Məhkəmə qərarları › İş №e-2(003)-1415/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1415/2022

28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1415/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24.08.2020-ci il tarixli müqavilə üzrə 1447.8 manat ödənilməmiş hissə, 144.2 manat cərimə, 30.11.2020-ci il tarixli müqavilə üzrə 320 manat ödəniməmiş hissə, 32 manat cərimə, 24.08.2020-ci il tarixli müqavilə üzrə 280 manat ödəniməmiş hissə, 28 manat cərimə, 07.09.2020-ci il tarixli müqavilə üzrə 741 manat ödəniməmiş hissə, 74 manat cərimə, ümumilikdə 3067 manat məbləğində pulun və 50.67 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış 24.08.2020-ci, 30.11.2020-ci və 07.09.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh, Alyans-Masa Verona, stul Venetsiya, Soft 5011 həhliz dolab, transformer-qonaq-jurnal masa, Samsung Galaxy A51 və Realme C2 markalı telefonlar, Hoffman paltaryuyan almış və cəmi 2176,3 manat ödəniş etmişdir. Sonradan müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 1020.8 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin zərf rabitə orqanı tərəfindən üzərində “ünvan düzgün deyil” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24.08.2020-ci il tarixdə 21107939 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1828.8 manat olan Alyans-Masa Verona, stul Venetsiya, Soft 5011 həhliz dolab, transformer-qonaq-jurnal masa Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 76.2 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30.11.2020-ci il tarixdə 22094877 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 721.4 manat olan “Samsung Galaxy A51” markalı telefon, Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 35.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24.08.2020-ci il tarixdə 21108221 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 356.4 manat olan “Realme C2” markalı telefon, yeni qızıl zəmanət və telefon quraşdırma xidmətləri olmaqla Cavabdeh nisyə satılmış və cavabdeh 18 ay müddətində ödəniş cədvəli üzrə hər ay 19.8 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07.09.2020-ci il tarixdə 21143096 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 903 manat olan “Hoffman” markalı paltaryuyan Cavabdeh nisyə satılmış və cavabdeh 24 ay müddətində ödəniş cədvəli üzrə hər ay 37 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 24.08.2020-ci il tarixli 21107939 saylı müqavilə üzrə 1447.8 manat ödənilməmiş hissə, 144.2 manat cərimə, 30.11.2020-ci il tarixli 22094877 saylı müqavilə üzrə 320 manat ödəniməmiş hissə, 32 manat cərimə, 24.08.2020-ci il tarixli 21108221 saylı müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 28 manat cərimə, 07.09.2020-ci il tarixli 21143096 saylı müqavilə üzrə 741 manat ödənilməmiş hissə, 51 manat cərimə, ümumilikdə 3067 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alğısatqı müqavilələri üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1447.8 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 144.2 manat cərimə, 320 manat əsas borca görə 32 manat cərimə, 280 manat əsas borca görə 28 manat cərimə, 741 manat əsas borca görə 74 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1447.8 manat borca görə 50 manat, 320 manat əsas borca görə 10 manat, 280 manat əsas borca görə 10 manat, 741 manat əsas borca görə 30 manat cərimə tutulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 24.08.2020-ci il tarixli 21107939 saylı müqavilə üzrə 1447.8 manat ödənilməmiş hissə, 50 manat cərimə, 30.11.2020-ci il tarixli 22094877 saylı müqavilə üzrə 320 manat ödəniməmiş hissə, 10 manat cərimə, 24.08.2020-ci il tarixli 21108221 saylı müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 10 manat cərimə, 07.09.2020-ci il tarixli 21143096 saylı müqavilə üzrə 741 manat ödənilməmiş hissə, 30 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 50.67 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 24.08.2020-ci il tarixli 21107939 saylı müqavilə üzrə 1447.8 manat ödənilməmiş hissə, 50 manat cərimə, 30.11.2020-ci il tarixli 22094877 saylı müqavilə üzrə 320 manat ödəniməmiş hissə, 10 manat cərimə, 24.08.2020-ci il tarixli 21108221 saylı müqavilə üzrə 280 manat ödənilməmiş hissə, 10 manat cərimə, 07.09.2020-ci il tarixli 21143096 saylı müqavilə üzrə 741 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumilikdə 2888.8 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 50.67 manat alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar