Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-419/2025 04.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 915 ABŞ dolları ödənilməmiş əsas borc, 229 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1144 ABŞ dolları borcun və 40 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19431 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı satış qiyməti 915 ABŞ dolları olan “Samsung S22 Ultra 256gb” markalı 1 ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır Cavabdeh2 xx.xx.2024-cü il tarixdə bağlanmış VİP 19431 saylı zaminlik müqaviləsinə zamin olmuşdur. Cavabdeh ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçı nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İddiaçı Cavabdeh1 915 ABŞ dolları dəyərində “Samsung S22 Utra 256gb” markalı 1 ədəd mobil telefonu ilkin ödəniş 0 ABŞ dolları olmaqla, 12 ay müddətinə hər ay 76 ABŞ dolları (sonunca ay 79 ABŞ dolları) hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx/xx-18922 saylı maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə cavabdehin 915 ABŞ dolları məbləğində ödənilməmiş əsas borc, 229 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 1144 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də həmin müqavilə barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan müqavilə üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında həmin pul öhdəliyini icra etməmişdir. Buna görə də İddiaçı əşyanın dəyərindən ödənilməmiş qalan hissəni tələb etməsi tam əsaslıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi dəbbə pulu hissəsində qismən əsassızdır. Belə ki, müqavilədə dəbbə pulunun hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, əsas borc məbləğini, cərimənin ABŞ dolları ilə hesablandığını nəzərə alaraq, cərimə tələbinin azaldılmasını və 50 ABŞ dolları həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə, iddia tələbinin əsas borclu ilə birgə zaminə yönəldilməsi hissəsinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 915 ABŞ dolları ödənilməmiş əsas borc, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 965 ABŞ dolları (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində pul vəsaiti və 33,74 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseyov
Məhkəmə qərarları › İş №e-2(002)-419/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-419/2025
04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver