Məhkəmə qərarları › İş №e-2(002)-692/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-692/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-692/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia rizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək və sonradan iddia ərizəsinə dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə HOFFMAN markalı paltaryuyan, LG led TV və Sonorous Surefix asqı üçün 667,5 manat ödənilməmiş əsas borc və 66,5 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə, iki ədəd HOFFMAN markalı soyuducu üçün 1166 manat ödənilməmiş əsas borc, 116 manat cərimə borcu olmaqla, ümumilikdə 2016 manat borc və 40,16 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh tərəfin iddiaçı "xxxx" MMC ilə bağladığı 15 yanvar 2021-ci il tarixli və 17 iyul 2021-ci il tarixli müqavilələrə əsasən “Hoffman” markalı paltaryuyan, LG Led TV və Sonorous Surefix asqını və “Hoffman” markalı iki ədəd soyuducu üçün 2016 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1328,4 manat olan (18 ay x 73.8 manat + 0 manat ilkin ödəniş) “Hoffman” markalı paltaryuyan, LG Led TV və Sonorous Surefix asqı üçün ümumilikdə 734 manat, alqısatqı qiyməti 1414,8 manat (18 ay x 78.6 manat + 0 manat ilkin ödəniş), 2 ədəd “Hoffman” markalı soyuducu üçün ümumilikdə 1282 manat borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 yanvar 2021-ci il tarixli, 22212506 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 1328.4 manat dəyərində “Hoffman” WFL-60010S (gümüşü) markalı paltaryuyan, LG LED TV 32LM6350 və Sonorous Surefix 132 (20”-45”/40kg) asqını ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 73.8 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli, 23222270 nömrəli Müqavilənin və onun tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh 1414.8 manat dəyərində 2 ədəd HOFFMAN DFT-167S (gümüşü) markalı soyuducunu ilkin ödəniş 0 manat olmaqla, 18 ay müddətinə hər ay 78,6 manat hissə-hissə ödəniş etmək şərtilə satmışdır. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişlərin məzmunundan görünür ki, Cavabdeh 22211506 nömrəli Müqavilədə qeyd olunan malları və 23222270 nömrəli Müqavilədə qeyd olunan HOFFMAN DFT-167S markalı (gümüşü) iki ədəd soyuducunu təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 13 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 15 yanvar 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 667,5 manat məbləğində ödənilməmiş əsas borc, 66,5 manat cərimə olmaqla, cəmi 734 manat; 17 iyul 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 1166 manat məbləğində ödənilməmiş əsas borc, 116 manat cərimə olmaqla, cəmi 1282 manat, ümumilikdə 2016 manat məbləğində borcu yaranmışdır. 06 dekabr 2022-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 yanvar 2021-ci il və 17 iyul 2021-ci il tarixli müqavilələr mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqavilələridir. Ona görə də, hazırkı mübahisə üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsas kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601ci maddələri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli alğı-satqı müqavilələri bağlanmışdır və həmin müqavilələr etibarlıdır. Müqavilələrə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilələrin predmeti qismində avadanlıqları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulların dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı hər iki müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlıqları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 667.5 manat əsas borc və xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1166 manat məbləğində əsas borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrə Əlavələrin 2-ci bəndinə əsasən, “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək cərimə məbləğini birinci müqavilə üzrə 66,5 manat, ikinci müqavilə üzrə 116 manat məbləğində müəyyən etmişdir. Lakin məhkəmə hər iki iş üzrə cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, həm tərəflərin razılığı ilə cərimə məbləğləri ödəniş cədvəlinə uyğun olaraq ödəniş edilməyən aylar üzrə müddəti keçmiş məbləğin 1%-dək müəyyən edildiyindən, həm də hesablanmış cərimə məbləğləri əsas borc məbləğlərinə mütənasib olmadığından azaldılmalı və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 90 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPMin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 22212506 nömrəli müqaviləyə əsasən, HOFFMAN WFL- 60010S (gümüşü) markalı paltaryuyan, LG LED TV 32LM6350 və Sonorous Surefix 132 (20”- 45”/40kg) asqı üçün və 17 iyul 2021-ci il tarixli, 23222270 nömrəli müqaviləyə əsasən 2 ədəd HOFFMAN DFT-167S (gümüşü) markalı soyuducu üçün 1833,5 manat ödənilməmiş əsas borc, 140 manat cərimə olmaqla ümumilikdə 1973,5 manat borc və 40.16 manat dövlət rüsumu, cəmi 2013,66 manat (iki min əlli altı manat qırx altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar