Məhkəmə qərarları › İş №e-2(003)-1167/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1167/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1167/2024 15.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı1 Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik mübahisələrə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Diskin alğı-satqısına dair “Nisyə alğı-satqı” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı həmin malı cavabdehə nisyə satmağı, cavabeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada-ödəniş cədvəlinə uyğun “Malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Lakin cavabdehin üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmədiyini müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozduğunu bildirmişdir. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 500 manat, cərimə üzrə 50 manat, cəmi 550 manat borcu vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və İddiaçı1 öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı1 Cavabdeh xx.xx.2021-ci il tarixdə Diskin alğı-satqısına dair “Nisyə alğı-satqı” müqaviləsinə əsasən əsas borc üzrə 500 manat, cərimə üzrə 50 manat, cəmi 550 manat ödənilməmiş borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin cavabdehə göndərilmiş bildirişin üzərindəki qeyddən görünür ki, bildirişin cavabdehə çatdırılması mümkün olmamışdır. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 380943 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 650 manat ödənilməli, 500 manat ödənilməmiş əsas, cərimə borcu isə 50 manat təşkil edir. Cavabdehin ödədiyi isə 150 manat təşkil edir. İş materiallarında olan 380943 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə satıcı 800 manat dəyərində diski alıcıya verməyi, alıcı isə 10 ay müddətinə hissəhissə satıcıya verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 380943 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 800 manat dəyərində olan məhsulu almış, 150 manat ilkin ödəniş etməklə 10 ay müddətinə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) hər ay 65 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 380943 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə 2 saylı əlavədən-təhvil-təslim qəbzindən görünür ki, 800 manat dəyərində olan disk satıcı tərəfindən alıcı Cavabdeh verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “gecikdirilmiş borcun ödənilməsi barədə” pretenziyadan görünür ki, alıcıya məlumat verilmişdir ki, onun əsas borcu 500 manat, cərimə borcu 50 manat olmaqla, cəmi 550 manat təşkil edir. Həmçinin ona bildirilmişdir ki, ən geci 3 (üç) gün ərzində 550 manat borcunu ödəməlidir, əks təqdirdə son tələb yerinə yetirilmədikdə pozulmuş hüquqların müdafiə olunması və dəyən zərərin tam ödənilməsi üçün məhkəməyə, həmçinin müvafiq hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 0,40 qəpik xidmət haqqı olmaqla, 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 (fərdi sahibkar) ilə Cavabdeh arasında 380943 nömrəli, xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı 800 manat dəyərində diski alıcıya verməyi, alıcı isə 10 ay müddətinə hissə-hissə ödəməyi götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə borcu yaranmışdır. İş üzrə İddiaçı1 əşyanı Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 xeyrinə Cavabdeh 500 manat əsas, 50 manat cərimə borcu olmaqla, cəmi 550 manat, ödənilmiş 30,40 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı1 xeyrinə Cavabdeh 500 (beş yüz) manat əsas, 50 (əlli) manat cərimə borcu, dövlət rüsumu üçün ödənilmiş 30,40 manat olmaqla, cəmi 580,40 (beş yüz səksən manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar