Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-553/2024 04.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış, xx.xx.2019-cu il tarixli S3K5776798 nömrəli alğı-satqı müqaviləsinə əsasən, “Satıcı” ümumi dəyəri 1503 X4 B49L 8860 5S-1 ədəd Juicer Riffel RF808-3 Black-1 ədəd əşyanı satmağı, “Alıcı” isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə “Satıcı”ya ödəməyi öhdəsinə götürür.
2. İşə əlavə edilmiş, xx.xx.2019-ci il tarixli ödəniş cədvəlinin məzmunundan görünür ki, alıcı 24 ay müddətinə, aylıq 63 AZN məbləğində ödənişlər etməklə əşyanın dəyirini qaytarmağı öhdəsinə götürmüşdür.
3. xx.xx.2019-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh X4 B49L 8860 5S, Juicer Riffel RF808-3 Black markalı əşyanı təhvil almışdır.
4. Soliton service tərəfindən verilmiş SZT 505721 nömrəli qəbzdən görünür ki, alıcı Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı əşyaya 36 aylıq zəmanət müddəti müəyyən edilmişdir.
5. Borclu Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyanın surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə aidiyyati üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir.
6. İddiaçı tərəfindən tərtib edilmiş 16 dekabr 2023-cü il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh İddiaçı-yə alğı-satqı müqaviləsi üzrə əsas borca ödənilməmiş 173 manat və 52 manat cərimə olmaqla, ümumilikdə 225 manat məbləğində ödənilməmiş borcu mövcuddur. İddia tələbi
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K5776798 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə 173 manat, 52 manat dəbbə pulu, 30 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 255 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 17 noyabr 2019-cu il tarixdə Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə arasında S3K5776798 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən 1503 manat dəyəri olan 1 ədəd “Beko” markalı televizor və 1 ədəd “Riffel” markalı şirəçəkən Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı 0 manat ilkin ödəniş olmaqla, qalan 1503 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə aylıq 63 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun 173 manat əsas, 52 manat dəbbə pulu olmaqla, 225 manat borcu yaranmışdır. Alıcı tərəfindən S3K5776798 nömrəli, 17 noyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2023-ci il tarixdə 50 manat ödəniş etmişdir. Tərəfindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 600.1, 600.4, 600.5 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz
10. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
11. Etiraz belə əsaslandırılmışdır ki, həmin sözü gedən “Beko” markalı televizor onlar götürdükləri gündən bəri yaxşı işləməyib. Rəngi həmin zaman adamın gözünü pis vəziyyətə salan vəziyyətdə işləyib. İndi isə səsi gəlir amma televizor göstərmir. 2023-cü ildə yaz aylarında servisə müraciət etmişdilər. Servisdən 2 nəfər gələrək baxış keçirtdilər və onlara bildirdilər ki, əgər təmirə aparsalar təmir haqqı ödəməli olacaqlarını və özlərinin geri götürəcəklərini bildirmişlər. Onların pulu olmadığı üçün razı olmadılar. 1503 manata aldığı televizoru onlar 3-4 ilə almadıqlarını, onlara xarab televizor vermişlər. Onlara Sumqayıt şəhərindən anbardan zirzəmiyə oxşayan yerdən verdiklərini və həmin televizora baxış keçirtmədiklərini bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
12. İddiaçı cavabdehin etirazına dair mülahizə təqdim edərək belə əsaslandırmışdır ki, cavabdeh 2023-cü ilin yaz aylarında servisə televizorun təmir olunması ilə bağlı müraciət etmiş, servis əməkdaşları tərəfindən televizora baxış keçirildikdən sonra təmir xərcinin onun tərəfindən ödənilməsi bildirildiyi üçün təmirdən imtina etmişdir. Cavabdehin etirazına cavab olaraq bildirirəm ki, Cavabdeh ilə aramızda imzalanmış xx.xx.2019-cu il tarixli, S3K ******* saylı hissə-hissə ödənişlə alğı-satqı müqaviləsinə əsasən 1503 manat dəyərində bir ədəd X4 B49L 8860 5 S markalı televizor və Juicer RİFFEL RF808-3 BLACK satmaq öhdəliyini öz üzərimə götürmüşəm, alıcı isə 1503 AZN pul tam şəkildə ödənilənədək aylıq 63 AZN, sonuncu ay isə 54 AZN pulu hesabıma ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə bağlanan zaman televizora 36 ay müddətinə rəsmi zəmanət verilmişdir. Alıcı 2023-cü ilin may ayında Servisə müraciət edərək televizorunda nasazlıq yarandığını, təmirə ehtiyyac olduğunu bildirmişdir. Əməkdaşlar tərəfindən televizora baxış keçirilmiş zəmanət müddəti bitdiyi üçün televizorun alıcının hesabına təmir ediləcəyi ona izah edilmişdir. Bundan sonra alıcı təmirdən imtina etmişdir və qalıq borcunu ödəməmişdir. Dəfələrlə tərəfimizdən edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən qalıq borcun ödənilməsi təmin edilmədiyindən "pul tələbinə dair" iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edilmişdir. Yuxarıda qeyd etdiklərimə əsasən bildirmək istəyirəm ki, Cavabdeh etirazı əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
13. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək iddiaçının mağazasında aldıqları televizora görə ödənişləri etdiklərini, lakin 173 manat borclarının qaldığını bildirdi və tələbdə göstərilən ödənişi etmədiklərini qəbul etdi. Lakin iddiaçı televizorun nasaz olduğunu, bununla bağlı müraciət etdikdə isə onlara televizoru servisdə alıcıların öz hesablarına təmir edə biləcəklərini bildirdiklərini, qüsurlu mal satışına görə məbləğin 173 manatını ödəməyəcəklərini bildirmiş, televizorun təmir edilməsini və ya yenisinin verilməsini istədiklərini qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
16. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
18. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.
19. 582.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir.
20. 589.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
21. 589.3-cü maddəsinə əsasən, əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.
22. 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1 keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2 alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3 malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4 malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin.
23. 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
24. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
26. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
30. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
36. İddia qismən əsaslıdır.
37. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə əşyanın hissə-hissə ödənilməsi barədə alqı-satqı müqaviləsindən irəli gəlir. Belə ki, tərəflər arasında xx.xx.2019cu il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır və həmin müqavilə etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
38. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqaviləyə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən “Alıcı” Malın satış qiymətinin 1503 manatın 0 manatı ilkin ödəniş qismində “Satıcı”ya ödəyir. Müqavilə bağlandıqdan və ilkin ödəniş edildikdən sonra bu müqavilənin 1.1-ci bəndində göstərilmiş mal “Alıcı”ya təhvil verir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Alıcı” Malın satış qiymətindən ilkin ödəniş çıxıldıqdan sonra qalan 1503 manatı 24 ay müddətinə ayda 63 manat olmaqla hər ayın 16-dək ödəməlidir.
39. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilələrin predmeti olan əşyanı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin alğı-satqı müqaviləsi üzrə 173 manat məbləğində əsas borcu yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə iddianın dəlillərinə dair etiraz təqdim edilməsinə baxmayaraq etirazın əsaslarına dair sübutlar təqdim edilməmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında verdiyi izahatı zamanı əşyanın dəyərinin 173 manat məbləğində hissəsini ödəmədiyini qəbul etmişdir.
40. Belə ki, cavabdehin etirazının dəlili - əşyanın qüsurlu satılması və bununla bağlı satıcıya müraciət edilməsi ilə bağlı olsa da, cavabdeh həmin əşyanın qüsuru ilə bağlı satıcıya müraciət edərək keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsi; alış qiymətinin mütənasib surətdə azaldılması; malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılması və ya malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilməsi barədə müraciət etməsi və bu müraciətin nəticələri barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
41. İşə əlavə edilmiş, Soliton service tərəfindən verilmiş SZT 505721 nömrəli qəbzdən görünür ki, alıcı Cavabdeh xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı əşyaya 36 aylıq zəmanət müddəti müəyyən edilmişdir. X3 həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığını və ümumiyyətlə satıcıya hansı tarixdə müraciət edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, tərəflər arasında bağlanmış müqaviləyə əsasən əşyanın alıcıya təhvil verilməsi və alıcı tərəfindən əşyanın dəyərinin tam ödənilməməsi mübahisəsiz olduğundan iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir.
43. Məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli S3K5776798 saylı müqavilənin 2.4-ci bəndinə əsasən, alıcı ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə ödəyir.Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini müqavilə üzrə 52 manat məbləğində müəyyən etmişdir.
44. Lakin məhkəmə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həmin məbləğ əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 5 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri
45. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia tələbi irəli sürülərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, ödənilmiş tələblərə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə
47. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 173 manat məbləğində əsas borc, 5 manat cərimə borcu olmaqla, cəmi 178 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
48. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, S3K5776798 saylı müqavilə üzrə 173 manat məbləğində əsas borc, 5 manat cərimə borcu olmaqla, cəmi 178 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova