Məhkəmə qərarları › İş №e-2(003)-1475/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1475/2025

22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1475/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kazımova (Zeynallı) Leylaxanım Seyidrza qızından 860,00 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,00 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində saat 17:20 radələrində Bakı şəhəri, Suraxanı rayonu ərazisində Kazımova (Zeynallı) Leylaxanım Seyidrza qızına məxsus Suleimanova Ulviaya tərəfindən idarə olunan və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5337659 N°-li İnzibati tənbeh vermə haqqında qərara əsasən Ulviaya Suleimanova Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş Qüsur aktında göstərilmişdir ki, “VAZ 21074” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 860,00 (səkkiz yüz altmış) manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA121816/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə 860,00 (səkkiz yüz altmış) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 860 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. Proses iştirakçılarının izahatı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan iddiaya baxılaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, iş üzrə cavabdehlər, məhkəmə baxışı iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirdi ki, onun təqsiri nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı avtomobili özü idarə etmiş, yanında isə əri olmuşdur. İdarə etdiyi avtomobilə dair ərinin ümumi sərəncam vermək haqqında etibarnaməsi olmuşdur. Qarşı tərəfin avtomobilinə dəymiş zərərin məbləği 860 manat təşkil edə bilərdi. İddia ərizəsinə etirazın dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər - "xxxx" ASC ilə sığortalı Mamedovı Phamil arasında bağlanan PXA********** saylı, xx.xx.2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, ** MP *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı nəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat məbləğində sığortalanmışdır. -nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X1 tərəfindən mülkiyyətində olan “VAZ 21074” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Mamedov Phamilə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, digər hərəkətlər, qeydiyyata salmaq, çıxarmaq, ərizə vermək səlahiyyətlərini etibar etmişdir. Etibarnamə xx.xx.2021-ci il tarixdə verilməklə 1 il müddətinə verilmişdir. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ülviyyə Süleymanov (Cavabdeh2) ilə Famil Məmmədov (Mamedov Phamil) arasında xx.xx.2012-ci il tarixdə Gürcüstan Respublikasının Vətəndaşlıq Reyestri Agentliyinin Saqareco Xidmətində nikah bağlanmışdır. -sürücülük vəsiqəsini surətindən görünür ki, Cavabdeh2 minik nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. -“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 17:20 radələrində Binə yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs - “VAZ 21074” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edər Cavabdeh2 olmuş, zərər çəkən şəxs X5 olmuş və mülkiyyətində olan “VAZ 21074” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. - TP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 17:20-də Binə yolunda olan “VAZ 21074” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə və yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. -Avtomobillərin Texniki Xidmət mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “VAZ 21074” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir xərcləri 860 manat təşkil edir. -PXA121816 nömrəli sığorta aktının surətindən görünür ki, “VAZ 21074” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi X3 hesabına 860 manat köçürülmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddəsinə əsasən Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Mübahisənin məhkəmə tərəfindən müəyyən edilən mahiyyəti ondan ibarətdir ki, sığorta şirkəti olan iddiaçı sığorta olunan avtomobilə dəyən zərərlə bağlı apardığı ödənişi delikt törədən cavabdehdən tələb edir. Yəni iddia subroqasiya tələbi ilə bağlıdır. İşin məhkəmə iclasında müəyyən olunmuş hallarına və iş materiallarına əsasən Cavabdeh1 məxsus olan "xxxx" ASC-də sığorta olunmuş “VAZ 21074” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh2 idarə edərkən xx.xx.2022ci il tarixdə, saat 17:20 radələrində Binə yolunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh2 təqsirli bilinərək barəsində inzibati tənbeh tətbirinə dair qərar qəbul edilmişdir. Hadisədə iştirak etmiş, X4 məxsus “VAZ 21074” minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Nəticədə "xxxx" ASC tərəfindən zərər çəkən şəxsə 860 manat sığorta haqqı ödənilmişdir. Hadisə zamanı Cavabdeh2 tərəfindən idarə olunan avtomobilə dair ərinin adına nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında (sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq və s. səlahiyyətlərin verilməsi haqqında) xx.xx.2021-ci il tarixdə verilmiş 1 illik etibarnamə olmuşdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasınagətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqazidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkəti hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqazidd davranış, hüquqazidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Beləliklə Mülki Məcəllənin qeyd edilən maddələrinin məzmunundan o nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: -“zərərin mövcud olması, -zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması”. Mülki işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində sığorta hadisəsinin baş verməsi, təqsirli hərəkətin nəticəsində sığortalıya zərər vurulması və faydalanan şəxsə sığorta ödənişinin həyata keçirilməsi öz təsdiqini tapmışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsaslanaraq cavabdehlərdən sığorta ödənişini subroqasiya qaydasında tələb etməkdə haqlı olmamışdır. Belə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığotaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə, hallara şamil olunur. Eyni zamanda həmin qanunun 6.2-ci maddəsində göstərilmişdir ki, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Sözügedən maddədə “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Eyni zamanda qeyd edilməlidir ki, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul olunur. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Odur ki, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Eyni zamanda icbari sığorta fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir və tərəflərin mülki məsuliyyəti sığorta riskinin birbaşa əsasını təşkil edir. Yəni yüksək təhlükə mənbəyinin vurduğu zərər onsuz da sığortaçının üzərinə götürdüyü sığorta riskidir. Bununla belə icbari sığorta haqqında qanunvericiliyin normalarından müəyyən edilir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ o vaxt yaranır ki, sığortalı(və ya sığorta olunan) sığorta hadisəsinin baş verməsində qəsdən qanunazidd hərəkətlər törətmiş olsun, sığorta riskinin artmasına və nəticədə sığorta hadisəsinin baş verməsinə şərait yaratmış olsun, təqsirin müəyyən edilməsinə və sığorta hadisəsinin təfərrüatları ilə bağlı obyektiv araşdırmanın aparılmasına mane törətmiş olsun(avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır). Göründüyü kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnun yaranması əsaslarına əsasən sığorta riskinin dəyişməsinə səbəb olan və məsuliyyət yaradan konkret qanunazidd hərəkətlərdən irəli gəlir. Çünki icbari sığorta müqaviləsi bağlamaq öhdəliyi hamı üçün məcburidir və həmin müqavilə tərəflərin iradəsinə uyğun şərtlərin daxil edilməsi qadağan olunan və şərtləri qanunla müəyyən edilən standart sığorta müqaviləsidir. Halbuki sığortalının avtomobili etibarnamə olmadan başqa şəxsə verməsi ona münasibətdə inzibati məsuliyyət yaratmır, avtomobilin başqa şəxsin idarəçiliyinə verilməsi həmin şəxsin Mülki qanunvericiliyə əsasən əmlakı istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs hesab edilməsinə əsas vermir, sığorta hadisəsi sığorta olunanın qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi deyildir, sığorta olunan əmlakın başqa şəxsin istifadəsinə verilməsi sığorta riskinin dəyişməsi ilə bağlı olan və bu barədə sığortaçıya məlumat verilməsini gərəkdirən hal deyildir. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, avtomobili etibarnamə olmadan idarə etmiş sürücülük hüququ olan Cavabdeh2 “VAZ 21074” minik markalı, ** MP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən bu avtomobilə dair ərinin digər Cavabdeh1 (avtomobilin mülkiyyətçisi) tərəfindən verilmiş “sərəncam vermək səlahiyyətinə dair” etibarnaməsi olmuşdur. Yəni nəqliyyat vasitəsinin sahibinin iradəsinə zidd olaraq idarə edilməsi halının olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq, onlara düzgün hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Ona görə ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4cü maddəsinə əsasən “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddiası təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmş dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar