Məhkəmə qərarları › İş №e-2(003)-1749/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1749/2023

08.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1749/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisi olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhəri 25 saylı Notariat Ofisi olmaqla “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 ölümündən sonra açılan mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2003-cü il tarixdə vəfat etmiş X3 ölümündən sonra açılan mirasın-Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sahiblik və istifadə etmək hüququ ilə ərizəçinin əmisi (atasının qardaşı) X10 məxsus olmuşdur. O, 08 oktyabr 2003-cü il tarixində vəfat etmişdir. X5 10 iyul 1969-cu ildə X4 ilə rəsmi nikahda olmuş, lakin onların övladları olmamışdır. Əmisinin arvadı X4 xx.xx.2002-ci ildə vəfat etmişdir. X7 isə onlardan əvvəl, yəni 21 fevral 1997-ci ildə vəfat etmişdir. Əmisi və onun həyat yoldaşının birgə nikahdan övladları olmadığına görə onlar ərizəçini öz övladları kimi qəbul etmiş və o, onlarla birgə yaşayaraq onların hər ikisinə qulluq etməklə onlarla birgə təsərrüfat aparmışdır. Hazırda da həmin fərdi evdə yaşayır. Onun məhkəməyə müraciəti əsasında X9 onun əmisi (atasının qardaşı) olması müəyyən olunmuş və onun Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, ünvan 1 yaşayış sahəsinə istifadə hüququ tanınmışdır. Yuxarıda istinad edilən faktlar Əzizbəyov Rayon Məhkəməsinin 2-578/2007 saylı 07 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə bir daha təsdiq edilir. X3 ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış yuxarıda göstərilən fərdi yaşayış evində yaşamışdır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Ondan başqa heç bir vərəsə yoxdur. Əmisi vəfat etdikdən sonra özünü onun övladı kimi bildiyindən vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariusa müraciət etməmişdir. Son günlər bunun lazım olduğunu bilmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün xx.xx.2023-cü il tarixində Xəzər rayonundakı 25 saylı Notariat ofisinə rəsmi müraciət etmişdir. Notarius onun müraciətinə x/o 187/23 saylı 06 aprel 2023 tarixli məktubla cavab verərək qanunda nəzərdə tutulmuş müddətin buraxıldığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması, bunun üçün məhkəməyə müraciət edilməli olmasını bildirilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 2-578/2007 saylı iş üzrə araşdırma aparması zamanı şahid qismində dindirilmiş X24 oglu, X13, X16 və X19 təsdiq etmişlər ki, X3 övladı olmadığına görə o ərizəçini kiçik yaşlarından övladlığa götürmüş və o, onun ailəsi ilə birgə yaşamışdır. Bundan başqa həmin iş üzrə qəbul edilmiş 07 sentyabr 2007-ci il tarixli məhkəmə qətnaməsində bir daha təsdiq edilmişdir ki, iş materialındakı 2783 saylı 30 may 2007-ci il tarixli Əzizbəyov RİH Başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin arayışına əsasən ərizəçi İddiaçı oglu X5 ilə birgə Buzovna qəsəbəsi, Ordubadi küçəsi, ev 16da yaşamış və hal-hazırda da orada yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkil sorğusuna verdiyi 3-13-18/2-9823/23 saylı xx.xx.2023 tarixli cavabından məlum olur ki, ərizəçi X3 08 oktyabr 2003-cü il tarixində vəfat etməsindən bir il əvvəldən, yəni 18 mart 2002ci ildən əmisinə məxsus olan Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. Məhkəmə iclasında şahid X20 ifadəsində göstərdi ki, ərizəçi ilə eyni məhəllədə yaşayır. Evləri arasında məsafə çox yaxındır. Sadıx əmisi Süleyman ilə birlikdə yaşamışdır. Süleymanın uşaqları yox idi. Sadıxın atası Salman Süleymandan əvvəl vəfat etmişdir. Halhazırda Sadıx əmisinin həmin evində yaşayır. Sadıxın qardaşı Fərman da onlara qonşu olmuşdur. Eyni həyətin içində evləri var idi. Sonradan qapılarını ayırmışlar. Onlar arasında torpaq sahəsi və evlə bağlı heç bir mübahisə olmamışdır. Sadıx subaydır və tək yaşayır. Maraqlı şəxs Bakı şəhəri 25 saylı notariat ofisi məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadəsini dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.1992-ci il tarixli 30/2575 saylı texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, ünvan 1 X9 adına verilmişdir. -Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 054456 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 “tromboz” səbəbindən xx.xx.2003-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeydə alınması haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 688 nömrə ilə qeydə alınmışdır. -Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ seriyalı 127688 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 “kəskin ürək-qan damar çatışmazlığı” səbəbindən xx.xx.2002-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölümün qeydə alınması haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 633 nömrə ilə qeydə alınmışdır. -Bakı şəhəri Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-578/2007 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək İddiaçı X7nun X15 ilə qardaşı olması faktı müəyyən edilərək, onun Bakı şəhəri Əzizbəyov rayonu Buzovna qəsəbəsi Ordubadi küçəsi ev 16A yaşayış sahəsinə istifadə hüququnun tanınması qət edilmişdir. -Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri üzrə “X12 X1 Sistemi”-də məlumatlar yoxlanılmış və vətəndaşlar X15 və X2 övladları barədə məlumatlar aşkar edilməmişdir. X15 və X2 nikahı Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 170 saylı xx.xx.1969-cu il tarixli nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. - Azərbaycan respublikası DİN Baş pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-18/2-9823/23 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixindən Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. - Bakı şəhər Xəzər (köhnə Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2- 578/2007 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, Xəzər (köhnə Əzizbəyov) rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsaəbəsindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 2783 saylı arayışa əsasən İddiaçı X5 ilə birgə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yaşamış və həmin vaxta kimi faktiki orada yaşayıb. Həmin qətnamə üzrə verilmiş şahid ifadələrindən aydın olmuşdur ki, əmisinin uşağı olmadığından ərizəçi (İddiaçı) kiçik yaşlarından X15 ilə birgə yaşamışdır. -Bakı şəhəri 25 saylı Notariat Ofisinin Notariusu tərəfindən İddiaçı verilmiş xx.xx.2023cü il tarixli x/o-187/23 nömrəli məktubdan aydın olur ki, onun X6 miras qalmış əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə mirasın qəbulu üçün müəyənləşdirilmş müddətin ötməsi səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarda göstərilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 99-cu bəndinin 5-ci hissəsinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd, mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd, mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti, miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut ola bilər. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarından görünür ki, ərizəçi tərəfindən müəyyən edilməsi xahiş olunan miras əmlakın qəbul edilməsi faktı - əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olan faktdan ibarətdir. Ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. İşin araşdırılmış hallarından görünür ki, ərizəçi İddiaçı X5 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Vəfat edən zaman onun birinci növbə vərəsələri olmamışdır. İkinci növbə vərəsə kimi X9 artıq vəfat etmiş qardaşı X11 Sadıx Salman oğlu əmlaka faktiki sahiblik etməyə başlamaqla miras əmlak kütləsini qəbul etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılır. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə vərəsələr ölənin bacıları və qardaşları hesab olunur. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Sadalanan qanunvericiliyin tələblərindən görünür ki, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, miras qoyanın ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi olmadığından, ikinci növbə vərəsəsi olan qardaşı oğlu İddiaçı miras qalmış əmlakı faktiki qəbul etdiyindən həmin miras qalmış əmlak (yaşayış evi) onun mülkiyyəti sayılır. Ərizəçiyə məxsus bu hüququn həyata keçirilməsi üçün (vərəsəlik qaydasında şəhadətnamənin verilməsi üçün) ərizəçiyə miras əmlakın faktiki qəbul olunması faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim edilmədiyindən notariat ofisi tərəfindən ərizəçiyə miras əmlakla bağlı vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İşin araşdırılmış hallarından, ərizəçiyə əmisi Süleyman Quliyevdən miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ev hazırda da ərizəçinin sahibliyində və istifadəsindədir. Yəni ərizəçi miras qalmış həmin əmlakı faktiki olaraq, əmisinin ölümündən sonra, əmisinə məxsus əmlak kimi qəbul etmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xahiş olunan faktın müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qeyd edilən mirasın qəbul edilməsi iş materialları ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə təmin edilərək İddiaçı tərəfindən mərhum X6 miras qalmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanının miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi, 16 A saylı fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar