Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1376/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə əşyanın ödənilməmiş dəyəri 1972,58 manatın, 127,42 manat dəbbə pulun, cəmi 2100 manatın və ödənilmiş 41 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 14 oktyabr 2019-cu il tarixdə 01/270/19-V saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 3623,58 manat olan 1 ədəd 2018-ci il buraxılışlı “Teplo” markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil verilmiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 1972,58 manat, dəbbə pulu 6036,03 manat olmaqla, cəmi 8008.61 manat təşkil edir. Dəbbə pulu məbləği avtomatik olaraq kompüter proqramı ilə hesablandığından iddia tələbində ağlabatan məbləğdə azaldılmışdır. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin, buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 885 gün müddətində gecikdirmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. İş üzrə Cavabdeh1 14 oktyabr 2019-cu il tarixli 01/270/19-V- 23 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminliyi qəbul etmişdir. Bu isə o deməkdir ki, o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, onunla iddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 3623,58 manat dəyərində 1 ədəd “Teplo” markalı divardan asılan məişət qaz qazanı, sənəd və ləvazimatları ilə birlikdə ona satılmışdır. Əvvəllər hissə-hissə ödənişlər etmiş, lakin son vaxtlarda maddi problemləri olduğundan ödəniş edə bilməmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NAS-01/270/19-V №-li nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh2 24 ay müddətinə dəyəri 3623,58 manat olan-1 dəst divardan asılan məişət qaz qazanı satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, qeyd olunan nisyə alqı-satqı müqaviləsi əsasında satılmış divardan asılan məişət qaz qazanı, ləvazımatları və istismar təlimatı, texniki pasportla birlikdə iş üzrə Cavabdeh2 təhvil verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, NAS-01/270/19-V №-li nisyə alqı-satqı müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ayda 150,98 manat ödəniş etməklə yerinə yetirməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 01/270/19-V-Z3 nömrəli zaminlik müqaviləsindən görünür ki, sonuncu Cavabdeh2 xx.xx.2019-cu il tarixli, NAS-01/270/19-V №-li nisyə alqı-satqı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi barədə tam həcmdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 1972,58 manat qalıq borcu, 6036,03 manat dəbbə pulu olmaqla cəmi 8008,61 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu divardan asılan məişət qaz qazanı almış və alqı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, 1972,58 manat qalıq borcun Cavabdeh2 tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1972,58 manat məbləğində qalıq borca münasibətdə Cavabdeh2 127,42 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı, yaranmış öhdəliklərin iş üzrə cavabdeh, yəni zamin olan Cavabdeh1 tərəfindən yerinə yetirilməsinin tələb etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin araşdırılmış hallarından görünür ki, zamindən yaranmış öhdəliklərin icrasının yerinə yetirilməsi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01/270/19-V-Z3 nömrəli zaminlik müqaviləsinin 3.1.1-ci bəndinə əsasən Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə ödənişlərin həmin müqavilə ilə müəyyən edilmiş qaydada və müddət ərzində ödənilməsi barədə öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, NAS-01/270/19-V №-li nisyə alqısatqı müqaviləsinin müddəti 2 il olmaqla xx.xx.2021-ci il tarixdə bitir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edilməklə qanunvericiliklə nəzərdə tutulan 1 il müddətində Cavabdeh1 (zaminə) qarşı iddia irəli sürülməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh2 1972,58 manat qalıq borc, 50 manat dəbbə pulu olmaqla cəmi 2022,58 manat məbləğində borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qeyd olunan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 41 manat da Cavabdeh2 İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1972,58 manat qalıq borc, 50 manat dəbbə pulu olmaqla cəmi 2022,58 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 41 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildikdən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1376/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1376/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver