Məhkəmə qərarları › İş №e-2(003)-230/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-230/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-230/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli VİP18488 saylı nisyə satış müqaviləsinə əsasən, borcluya 515,0 ABŞ dolları dəyərində «Samsung A525 4-128gb Blue” markalı mobil telefon ödəniş qrafikinə əsasən nisyə satılmışdır və cavabdehə təhvil verilmişdir. Öhdəliyin təminatı olaraq zamin Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən cavabdehə alınmış əmlak təhvil verilmiş və borclu onunla bağlanmış alqısatqı müqaviləsinə əsasən qalan 440,66 ABŞ dolları məbləğində borcunu hissə-hissə 12 ay müddətində ödəməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da hal-hazırkı vaxta ödənilməmiş 440,66 ABŞ dolları məbləğində borcu yaranmışdır. Ona görə də Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci-ci il tarixli VİP18488 saylı nisyə satış müqaviləsi və Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli VİP 18488 saylı zaminlik müqaviləsi üzrə 440,66 ABŞ dolları əsas borc, məcmu borcun 1% həcmində 110,0 ABŞ dolları cərimə borcu və ödənilmiş 30,0 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək Cavabdeh1 ilə bağlanmış xx.xx.2022-ci-ci il tarixli VİP18488 saylı nisyə satış müqaviləsi və Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il tarixli VİP 18488 saylı zaminlik müqaviləsi üzrə 750 manat əsas borc, məcmu borcun 1% həcmində 250 manat cərimə borcu və ödənilmiş 30,0 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianın dəqiqləşməsi barədə ərizələrini müdafiə edərək bildirdi ki, cavabdehlə alqı-satqı dollar vasitəsilə həyata keçirilmişdir. Lakin satış olarkən əşyanın qiyməti manatla hesablanmış və bu barədə qaimə işdə mövcuddur. Hazırda həmin məbləğlə ödənilməmiş borc hesablanaraq bu barədə tərəflərindən dəqiqləşmə ərizəsi təqdim olunmuşdur. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddianı qismən qəbul edir, həqiqətən də iddiaçıya ödənilməmiş 750 manat borcu var. Lakin, o iddia tələbini cərimə hissəsində qəbul etmir. İddia tələbinin həmin hissədə rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli, VİP18488 saylı nisyə alqı-satqı müqaviləsindən aydın olur ki, «Samsung A525 4- 128gb Blue” markalı mobil telefon 12 ay müddətinə 515,0 ABŞ dollarına Cavabdeh1 satılmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib olunmuş 1 nömrəli qaimədən görünür ki, Cavabdeh1 avadanlığı təhvil almış, avadanlığın qiyməti 877 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli VİP18488 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı MMC–yə hər ay nağd qaydada 39,0 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 zamin kimi öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qaimədən görünür ki, Cavabdeh1 877,0 manat dəyərində **********74234 İMEİ nömrəli, Samsung A525 marklı telefon təhvil verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 cəmiyyətə xx.xx.2022-ci il tarixli VİP18488 saylı alqı-satqı müqaviləsinə əsasən 440,66 ABŞ dolları əsas, 110,0 ABŞ dolları dəbbə (cərimə) borcu yaranmışdır. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh1 Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh1 İddiaçı MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən cavabdehə verilmiş alqı-satqı qiyməti 515,0 ABŞ dolları dəyərində olan avadanlığı hər ay nağd qaydada 107,0 ABŞ dolları ödəmək şərti ilə almışdır. Tərtib olunmuş qaimə əsasında avadanlığın qiyməti 877 manat müəyyən edilmişdir. Müqavilənin təminatı kimi Cavabdeh1 öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2 zamin kimi öhdəlik götürmüşdür. Cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehlərin borcu yaranmışdır. İş üzrə İddiaçı MMC həmin televizoru Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. İddiaçı hazırda yenidən hesablama apararaq, ABŞ dollarının manata olan hazırkı məzənnə qiyməti ilə 750 manat əsas borc, 250 manat cərimə borcunun cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 750 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 250 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 40,0 manat cərimə tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdehin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh2 alqı-satqı müqaviləsi üzrə alınmış öhdəliyə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış cərimə borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 digər Cavabdeh1 iddiaçıya olan xx.xx.2022-ci il tarixli, VİP18488 saylı alqı-satqı müqaviləsi üzrə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzər(lər)inə götürmüşdür(lər). Buna görə də cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh(lər) Cavabdeh2, Cavabdeh1 ilə birlikdə iş üzrə İddiaçı MMC qarşısında birgə məsuliyyət daşıyır(lar). Məhkəmə həmçinin iddianın 30,0 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı təşkilat tərəfindən iddia verilən zaman ödənilmiş 30,0 manat dövlət rüsumunun 10,0 manat hissəsi iddiaçıya aid edilməli, 20,0 manat isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 750 manat əsas, 40,0 manat cərimə olmaqla, cəmi 790,0 manat, həmçinin 20,0 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2938, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 750 manat əsas, 40,0 manat cərimə olmaqla, cəmi 790,0 manat pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 20,0 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar