Məhkəmə qərarları › İş №e-2(003)-2301/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2301/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2301/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 manat məbləğində sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi zamanı Cavabdeh idarə etdiyi “X5” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, H.Əliyev prospekti ilə hərəkət edən zaman manevretmə qaydalarını pozmuş, nəticədə “Mercedes Benz E220 CDİ” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Bakı şəhər BDYPİ tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli inzibati tənbeh haqqında qərara əsasən “X5” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmişdir. Qeyd olunan yolnəqliyya hadisəsi nəticəsində “Mercedes Benz E220 CDİ” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat məbləğləğində maddi zərər dəymişdir. Sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən həmin məbləğin ödənilməsi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərf rabitə orqanı tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 18:15 radələrində “X5” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən Azərbaycan Respublikasının 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP4780933 nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallar əsasında yol hərəkəti qaydalarını pozması, yol-nəqliyyat hadisəsi yerindən yayınmasına, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsinə görə o, Azərbaycan Respublikasının 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan ƏN-Vİ seriyalı, 105804 nömrəli etibarnamənin surətindən görünür ki, X2 mülkiyyətində olan “X5” minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həvalə etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 100 manat təşkil edir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, “X5” minik markalı ** CX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan sığorta ödənişi ilə bağlı İAS222129 nömrəli aktın surətindən və digər materiallardan görünür ki, “Mercedes Benz E220 CDİ” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 100 manat məbləğində pul həmin avtomobilin sahibi X1 hesabına köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Benz E220 CDİ” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 100 manat məbləğində müəyyənləşdirilərək ödənilməsinin qərara alındığı bildirilmiş və ondan bu barədə təkliflərinin olduğu təqdirdə 3 iş günü müddətində MMC-yə yazılı şəkildə müraciət etməsi təklif edilmişdir. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinin tələbinə görə faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materialları ilə müəyyən olunur ki, yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi qanuni əsaslarla (etibarnamə əsasında) Cavabdeh tərəfindən idarə edilərkən onun təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və o, hadisə yerindən yayınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı o, Azərbaycan Respublikasının 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Yol-nəqliyyat hadisəsi “Mercedes Benz E220 CDİ” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilə 100 manat məbləğində zərər dəymiş və həmin zərərin məbləği iddiaçı sığorta şirkəti tərəfindən ödənilmişdir. Odur ki, iddiaçı sığorta şirkətinin subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək sığorta ödənişinin məbləğinin əvəzi olaraq cavabdehdən 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsaəsn işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 100 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, 0,40 manat bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar