Məhkəmə qərarları › İş №e-2(003)-2215/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2215/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2215/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Rüstəmov Emin Şahin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2252 manat borcun, 500 manat cərimənin, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 337 manatın, cəmi 3089 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 aprel 2019-cu il tarixli MK/087-2019 saylı Nisyə satış müqaviləsinə əsasən İddiaçı MMC Cavabdeh 2400 (iki min dörd yüz) manat dəyəri olan “MONDİAL SFC100” markalı “MOTOSİKL”i nisyə satmağı,cavabdeh isə satılmış əşyaya görə 200 (iki yüz) manat ilkin ödəniş edərək “MOTOSİKL”i qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2200 (iki min iki yüz) manat məbləğində pulməbləğini ödəməyi öhdəsinə götürür. Cavabdeh Qasımov X1 Əlavə №1-də (ödəniş cədvəli üzrə) mütəmadı olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, Nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq o, Nisyə satış müqavilə obyektini geri qaytarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 1400(bir min dörd yüz) manat əsas borcu, 500 (beş yüz) manat penya borcu, cəmi 1900(bir min doqquz yüz) manat qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlavə olaraq qeyd edirik ki, Cavabdeh 28 aprel 2019cu il tarixli MK/087-2019 saylı Nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2019-cu il tarixdə 200 (iki yüz) manat, ümumilikdə 800(səkkiz yüz) manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən Nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfuz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, cavabdeh X2 xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə cavabdeh X2 ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində 1400 (bir min dörd yüz) manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarından görünür ki: -İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə MK/087-2019 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2400 manat olan “ Mondial SFC 100” markalı motosiklet iddiaçı tərəfindən cavabdehə nisyə satılmış və cavabdeh ilkin 200 manat ilkin ödəniş etməklə 15 ay müddətində ödəniş cədvəli üzrə alıq qalmış 2200 manat məbləği xx.xx.2019-cü il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 147 manat, sonuncu ayı isə 142 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. -xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2019- cu il tarixli müqavilə üzrə 1400 manat əsas, 500 manat cərimə olmaqla 1900 manat borcu vardır. -xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən iddiaçı tərəfindən müqavilə üzrə yaranmış 2000 manat borcun ödənilməsi təklif olunmuş, borcun ödənilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görüləcəyi barədə xəbərdarqlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə və tədqiq edilmiş iş materialları ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış əsas borcun tələb etməsində haqlı olmuş və bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, MK/087-2019 saylı müqavilə üzrə 1400 manat əsas borc məbləği tutulmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında qeyd olunan nisyə alqısatqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə dəyəri 2400 manat olan “Mondial SFC 100” markalı motosiklet nisyə satılmış və cavabdeh ilkin 200 manat ödəniş etməklə qalıq qalmış 2200 manat pulu 15 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 147 manat, sonuncu ayı isə 142 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 1400 manat məbləğində iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi qalmışdır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin 500 manat penyanın və 1400 manat əldən çıxmış faydanın cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Cavabdehdən 500 manat məbləğində cərimə tələb olunsa da, bu barədə iddia ərizəsində əsaslar, həmin cərimənin yaranması qaydası və müddətləri göstərilməmişdir. Aralarında bağlanmış nisyə satış müaviləsində borclunun üzərinə öhdəliyi pozmağa görə penya formasında məsuliyyət qoyulması barədə müddəa mövcud deyil. Bununla da cavabdehin iddiaçı qarşısında penya formasında məsuliyyət daşıması iş üzrə müəyyən olunmur. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021- 2022-ci illər üçün 210 manatın cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankımüəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% (yeddi faiz) müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8% (səkkiz faiz) müəyyən etnişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 98 manat (1400*7%=98 manat), 2022-ci il üçün 112 manat (1400*8%=112 manat), cəmi 210 manat təşkil edir. Məhkəmə iddia tələbinin 1400 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq ona ödənilməsi barədə hissəsinə dair hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməldir. Belə ki, iddiaçı həmin hissədə tələb etdiyi məbləği ona münasibətdə əldən çıxmış fayda kimi qiymətləndirməklə işin bu halını təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli MK/087-2019 saylı müqavilə üzrə 1400 manat məbləğində əsas borc, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 210 manat və ödənilmiş dövlət rüsumuna görə 36 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, MK/087-2019 saylı müqavilə üzrə 1400 manat məbləğində əsas borc, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 210 manat və ödənilmiş dövlət rüsumuna görə 36 manat olmaqla, cəmi 1646 (bir min altı yüz qırx altı) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar