Məhkəmə qərarları › İş №e-2(003)-1124/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1124/2022

31.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1124/2022 31.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat məbləğində vurulmuş zərərin və 33,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 28.09.2019-cu il tarixdə saat 03:40-da Bakı şəhəri Binə qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Mercedes Benz 190” markalı ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil “X3” markalı ** OR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Cavabdehin idarə etdiyi avtomobil 16.08.2019-cu il tarixdən 16.08.2020-ci il tarixə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30.09.2019-cu il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Hadisə zamanı isə zərərçəkmiş şəxsə dəymiş 1350 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İXP ******* nömrəli 28.09.2019-cu il tarixli inzibati xəta haqqında protokolun və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1079/2019 saylı 30.09.2019-cu il tarixli qərarının surətlərindən görünür ki, Cavabdeh 28.09.2019-cu il tarixdə saat 03:40 radələrində Binə qəsəbəsində Binə körpüsü istiqamətində olarkən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Mercedes Benz" minik markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol ayrıcında keçmə qaydasını pozmuş və hərəkətdə olan ** OR *** nömrəli avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində həmin avtomobilin sahibinə maddi zərər vurulmuşdur. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 400 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “Mercedes Benz" minik markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 30.09.2019cu il tarixdə verilmiş qüsur aktının surətindən görünür ki, “Mercedes Vito” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1350 manat məbləğində zərər dəymişdir İş materiallarından görünür ki, iddiaçı sığorta şirkəti tərəfindən 1350 manat məbləğində pul “Mercedes Vito” markalı, ** OR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. İş materialları ilə müəyyən edilir ki, iş üzrə yüksək təhlükə mənbəyi olan “Mercedes Benz" minik markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmə hüququ olmadan Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törətməklə digər avtomobilə 1350 manat məbləğində zərər vurmuş, həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1350 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 33.50 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1350 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 33.50 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar