Məhkəmə qərarları › İş №e-2(002)-447/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-447/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-447/2024 11.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3870 (üç min səkkiz yüz yetmiş) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 59,10 manat (əlli doqquz manat on qəpik) dövlət rüsumu, ümumilikdə 3929,10 manat (üç min doqquz yüz iyirmi doqquz manat on qəpik) pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Renault Megane” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh xx.xx.2023-cü il tarixində saat 15:30 radələrində Bakı şəhəri, Bülbül prospekti, Füzuli küçəsinin kəsişməsi ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Chevrolet Captiva” PD markalı, **-RH-*** (K.N.N. ** PD ***) dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ilə “Renault Megane” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də “avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanan “Chevrolet Captiva” PD markalı, ** RH *** (K.N.N. ** PD ***) dövlət qeydiyyat nişanlı avtomobilə 8870 (səkkiz min səkkiz yüz yetmiş) manat maddi zərər dəymişdir. MİB210067/2 saylı sığorta şəhadətnaməsinə və AKS230123 saylı, xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən franşiza nəzərə alınmaqla 8570 (səkkiz min beş yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı təşkilatın əməkdaşları tərəfindən müvafiq sığorta hadisəsi araşdırılan zaman müəyyən edilmişdir ki, “Renault Megane” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası "xxxx" ASC-də olmuşdur. “İcbari Sığortalar Haqqında” AR Qanununun 56.1.2-ci maddəsinin tələbinə əsasən, tərəflərindən "xxxx" ASC-yə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta ödənişinin edilməsi üçün müraciət edilmiş və müvafiq sığorta şirkətindən sığorta hadisəsi üzrə 4700 (dörd min yeddi yüz) manat ödəniş həyata keçirilmişdir. Bundan sonra, sığorta hadisəsi üzrə vurulmuş zərərə görə təqsirkar şəxsin üzərində qalan hissə 3870 (üç min səkkiz yüz yetmiş) manat təşkil etmişdir. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284- 5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sığorta ödənişi aktının surətindən görünür ki, “Chevrolet Captiva” PD markalı, **-RH-*** (K.N.N. ** PD ***) dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8870 manat, sığorta ödənişi və subroqasiya tələbi 8570 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən zərər dəymiş əmlakın sahibinə 8570 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, “Renault Megane” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə edilmişdir. İş materiallarında olan AD No 668212 saylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, “Renault Megane” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, iş materiallarında olan sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının hadisəyə görə təqsirli bilinən və dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehə qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi digər sığorta şirkətinin ödənişi nəzərə alınmaqla (8570-4700=3870 manat həddində) əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3870 manat məbləğində sığorta ödənişi məbləği, 59,10 manat dövlət rüsumu olmaqla, cəmi 3929,10 manat (üç min doqquz yüz iyirmi doqquz manat on qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar