriməyə görə 300 (üç yüz) manat və ödənilmiş 58,55 (əlli səkkiz manat əlli beş qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 3913,04 (üç min doqquz yüz on üç manat 4 qəpik) manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar