Məhkəmə qərarları › İş №e-2(003)-1931/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1931/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1931/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 8933,22 manat məbləğində borcun və 109,34 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 2 ədəd Samsung markalı televizor, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh 3 ədəd Playstation 5 oyun konsolu və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh İmei kod **********67822 olan Samsung Galaxy A25 markalı telefon almış və nəticədə 8933,22 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 3762 manat (12 ay x 313,50 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd Samsung markalı televizor üçün ümumilikdə 4138,20 manat olmaqla, ondan 3762 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 376,20 manat cərimə borcu, alqı-satqı qiyməti 3679,08 manat (12 ay x 306,59 manat + 40 manat ilkin ödəniş) 3 ədəd Playstation 5 oyun konsolu üçün ümumilikdə 4046,99 manat olmaqla, ondan 3679,08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 367,91 manat cərimə borcu, həmçinin alqısatqı qiyməti 680 manat (12 ay x 56,67 manat + 0 manat ilkin ödəniş) İmei kod **********67822 olan Samsung Galaxy A25 markalı telefon üçün ümumilikdə 748,04 manat olmaqla, ondan 680,04 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC-nin xeyrinə Cavabdeh ümumilikdə 8933,22 manat məbləğində pul vəsitinin və 109,34 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 12 may 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12143718 saylı müqavilədən aydın olur ki, 2 ədəd Samsung markalı televizor üçün ilkin ödəniş olmadan, hər ay nağd qaydada 313,50 ödəməklə, 12 ay müddətinə 3762 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 2 ədəd Samsung markalı televizoru tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 12143718 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək "xxxx" MMC-yə hər ay 313,50 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, ********* saylı müqavilədən aydın olur ki, 3 ədəd Playstation 5 oyun konsolu üçün ilkin ödəniş 40 manat olmaqla, hər ay nağd qaydada 306,59 manat ödəməklə, 12 ay müddətinə 3679,08 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh 3 ədəd Playstation 5 oyun konsolunu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" MMC-yə hər ay 306,59 ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024cü il tarixli, 11229131 saylı müqavilədən aydın olur ki, İmei kod **********67822 olan Samsung Galaxy A25 markalı telefon üçün ilkin ödəniş olmadan, hər ay nağd qaydada 56,67 manat ödəməklə, 12 ay müddətinə 680,04 manata Cavabdeh satılmışdır. “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (Müqavilə 2.6). İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Fərruxlu X1 **********67822 olan Samsung Galaxy A25 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 11229131 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək "xxxx" MMC-yə hər ay 56,67 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixli, 12143718 saylı müqaviləyə əsasən 3762 manat əsas, 376,20 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli, ********* saylı müqaviləyə əsasən 3679,08 manat məbləğində əsas, 367,91 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli, 11229131 saylı müqaviləyə əsasən 680,04 manat məbləğində əsas, 68 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 109,34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 12143718 saylı, xx.xx.2024-cü il tarixli, ********* və xx.xx.2024-cü il tarixli, 11229131 saylı müqavilələrə əsasən Cavabdeh üzərinə düşdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun cəmiyyətə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatandan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələrə əsasında aldığı əşyaların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan avadanlıq almasına dair hüququndan istifadə etmiş, həmin avadanlığın dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Qeyd edilməlidir ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 3762 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 376,20 manat cərimə pulunun, 3679,08 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 367,91 manat cərimə pulunun və 680,04 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 68 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə müvafiq olaraq 120 manat, 115 manat və 15 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.2.-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir. İşə əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 109,34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 103,71 manat məbləğində pul tutulmalı, 5,63 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, cavabdeh xx.xx.2024-cü il tarixli, 12143718 saylı, xx.xx.2024-cü il tarixli, ********* və xx.xx.2024-cü il tarixli, 11229131 saylı alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilələr üzrə yaranmış, (xx.xx.2024-cü il tarixli, 12143718 saylı müqavilə üzrə) 3762 manat məbləğində əsas, 120 manat cərimə borcu olmaqla, 3882 manat məbləğində pul vəsaiti, (xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə) 3679,08 manat məbləğində əsas, 115 manat cərimə borcu olmaqla, 3794,08 manat məbləğində pul vəsaiti və (xx.xx.2024-cü il tarixli, 11229131 saylı müqavilə üzrə) 680,04 manat məbləğində əsas, 15 manat cərimə borcu olmaqla, 695,04 manat məbləğində pul vəsaiti və ödənilmiş 103,71 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 12143718 saylı müqavilə üzrə 3762 (üç min yeddi yüz altmiş iki) manat məbləğində əsas, 120 (bir yüz iyirmi) manat məbləğində cərimə borcu olmaqla, 3882 (üç min səkkiz yüz səksən iki) manat məbləğində pul vəsaiti, xx.xx.2024-cü il tarixli, ********* saylı müqavilə üzrə 3679,08 (üç min altı yüz yetmiş doqquz manat səkkiz qəpik) manat məbləğində əsas, 115 (bir yüz on beş) manat məbləğində cərimə borcu olmaqla, 3794,08 (üç min yeddi yüz doxsan dörd manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti və xx.xx.2024-cü il tarixli, 11229131 saylı müqavilə üzrə 680,04 (altı yüz səksən manat dörd qəpik) manat məbləğində əsas, 15 (on beş) manat məbləğində cərimə borcu olmaqla, 695,04 (altı yüz doxsan beş manat dörd qəpik) manat məbləğində pul vəsaiti, cəmi 8371,12 (səkkiz min üç yüz yetmiş bir manat on iki qəpik) manat məbləğində pul vəsaiti və 103,71 (bir yüz üç manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 5,63 (beş manat altmış üç qəpik) manat hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar