Məhkəmə qərarları › İş №e-2(003)-2236/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2236/2022

01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2236/2022 01.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1903 manat əsas borc, 191 manat cərimə, 40,94 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2134,94 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə R0019061 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi əsasən MMC tərəfindən cavabdehə 12 ay müddətinə 2076 manat dəyərində olan HP Pavilion X360 15.6 i3-1125G4 8 GB 512SSD / Proqram xidməti markalı əşya satılmışdır. Cavabdeh aldığı əşyanın dəyərini hissə-hissə ödəməyi barədə öhdəlik götürsə də, öhdəliklərini qismən yerinə yetirmiş və 173 manat ödəniş etmiş, qalıq qalmış borcu ödəməmişdir. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilənin 1.3-cü bəndində əsasən tələb hüquqları İddiaçı MMC-yə ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərfin üzərində “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, satıcı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə R0019061 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən "xxxx" MMC dəyəri 2076 manat olan əşyanı (HP Pavilion X360 15.6 i3-1125G4 8 GB 512SSD / Proqram xidməti) Cavabdeh nisyə satmış və cavabdeh 12 ay müddətində həmin malın dəyərini qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilədən görünür ki, “tələb hüquqlarını güzəşt edən” ilə borclular və digər şəxslər arasında bağlanmış bütün müqavilələr üzrə bu müqaviləyə əlavə edilən təhvil-təslim aktı əsasında tələb hüquqlarının “tələb hüquqlarını əldə edənə” ötürülməsi barədə razılıq əldə edilmişdir. Həmin müqavilənin 1.2-ci bəndində əsasən bütün müqavilələr üzrə borcluya qarşı tələb etmək hüququ əmlak tələbi, əsas borc məbləği daxil olmaqla, faizləri, komissiyaları, o cümlədən müqavilə öhdəliyinin yerinə yetirilməməsi və yaz lazımi qaydada yerinə yetirilməməsinə görə dəbbə pulu (cərimə) və digər tələblər də daxil olmaqla sanksiyaların hesablanmasını da əhatə edir. İş materiallarında olan təhvil-təslimaktından görünür ki, Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə R0019061 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə tələb irəli gələn tələb etmə hüququ xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilə əsasında "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1903 manat əsas, 161 manat cərimə borcu mövcuddur. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 1903 manat əsas borcunun, 191 manat cərimə borcun yarandığı, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli tələbin güzəşti haqqında müqavilə bağlanıldığı bildirirlmiş və həmin müqavilə əsasında yaranmış borcun İddiaçı MMC-yə ödənilməsi tələb edilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borcun yaranmasına əsas olmuş müqavilə üzrə tam həcmdə tələb etmə hüququ İddiaçı MMC-yə keçdiyindən yaranmış borcun cavabdehdən tutulmasına dair MMC tərəfindən verilmiş ərizə əsaslıdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş sənədlər görünür ki, iş üzrə cavabdeh Vorld Telecom” MMC ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli R0019061 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və aldığı əşyanın dəyərini vaxtı-vaxtında ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış 1903 manat məbləğində əsas borc tutulmalıdır. Lakin məhkəmə iddia tələbinin 191 manat cərimə pulunun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 1903 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 191 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1903 manat əsas borc, 50 manat cərimə, cəmi 1953 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 40,94 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1903 manat əsas borc, 50 manat cərimə, cəmi 1953 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 40,94 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar