Məhkəmə qərarları › İş №e-2(003)-1069/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1069/2025

03.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1069/2025 03.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, iddiaçı "xxxx" X1 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi” tələbi ilə bağlı kiçik iddiallara dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 295,12 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 150.1.3-cü maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə edilməlidir. Həmin Məcəllənin 69.1-cı maddəsinə əsasən, hər bir fiziki şəxs və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 73.1-ci maddələsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddələsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. İddia ərizəsindən görünür ki, hazırkı ərizə iddiaçının adından "xxxx" X1 İdarə Heyətinin sədri Köçərli Həsənov tərəfindən verilmiş etibarnamə əsasında Nümayəndə tərəfindən imzalamışdır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, "xxxx" X1 İdarə Heyətinin sədri Köçərli Həsənov 25 sentyabr 2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.7-ci maddəsinə əsasən, etibarnaməni vermiş fiziki şəxsin ölməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Nümayəndə hazırki iddia ərizəsini imzalamaqda səlahiyyətli hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə görə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM İddiaçı "xxxx" X1 Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair kiçik iddiallara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı "xxxx" MMC tərəfindən 21xx.xx.2024-cü il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar