Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1521/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi Dadaşova Aynurə Eldar qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2656 manat əsas borc, 796 manat cərimə borcu, zərər olaraq avtomobilin təmir xərci 2245,92 manat, cavabdehin əvəzinə ödənilmiş 330,1 manat inzibati cərimə olmaqla, cəmi 6028 manat pul vəsaitinin və 81 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, İddiaçı MMC “Skoda” markasının rəsmi distributorudur. Cavabdehlə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 79 680 manat dəyərində “Skoda Karoq” markalı avtomobil satılmış, cavabdeh də öz növbəsində 60 ay müddətində hər ay 1328 manat ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini icra etməmişdir. xx.xx.2024-cü il tarixdə “Skoda Karoq” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasından servisə gətirilmişdir. Sözügedən avtomobillə bağlı yol nəqliyyat hadisəsi baş verməmişdir, avtomobilin yenidən satışa çıxarılması üçün üzərində işlər görülmüşdür. Bu təmir xərcləri 2245,92 manat təşkil etmişdir. Sözügedən avtomobil artıq satılmışdır. İddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 79 680 manat dəyərində “Skoda Karoq” markalı avtomobil satılmış, cavabdeh də öz növbəsində 60 ay müddətində hər ay 1328 manat ödəməyi öz üzərinə götürmüşdür xx.xx.2024-cü il tarixli Təhvil-Təslim aktından görünür ki, “Skoda Karoq” markalı avtomobil Cavabdeh qüsursuz və texniki saz vəziyyətdə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixinə gecikdirilmiş məbləğ 2656 manat, cərimə məbləği 796 manat təşkil edir Təmir aktından görünür ki, “Skoda Karoq” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə servisə daxil olmuş, avtomobilin təmir xərcləri 2310,24 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, EQ23530600 nömrəli protokola əsasən Cavabdeh Bakı, X5, 247-255 ünvanında 77AT482 dövlət qeydiyyatlı nişanlı avtomobillə İXM-nin 328.1-ci maddəsilə Yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə cərimələnmiş, 12.7 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, EQ22806894 nömrəli protokola əsasən Abbasov X1 yolu Grandmart Market yaxınlığı şəhər ist ünvanında 77AT482 dövlət qeydiyyatlı nişanlı avtomobillə İXM-nin 469.3-cü maddəsilə Qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sıgorta müqaviləsinin bağlanmamasına görə cərimələnmiş, 80 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, EQ22806900 nömrəli protokola əsasən Cavabdeh Hava limanı yolu Komsomol korpusu Mərkə ist 1 ünvanında 77AT482 dövlət qeydiyyatlı nişanlı avtomobillə İXM-nin 328.1-ci maddəsilə Yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə cərimələnmiş, 16 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, EQ22806902 nömrəli protokola əsasən Abbasov X2 rayonu M.Xiyabani küçəsi ünvanında 77AT482 dövlət qeydiyyatlı nişanlı avtomobillə İXM-nin 346.1-ci maddəsilə Dayanma və ya durma qaydalarını pozmağa görə cərimələnmiş, 32 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, EQ22806897 nömrəli protokola əsasən Cavabdeh Z.Bünyadov pr.1-ci km Aşqarlar Universiteti yaxınlığı 20 Yanvar ist2 ünvanında 77AT482 dövlət qeydiyyatlı nişanlı avtomobillə İXM-nin 328.1-ci maddəsilə Yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə cərimələnmiş, 16 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, EQ23029582 nömrəli protokola əsasən Cavabdeh F.X.Xoyski prospekti ünvanında 77AT482 dövlət qeydiyyatlı nişanlı avtomobillə İXM-nin 346.1-ci maddəsilə Bu məcəllənin 346.2 - 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarini pozmağa görə görə cərimələnmiş, 25.4 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən müəyyən olunur ki, İXP6612663 nömrəli protokola əsasən cavabdeh cərimələnmiş, 46.4 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı tərəfindən 81 manat dövlət rüsumu köçürülmüşdür. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, “Skoda Karoq” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində görülən işlərin məbləği 2000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 441.5-ci maddəsinə əsasən bu Məcəllənin 441.2-441.4-cü maddələrində nəzərdə tutulan qaydalar müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda tətbiq edilir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı və Cavabdeh arasında cavabdehin şəxsi istifadəsi üçün avtomobil Alqı-satqısına dair xx.xx.2024-cü il tarixli Müqavilə imzalanmışdır. Müqaviləyə əsasən satıcı Skoda Karoq markalı avtonəqliyyat vasitəsi Siatıcı tərəfindən ilkin ödəniş edilmədən Alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının (iş üzrə cavabdeh) sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, cavabdeh dəyəri 79,680.00 (yetmiş doqquz min altı yüz səksən) manat müəyyən edilən avtomobilin dəyərini xx.xx.2024-cü il tarixindən etibarən 60 (altmış) ay müddətinə, ayda 1328.00 (bir min üç yüziyirmisəkkiz) manat olmaqla iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən Müqavilə üzrə ödəniş öhdəliklərini icra etməmiş, müqavilə bağlandıqdan və avtomobil ona təhvil verildikdən sonra heç bir ödəniş etməmiş, cavabdehə öhdəliklərinin icra edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh öhdəliklərinin icrasından, həmçinin avtomobili qaytarmaqdan boyun qaçırmışdır. X4 tərəfindən saxlanıldıqdan sonra, nəqliyyat vasitəsi müvafiq duracaqdan xx.xx.2024-cü il tarixində rəsmi servis mərkəzimizə gətirilmişdir və cavabdehdən avtomobilin təhvil-təslim alınması mümkün olmamışdır. Bununla bağlı Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəbindən, yəni avtomobilin qanuni sahibliyimizə geri qaytarıldığı tarixlə birlikdə iki aydan çox müddətdə, iddiaçıya ödəməli olduğu məbləği gecikdirdiyinə və ödənişləri etməkdən yayındığına görə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə Müqavilənin 3.2.6-cı bəndinə əsasən xx.xx.2024-cü il tarixli Müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda tərəflər arasında müqavilə imzalandığı xx.xx.2024-cü il tarixindən avtomobilin geri götürüldüyü xx.xx.2024cü il tarixinədək cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyindən cavabdehin bağlanmış müqavilə üzrə icra edilməmiş öhdəliyi olan iki ayın ödənilməmiş məbləği, yəni 2,656.00 (iki min altı yüz əlli altı) manat məbləğində əsas borcu, həmçinin müqaviləyə əsasən ödənişlərin edilməməsi nəticəsində hesablanmış cərimələr də daxil olmaqla, borcun ödənilməsinin gecikdirildiyi günlər üçün müqavilənin xitamına qədər hesablanmış 796.00 (yeddi yüz doxsan altı) manat məbləğində dəbbə pulu yaranmışdır. Ona görə məhkəmə iddiaçının əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 132.5 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair akt tərtib olunmuşdur. Həmin baxış əsasında (baxış aktına əsasən) avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün xx.xx.2024-cü il tarixində təmir edilməklə 2,245.92 (iki min iki yüz qırx beş manat doxsan iki qəpik) manat avtomobilə xərc çəkilmiş və bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsi (təqsirli hüquqazidd hərəkətləri) nəticəsində İddiaçı MMC-yə real zərər (delikt) dəymişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində isə “Skoda Karoq” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində görülən işlərin məbləği 2000 manat müəyyən edilmişdir. Məhkəmə ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə avtomobilin üzərində görülən işlərə görə 2000 manat tutulmalıdır. Əlavə olaraq məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Cavabdeh istifadəsində olan avtomobili idarə etdiyi dövrdə törətdiyi inzibati xəta tənbehi olan cərimələri ödəməmiş və avtomobil şirkət tərəfindən təkrar satışa çıxarılarkən cavabdehin ödəmədiyi cərimələr məcbur şirkət tərəfindən ödənilmişdir. Bu cərimələrin ümumi məbləği isə iş materiallarına əlavə olunmuş qəbzlərə əsasən hesablanmış, 330.10 manat deyil, 273.2 manat təşkil etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının ödədiyi cərimələrə görə cavabdehdən 273.2 manat iddiaçının xeyrinə tutulmalıdır. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 5061.7 manata görə 70.61 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 70.61 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2,656 AZN əsas borc, 132.5 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 2000 manat, cavabdeh əvəzində ödənilmiş inzibati cərimə 273.2 manat olmaqla ümumilikdə 5061.7 manat pul vəsaiti və ödənilmiş 70.61 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməli və dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2,656 AZN əsas borc, 132.5 manat cərimə borcu və real zərər olaraq avtomobilin təmir xərci 2000 manat, cavabdeh əvəzində ödənilmiş inzibati cərimə 273.2 manat olmaqla ümumilikdə 5061.7 manat pul vəsaiti və ödənilmiş 70.61 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin və dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Xəzər rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №e-2(003)-1521/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1521/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver