Məhkəmə qərarları › İş №e-2(002)-3505/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3505/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3505/2024 24.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Y20K5851170 nömrəli, 07 mart 2020-ci il tarixli müqavilə üzrə 165 manat, 50 manat dəbbə pulu, 30 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 245 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 07 mart 2020-ci il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə arasında Y20K5851170 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 580 manat dəyəri olan 1 ədəd “X1 8” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 40 manat ilkin ödəniş olmaqla, qalan 540 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 45 manat olmaqla, hər ayın 06-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 165 manat əsas, 50 manat dəbbə pulu olmaqla, 215 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K5851170 nömrəli, 07 mart 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 5 manat ödəniş etmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş cavabdehin sənədlərdə göstərilən ünvanına qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh məhkəmə bildirişini əldə etsə də iddiaya etiraz təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. 07 mart 2020-ci il tarixli Y20K5851170 nömrəli müqaviləsinin surətindən görünür ki, İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında müqavilə bağlanmış və müqaviləyə əsasən məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, onun dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. 07 mart 2020-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh müqaviləyə əşyanı təhvil almışdır. 07 mart 2020-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı 12 ay müddətinə, aylıq 45 AZN məbləğində ödənişlər etməklə borc məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. 23 sentyabr 2024-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı-yə alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 165 manat, və 50 manat cərimə olmaqla, ümumilikdə 215 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarilə nisyə (hissə-hissə) alqı-satqı müqaviləsidir. Həmin müqavilənin etibarsızlığına səbəb ola biləcək faktlar işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən aşkar edilməmişdir. Odur ki, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 07 mart 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin predmeti qismində “X1 8” məhsul çıxış etmişdir. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində çıxış edən telefonu cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən 12 ay müddətinə aylıq 45 manat ödəməklə malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan avadanlığı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini ödəməkdən yayınmışdır. Hazırda cavabdeh alğı-satqı müqaviləsi üzrə 165 manat əsas borcu qalmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə tələbin cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 50 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan təmin edilməlidir. İddiaçı həmçinin məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyi üçün məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07 mart 2020-ci il tarixli nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 165 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 215 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Y20K5851170 nömrəli, 07 mart 2020-ci il tarixli müqavilə üzrə 165 manat məbləğində əsas borc və 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 215 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar