Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-171/2023 06.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Seyid oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Seyid oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh Seyid oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 ilə arasında xx.xx.2019-cu il tarixində torpaq sahəsinin rəsmiləşdirilməsi üçün ilkin müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 müqavilə üzrə birinci tərəf İddiaçı ikinci tərəf olmuşdur. Müqavilənin predmeti Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2018-ci il tarixli 14-110 nömrəli arxiv çıxarışı əsasında Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarı ilə Bakı şəhəri Buzovna qəsəbəsində 14/12 nömrəli sahə ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin ilkin alqı-satqı müqaviləsi rəsmiləşdirilməsində tərəflərin öhdəlikləridir. Həmin Müqavilənin 2-ci bəndinə əsasən tərəflər göstərilən əmlakın satış qiymətini 60000 manat məbləğində müəyyən etmişdir. Həmin məbləğdən bu müqavilənin bağlanması anında “ikinci tərəf” tərəfindən 58000 manat notariusun bankda açılan depozit hesabı vasitəsilə “birinci tərəf”ə ödənilir və gələcəkdə alqı-satqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. “İkinci tərəf” borclu qaldığı 2000 manatı xx.xx.2019-cu il tarixədək müddətdə “birinci tərəf”ə ödənilməsini öhdəsinə götürür və tərəflər buna razıdırlar. “Birinci tərəf” istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2019-cu il tarixədək müddətdə “ikinci tərəf”ə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürür. Müqavilədən də göründüyü kimi, X4 müqavilə bağlanarkən etibarnamə üzrə nümayəndəsi Cavabdeh Seyid oğlu təmsil etmişdir. 58000 manat pul da Cavabdeh Seyid oğluna ödənilmişdir. Hətta xx.xx.2019-cu il tarixədək İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək qalan 2000 manatı da X2 nümayəndəsi Cavabdeh Seyid oğluna ödəmişdir.Bununla da iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin X3 nümayəndəsi Cavabdeh Seyid oğlu ondan müqavilə üzrə 60000 manat pul alsa da,müqavilə şərtlərini yerinə yetirməmişdir. İddia ərəfinini düşünməyə əsasları var ki, həmin 60000 manat pul Cavabdeh Seyid oğlunda qalmışdır. Odur ki, Cavabdeh 60000 manat borcun və 270 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim olunmuş qəbz həyatda olmayan şəxs tərəfindən verilmişdir. Həmin qəbzin doğruluğu təsdiq olunmur. Məhkəmə iclasında iştirak edən Cavabdeh Seyid oğlu iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ilə ilkin alqı-satqı müqaviləsinin tərəfi mərhum Sahib İsmayılov olmuşdur. Müqavilə üzrə iddiaçı tərəf ödəniş etsə də, onlar tərəfindən torpağın sənədlərinin rəsmiləşdirilməsi mümkün olmadığına görə öz öhdəliklərini yerinə yetirə bilməmişlər. Lakin iddianın ona qarşı qaldırılması əsassızdır. O, sadəcə etibarnamə əsasında müqavilənin bağlanmasında iştirak etmiş, pulu isə Sahibə vermişdir. Pul vəsaitinin onun tərəfindən Sahib İsmayılova verilməsi ilə bağlı mərhumun özü tərəfindən qəbz tərtib olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X6 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və. hərəkətləri etməyi Cavabdeh etibar etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ilkin müqavilənin surətindən görünür ki, X6 (Cavabdeh tərəfindən təmsil edilməklə) ilə İddiaçı Bakı şəhəri Buzovna qəsəbəsində 14/12 nömrəli sahə ünvanında yerləşən 1200 kv.m. torpaq sahəsinin ilkin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi öhdəliyini götürmüşlər. Müqaviləyə əsasən əmlakın satış qiyməti 60000,0 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən bu müqavilənin bağlanması anında alıcı tərəfindən 58000,0 manat satıcıya ödənilir və gələcəkdə alqısatqı müqaviləsi bağlanarkən nəzərə alınacaqdır. Alıcı borclu qaldığı 2000,0 manatı xx.xx.2019-cu il tarixədək müddətdə satıcı tərəfə ödəməyi öhdəsinə götürür. “Birinci tərəf” istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsini həyata keçirərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın onun özü və ya etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq daşınmaz əmlakın xx.xx.2019-cu il tarixədək müddətdə “ikinci tərəf”ə satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını və onun mülkiyyətinə verilməsini öhdəsinə götürür. İş materiallarında olan və sadə əl yazısı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, X1 Emin Seyidağa oğluna etibarnamə ilə Buzovna qəsəbəsində ona məxsus 0.12 ha torpaq sahəsini alqı-satqı eləmək üçün onun əvəzinə icazə vermiş. Cavabdeh alqı-satqıdan sonra ona 60000,0 manat pulunu tam vermişdir. İş üzrə alınmış Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1924 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 55-ci vərəqəsində olan xx.xx.2019-cu il tarixli qəbzdəki yazılar və “İmza” sözünün qarşısındakı imza X5 tərəfindən icra olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları, hər iki tərəfin izahatları və iş materialları ilə müəyyən edilir ki, X1 X12 tərəfindən təmsil edilməklə İddiaçı ilə Bakı şəhəri Buzovna qəsəbəsində 14/12 nömrəli sahə ünvanında yerləşən torpaq sahəsinin ilkin alqısatqısına dair müqavilə bağlamış, həmin müqavilə əsasında İddiaçı 60000,0 manat ödəniş həyata keçirmişdir. Lakin satıcı tərəfindən torpağın sənədlərinin rəsmiləşdirilməsi mümkün olmadığına görə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilə bilməmişdir. Məhkəmə işin hallarını araşdıraraq ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddələrinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. İşdən görünür ki, bağlanmış ilkin müqavilədə əsas müqavilənin bağlanması müddəti xx.xx.2019-cu il olaraq müəyyən edilmiş, alıcı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilənin dəyərini ödəmiş, lakin əsas alqı-satqı müaviləsi həmin tarixədək bağlanmamışdır. Lakin iddiaçı hazırda ilkin müqavilə üzrə ödəmiş olduğu pul vəsaitinin qaytarılmasını həmin müqavilə üzrə etibarnamə əsasında satıcının əvəzinə iştirak etmiş Cavabdeh Seyid oğlundan tələb edir. Məhkəmə, iddiaçının tələblərini araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 646 və 647-ci maddələrinə əsasən Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmışdır. Cavabdeh digər şəxsi, müqavilə üzrə satıcı Sahib İsmayılovu etibarnamə ilə təmsil edərək müqavilənin bağlanmasında onun adından iştirak etmişdir. Həmçinin, iş materialları və iş üzrə alınmış məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də müəyyən olunur ki, Cavabdeh tərəfindən iddiaçının ödəmiş olduğu 60000,0 manat pul vəsaiti təmsil etdiyi S.İsmayılova təhvil verilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Göründüyü kimi, etibarnamənin mənası yalnız təmsilçilikdən ibarətdir. Belə ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Azərbaycan Respublikası MM-nin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-nin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Burada nəzərə alınmalıdır ki, etibarnamə verilərkən Sahib İsmayılov (təmsil olunan), Cavabdeh bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək, Sahib İsmayılov (təmsil olunan) maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə öhdəliyi olmadığından, cavabdeh müqavilə üzrə təmsilçi kimi iştirak edərək müqavilə dəyərini satıcıya təhvil verdiyindən, hazırki iş üzrə iddia tələbində cavabdeh kimi qeyd edilən Cavabdeh hazırki iddia tələbinə cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçının ödəmiş olduğu dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” (maddə 77.1). Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-171/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-171/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver