Məhkəmə qərarları › İş №e-2(002)-979/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-979/2024

03.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-979/2024 03.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh X4 qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X4 qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh X1 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 582,69 manat borcun (abonent kodu: **********000) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, e-2(002)- 979/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası MPM-in 284-1, 284-5.4-cü maddələrinə əsasən İddiaçı ASC cavabdeh X4 qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən cavabdeh X2 təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə, 582,69 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin iddia müddəti ərzində iddiaçıya borcu 438 manat 01 qəpik təşkil edir. Eləcə də, cavabdeh tərəfindən 110 manat 14 qəpik ödənişlər edilmişdir. Cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alındıqda, iddia müddəti ərzində cavabdehin iddiaçıya borcu 327 manat 87 qəpik təşkil edir. Məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X5 məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı tərəfindən verilmiş iddia tələbinin müddəti keçdiyindən, iddia müddətinin son üç ili üzrə iddianın təmin edilməsini, eləcə də, iddiaçıya 110 manat 15 qəpik ödənişlər etməsinin nəzərə alınmasını, həmçinin, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş edir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh X4 İddiaçı ASC tərəfindən su təchizatı sistemindən suyun buraxılması və tullantı suların axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentidir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC abonent X4 xx.xx.2023-cü il tarixə 582,69 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yarandığını bildirərək, həmin borcun 7 iş günü müddətində ödənilməsini tələb etmişdir. Abonent kartından görünür ki, cavabdehin su təchizatı və tullantı suyun axıdılmasına dair ödəməli olduğu borc məbləğləri, ödənişləri, tarixlər müfəssəl şəkildə göstərilmişdir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh İddiaçı ASC tərəfindən göstərilən xidmətlərdən – su verilişindən və çirkab sularının axıdılmasından istifadə etmiş, iddiaçı qarşısında göstərilən xidmət haqlarını dövri olaraq təqdim edilmiş hesab üzrə ödəyəcəyi barədə öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmiş, iddiaçı qarşısında ödənilməmiş borcu yaranmışdır. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş abonent kartındakı məlumatlardan aydın olur ki, 3 illik iddia müddəti ərzində yığılmış borc məbləğinin 438 manat 01 qəpik təşkil edir. Cavabdehin etdiyi artıq ödənişlərin məbləği 110 manat 14 qəpik təşkil edir. Adi riyazi hesablama apardıqda müəyyən olunur ki, cavabdehin iddiaçıya olan borcu (3 illik iddia müddəti ərzində) 327 manat 87 qəpik (438,01 manat - 110,14 manat) təşkil edir. Məhkəmə bu səbəbdən hesab edir ki, iddia qismən təmin edilməli, 3 illik iddia müddəti ərzində yaranmış borc və cavabdeh tərəfindən artıq edilmiş ödənişlər nəzərə alınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 327 manat 87 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 357 manat 87 qəpik məbləğində pul cavabdeh X3 İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 327 manat 87 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 357 manat 87 qəpik məbləğində pul cavabdeh X3 İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar