Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1678/2025 01.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Hüseynli Hüseyn İnanc oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə əsasən mülki işə baxaraq, MÜƏYYƏN ETDİM İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 395 manat məbləğində əsas, 40 manat cərimə borcu və 30 manat məbləğində ödınilmiş dövlət rüsumu olmaqla, cəmi 465 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0079271 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə, 1034 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 1034 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alqı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 639 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixə 40 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildiriş poçt vasitəsi ilə verilmiş zərfin üzərinə “ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0079271 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, məişət avadanlığı ilkin ödəniş olmadan, 18 ay müddətinə 1034 manata Cavabdeh satılmışdır. Ödəniş 30 gündən başlayaraq gecikdirildikdə hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh R0079271 saylı, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İddiaçı MMC-yə hər ay 58 manat (sonuncu ay 48 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh R0079271 saylı, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə İddiaçı MMC-yə 395 manat əsas borcu, 40 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan hökümət ödəniş portalına ödənilmiş 27 fevral 2025-ci il tarixli, **********07 saylı qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0079271 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh üzərinə düşdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun cəmiyyətə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında aldığı əşyanın dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan əşya almasına dair hüququndan istifadə etmiş, həmin əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Qeyd edilməlidir ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla belə qənaətə gəlirəm ki, 395 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 40 manat cərimə borcunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 15 manat cərimə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdeh R0079271 saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 395 manat məbləğində əsas, 15 manat cərimə borcu, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 440 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-231, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİM İddia qismən təmin edilsin. Cavabdeh 395 (üç yüz doxsan beş) manat məbləğində əsas, 15 (on beş) manat cərimə borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-1678/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1678/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver