Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-702/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh LG Led TV üçün 1124 manat ödənilməmiş əsas borc, 112 manat cərimə, ümumilikdə 1236 manat borc və 32,36 manat ödənilmiş dövlət rüsumu, cəmi 1268,36 (min iki yüz altmış səkkiz manat, otuz altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf iddiaçı "xxxx" MMC ilə bağladığı 14 oktyabr 2021-ci il tarixli müqaviləyə əsasən LG LED 43UP77506LA markalı televizor almış, nəticədə 1236 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1359 manat (18 ay x 68 manat + 135 manat ilkin ödəniş) olan LG led TV üçün ümumilikdə 1236 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 235 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də, iddiaçı məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-on 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 284-5ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 oktyabr 2021-ci il tarixli, № ******* müqavilənin və həmin müqavilənin tərkib hissəsi olan Əlavənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh ilkin ödəniş 135 manat olmaqla, 18 ay müddətinə hər ay 68 manat hissə-hissə ödəniş etmək şərtilə 1359 manat dəyərində LG Led TV satmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli əşyaların təhvil-təslim aktı barədə bildirişin məzmunundan görünür ki, Cavabdeh ******* nömrəli müqaviləyə əsasən LG LED 43UP77506LA markalı televizoru təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş, 16 yanvar 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlində göstərilir ki, 14 oktyabr 2021-ci il tarixli müqavilə üzrə cavabdehin 1124 manat məbləğində ödənilməmiş əsas borc, 112 manat cərimə olmaqla, cəmi 1236 manat məbləğində borcu yaranmışdır. 05 dekabr 2022-ci il tarixli Xəbərdarlıq vərəqəsinin surətindən görünür ki, alıcıya aldığı əşyanın müqavilə dəyərini tam şəkildə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2021-ci il tarixli müqavilə mahiyyət etibarilə əşyanın dəyərinin hissə-hissə ödənilməsini nəzərdə tutan nisyə alqı-satqı müqaviləsidir. Ona görə də, həmin müqavilə barədə iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600, 601-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2 və 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. Müqaviləyə əsasən iddiaçı qismində çıxış edən satıcı müqavilənin predmeti qismində avadanlığı cavabdehə təhvil verməyi, cavabdeh isə həmin müqavilələrə əsasən hər ay ödəniş cədvəli üzrə ödənişlər etməklə həmin məhsulun dəyərini hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilələrin predmeti olan avadanlığı cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malın dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Hazırda cavabdehin alğı-satqı müqaviləsi üzrə 1124 manat məbləğində qalıq borcu yaranmışdır. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 2.6-cı bəndinə əsasən, müştəri “Ödəniş cədvəli” üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Cavabdehin ödəniş cədvəlinə uyğun olaraq ödəniş etmədiyi aylar üzrə müddəti keçmiş məbləğin 1%-i (yəni 0,68 manat x 420 gün) 285.6 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tələbində cərimə məbləğini 112 manat xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1124 (min yüz iyirmi dörd) manat ödənilməmiş əsas borc, 112 (yüz on iki) manat cərimə, ümumilikdə 1236 (min iki yüz otuz altı) manat borc və 32,36 (otuz iki manat otuz altı qəpik) manat dövlət rüsumu, cəmi 1268,36 manat (min iki yüz altmış səkkiz manat, otuz altı qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə elektron qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-702/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-702/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver