Məhkəmə qərarları › İş №e-2(003)-1566/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1566/2023

12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1566/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı QSC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə MBK08236 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqısatqı müqaviləsi üzrə 1008.99 AZN borcun, 0 AZN cərimə borcunun, 30.1 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçid edilmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış MBK08236 saylı xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1217,99 manat dəyərində nisyə aldığı mala görə 6 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1211,99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 1211,99 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə Nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alqı-satqı müqaviləsinin 3-cü maddəsinə görə satıcı alıcıya Təhvil - təslim aktında (Əlavə 2) qeyd olunan malı satır və alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış nisyə alqı-satqı müqaviləsi üzrə malın dəyərini satıcıya ödəyir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3 % miqdarında dəbbə pulu ödəməlidir. Əlavə olaraq tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtmir. Belə ki, cavabdehin bugünə 1008,99 manat əsas borcu, 0 manat cərimə borcu yaranıb. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin borclu tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli MBK08236 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1217,99 manat dəyərində nisyə aldığı mala görə 6 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 1211,99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Hər ay ödəniş etsə də, aldığı əşya 2 ay sonra xarab olmuş və şirkətin təmir servisi onu təmir etmişlər. Buna baxmayaraq, hava soyuducu (kondisioner) 20 gün sonra xarab olmuşdur. O, kondisioneri geri qaytarmış və onun əvəzinə yeni kondisioner quraşdıraraq köhnə müqailəni yeniləmişlər. Bu zaman onun etdiyi 2 aylıq ödəniş yeni müqavilə üzrə hesablanmışdır. Bundan sonra o, bütün ödənişləri vaxtı-vaxtında etmiş və heç bir borcu qalmamışdır. Lakin, "xxxx" MMC sistemdə onun adına olan borcu silməmişdir. Tələbin güzəşti barədə İddiaçı MMC ilə bağlanan müqavilədə onun adına yazılmış 1008,99 manat tələb hüququ da İddiaçı MMC-yə keçmişdir. Onun heç bir borcu yoxdur. Bu barədə "xxxx" MMC-dən arayış almış və məhkəməyə təqdim etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iş materiallarını araşdıraraq iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı hüquqi şəxs "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli MBK08236 saylı nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Cavabdeh qiyməti 1217,99 manat olan “Vestel Flora 22” markalı kondisioneri 6 manat ilkin ödənişlə 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə hüquqi şəxs "xxxx" MMC-dən almışdır. Müqavilənin 4.11-ci maddəsinə görə bu müqavilə üzrə tələb hüquqları alıcının razılığı olmadan İddiaçı MMC və ya digər şəxslərə güzəşt edilə bilər. xx.xx.2022-ci il tarixli MBK08236 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan dövr ərzində hər ay 101 manat, xx.xx.2023-cü il tarixdə isə 100,99 manat olmaqla 12 ay müddətinə hissə-hissə ödənilməlidir. Hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 1 ədəd “Vestel Flora 22” markalı kondisioneri malın texniki göstəricilərinə və yararlılığına iradlar bildirmədən təhvil almışdır. Faktor İddiaçı MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsindən müəyyən olunur ki, müqaviləyə əsasən faktor, borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verməyi (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəştə getməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli R-16/19 saylı faktorinq müqaviləsinə əlavə olan xx.xx.2022-ci il tarixli R-xx/xx-0183 saylı sazişdən müəyyən olunur ki, müştəri "xxxx" MMC xx.xx.2022-ci il tarixli MBK08236 saylı müqavilə üzrə Cavabdeh barədə 1211,99 manatı faktor İddiaçı QSC-yə güzəşt etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də xx.xx.2022-ci il tarixli MBK08236 saylı müqavilə üzrə məhsul almışdır. Sonradan müştəri sifariş etdiyi məhsuldan imtina etmiş və müqavilə ləğv edilmişdir. Hazırda həmin müqavilə üzrə "xxxx" MMC-nin sitemində borc 0 azn təşkil edir. İddiaçı QSC-də MBK08236 saylı müqavilə üzrə borcalanın adında olan 1008,99 manat artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Həmin Məcəllənin 199.1-ci maddəsinə əsasən Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlə ilkin kreditor olan "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli MBK08236 saylı müqavilə ləğv edilmiş və öhdəliyə xitam verilmişdir. Tələbin güzəşti barədə müqavilə bağlanan zaman səhvən Cavabdeh adında qalmış 1008,99 manat borc da İddiaçı QSC-yə keçmişdir. Bununla da müəyyən olunur ki, öhdəlik mövcud olmadığına görə cavabdehin İddiaçı QSC-yə hər hansı bir borcu mövcud ola bilməz. İddiaçı QSC-yə güzəşt edilmiş Cavabdeh adında qalmış 1008,99 manat borc isə "xxxx" MMC-nin öhdəliyidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı “alqısatqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı QSC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar