Məhkəmə qərarları › İş №e-2(003)-1633/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1633/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1633/2023 24.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40021524 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 999,99 manat əsas borcun, 30 manat dövlət rüsumunun, 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40021524 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1069,99 manat dəyərində nisyə aldığı mala görə 70 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq qalmış 999,99 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 999,99 manat məbləğindəki tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun "xxxx" QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdehin bugünə 999,99 manat əsas borcu yaranmışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, o, sifariş etdiyi “X1 11 Pro” markalı məhsuldan imtina etmiş və həmin məhsulu geri qaytarmışdır. Nəticədə "xxxx" MMC ilə onun arasında bağlanmış 40021524 saylı, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş və onun müqavilə üzrə heç bir öhdəliyi və borcu yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(003)-1633/2023 saylı qərardadına əsasən ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşə baxılması zamanı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin ərizələr ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh "xxxx" MMC-dən aldığı “X1 11 Pro + 5G 8/128 Grey” markalı telefonun sifarişindən imtina etmiş və onu geri qaytarmışdır. AR Mülki məcəlləsinin 199.1-ci maddəsinə əsaən borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürməlidir. Borclu Cavabdeh aldığı malın sifarişindən imtina etməsi və onu geri qaytarması ilə bağlı İddiaçı QSC-yə heç bir məlumat verməmişdir. Halbuki, tələbin İddiaçı QSC-yə güzəşt edilməsi ilə bağlı bildiriş cavabdehə müqavilə bağlandığı zaman təqdim edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixində verilən arayışa əsasən Cavabdeh borcunun 0 olması və borc öhdəliyinin "xxxx" MMC-yə məxsus olduğu göstərilmişdir. "xxxx" MMC-nin sistemində borcun 0 olması başa düşülən haldır, odur ki, İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan faktorinq müqaviləsinə əsasən cavabdeh məhsulu əldə etdiyinə dair sənədləri imzaladığı andan etibarən İddiaçı QSC müvafiq ödənişi "xxxx" MMC-nin hesabına köçürür. Arayışda qeyd edilənlərə əlavə kimi borclunun "xxxx" MMC-yə qarşı tələb hüququ yaranır. Bundan əlavə, AR Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, Cavabdeh məhsulun sifarişindən imtina etməsi və geri qaytarması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndəsi Aydın Hacıyev iddiaya qarşı yazılı etirazla müraciət edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassızdır. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ********* saylı Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, ilkin ödəniş etməklə alıcıya 1069.99 manat məbləğində 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə “X1 11 Pro+ 5G 8/128 Grey” markalı mobil telefon satılmışdır. Sonradan alıcı yuxarıda qeyd olunan müqavilə üzrə aldığı məhsulu qanunla müəyyən edilmiş müddət ərzində geri qaytarmışdır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 15.1-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Hazırda Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı Nisyə alqı satqı müqaviləsi üzrə heç bir öhdəliyi və borcu yoxdur. Yuxarıda qeyd olunan hallar barədə İddiaçı QSC-yə məlumat verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə “X1 11 Pro+ 5G 8/128 Grey” markalı mobil telefon geri qaytardığından həmin müqavilə üzrə cavabdehdən pul tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Görünüdüyü kimi, müqavilə üzrə alıcıda olmayan məhsula görə pul tələb edilə bilməz. İddiaçı QSC iddia edirsə ki, onunla "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin hesabına alıcı Cavabdeh görə pul vəsaitinin ödənilməsini təsdiq edən sənədlərini, bank çıxarışlarını, (ödəniş tapşıqlarını) təqdim etməklə "xxxx" MMC-dən ödəmiş olduğu pul vəsaitini geri tələb edə bilər. Bu cür tələb etmək onun subyektiv hüquqdur. Lakin, Cavabdeh qarşı hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etməsi əsassızdır. "xxxx" MMC tərəfindən yuxarıda qeyd olunan bütün hallarla bağlı İddiaçı QSC məlumatlandırılmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin və iş üzrə üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 40021524 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 nömrəli əlavədən görünür ki, nisyə alqı-satqı müqaviləyə əsasən dəyəri 1069,99 manat olan mal Cavabdeh nisyə satılmış və cavabdeh 70 manat ilkin ödəniş etməklə qalıq qalmış malın dəyərini 12 ay müddətində hər ay 83 manat, sonuncu ayı isə 86,99 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli, 40021524 saylı nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan mal – “X2 11 Pro +5G 8/128 Grey” markalı mobil telefon alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan faktor İddiaçı QSC ilə müştəri "xxxx" MMC oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, R-16/19 saylı faktorinq müqaviləsindən görünür ki, faktor borclu barəsində müştərinin borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarında olan faktor İddiaçı QSC ilə müştəri "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, R-xx/xx-0233 saylı Sazişdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 40021524 saylı müqavilə üzrə yaranmış borc faktora güzəşt edilmişdir. İş materiallarında olan bildirişdən görünür ki, Cavabdeh onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixdə 40021524 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısının İddiaçı QSC-yə güzəşt edilməsi barədə bildiriş almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 999,99 manat əsas borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı QSC tərəfindən xx.xx.2022-ci il tarixli, 40021524 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış borcun xx.xx.2023-cü il tarixədək qaytarılması cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixində 40021524 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (X1 11 Pro 4 5G 8/128 Grey) imtina etmiş və məhsulu geri qaytarmışdır. Nəticədə müqavilə ləğv edilmişdir. Hazırda 40021524 saylı müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 azn təşkil edir. "xxxx"-da 40021524 saylı müqavilə üzrə borcalanın adında olan 999,99 azn artıq borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. İşin hallarından müəyyən olunur ki, iş üzrə Cavabdeh ilə üçüncü şəxs "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə nisyə-alqı satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında Cavabdeh mobil telefon satılmış, alınmış malın dəyərini 70 manat ilkin ödəniş etməklə qalıq qalmış 999,99 manat pulu hissə-hissə ödəməsi barədə alıcı Cavabdeh "xxxx" MMC qarşısında öhdəlik götürmüşdür. Daha sonra həmin öhdəlik "xxxx" QSC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən faktor "xxxx" QSC-yə güzəşt edilmişdir. Həmçinin müəyyən olunur ki, alıcı Cavabdeh tərəfindən alınmış mal (mobil telefon) satıcı "xxxx" MMC-yə geri qaytarılmış və bu səbəbdən onların razılaşmaları əsasında aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 40021524 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilmiş, həmin müqavilə əsasında alıcının (cavabdehin) satıcıya ("xxxx" MMC-yə) borcu mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Qeyd olunan qanunvericiliyin tələblərini, iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının cavabdehdən borcun tələb etməsinin əsasını müştəri "xxxx" MMC ilə bağlanmış faktorinq müqaviləsi təşkil edir ki, həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh malın satılmasından irəli gələn pul tələbi güzəşt edilmişdir. Hazırda isə müəyyən olunur ki, "xxxx" MMC-dən Cavabdeh tərəfindən alınmış mal geri qaytarılmaqla aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsi razılıqlarına əsasən ləğv edilmiş və Cavabdeh "xxxx" MMC qarşısında hər hansı bir öhdəlikləri qalmamışdır. Bununla da məhkəmə hesab edir ki, faktorinq müqaviləsi üzrə borclunun (Cavabdeh) müştəriyə ("xxxx" MMC-yə) mövcud olmayan öhdəliklərinin yerinə yetirilməsinin faktor ("xxxx" QSC) tərəfindən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar