Məhkəmə qərarları › İş №e-2(003)-2335/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2335/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2335/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Cəfərzadə İlham Nizami oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2252 manat borcun, 500 manat cərimənin, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 337 manatın, cəmi 3089 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 51 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 aprel 2019-cu il tarixli, MK/071-2019 saylı nisyə satış müqaviləsinə əsasən iddiaçı cavabdehə 2807 manat dəyəri olan “Mondial Revival 50” markalı motosikli nisyə satmağı, cavabdeh isə satılmış əşyaya görə 350 manat ilkin ödəniş edərək motoksikli qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş müddətə və qaydada faizsiz hissə-hissə ödəmək şərtilə 2457 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh nisyə satış müaviləsinə Əlavə 1-də (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, nisyə satış müqavilə obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdr ki, bununla da müqavilə şərtlərinin 2.4.4 bəndini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazlı xəbərdarlıq edilməsinə baxmayaraq o, nisyə satış müqavilə obyektini geri qaylarmaqdan imtina etmişdir. Hazırda öhdəliklərini tam icra etməyən cavabdehin xx.xx.2023-cü il tarixə iddiaçıya 2252 manat əsas borcu, 500 manat penya borcu, cəmi 2757 manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Əlayə olaraq qeyd edilmişdir ki, Cavabdeh 14 aprel 2019-cu il tarixli, MK/071-2019 saylı nisyə satış müqaviləsi üzrə son ödənişini xx.xx.2019-cu il tarixdə 205 manat, ümumilikdə 209 manat ödəniş etmişdir. İddiaçı MMC 2017-ci il tarixdən nisyə satış üzrə fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fealiyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Azərbaycan Respublikasının Mülki Qanunvericiliynə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respiblkasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7 % müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8 % müəyyən etmişdir. Belə olan halda iddaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə "EKOSOFT” MMC arasında bağlamış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində 2021-ci il üçün 157 manat (2252 x 7 %=157 manat), 2022-ci il üçün 180 manat (2252 x 8 =180 manat), cəmi 337 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdeh həmin bildirişi qəbul etmiş, lakin cavabdeh tərəf bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki: -İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə MK/071-2019 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 2807 manat olan “ Mondial Revival 50” markalı moped iddiaçı tərəfindən cavabdehə nisyə satılmış və cavabdeh ilkin 350 manat ilkin ödəniş etməklə 15 ay müddətində ödəniş cədvəli üzrə alıq qalmış 2457 manat məbləği xx.xx.2019-cü il tarixdən xx.xx.2020-cü il tarixədək hər ay 164 manat, sonuncu ayı isə 161 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin iddiaçıya xx.xx.2019cu il tarixli müqavilə üzrə 2252 manat əsas, 500 manat cərimə olmaqla 2752 manat borcu vardır. -xx.xx.2021-ci il tarixli tələbinin könüllü icra edilməsi haqqında bildirişə əsasən iddiaçı tərəfindən müqavilə üzrə yaranmış 2252 manat borcun 5 gün müddətində ödənilməsi təklif olunmuş, borcun ödənilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görüləcəyi barədə xəbərdarqlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunan qanunvericiliyin tələblərinə və tədqiq edilmiş iş materialları ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə bağlanmış nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış əsas borcun tələb etməsində haqlı olmuş və bu səbəbdən cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli, MK/071-2019 saylı müqavilə üzrə 2252 əsas borc məbləği tutulmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında qeyd olunan nisyə alqısatqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə dəyəri 2807 manat olan “Mondial Revival” markalı moped nisyə satılmış və cavabdeh ilkin 350 manat ödəniş etməklə qalıq qalmış 2457 manat pulu 15 ay müddətində ödəniş cədvəli üzrə xx.xx.2019cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 164 manat, sonuncu ayı isə 161 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən nisyə alqısatqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 2252 manat məbləğində iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi qalmışdır. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə, iddia tələbinin 500 manat penyanın və Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 337 manatın cavabdehdən tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Cavabdehdən 500 manat məbləğində cərimə tələb olunsa da, bu barədə iddia ərizəsində əsaslar, həmin cərimənin yaranması qaydası və müddətləri göstərilməmişdir. Aralarında bağlanmış nisyə satış müaviləsində borclunun üzərinə öhdəliyi pozmağa görə penya formasında məsuliyyət qoyulması barədə müddəa mövcud deyil. Bununla da cavabdehin iddiaçı qarşısında penya formasında məsuliyyət daşıması iş üzrə müəyyən olunmur. Bundan başqa iddia ərizəsində iddiaçıya zərərin dəyməsi qeyd olunsa da və Azərbyacan Respublikasının Mülki Məcəlləsinin 21, 23 və 1096-cı maddələri sadalansa da həmin zərərin əvəzi olaraq cavabdehdən nəyin tələb olunması aydın şəkildə ifadə olunmamışdır. Lakin, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı, cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada 2021 və 2022-ci illər üçün hesablanmış 337 manat məbləğində faiz pulu tələb edir. Bu halda məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş hallarla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni cavabdeh iddiaçıya verilməli olan pul məbləğini özündə saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə, tələbin bu hissələrini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli MK/071-2019 saylı müqavilə üzrə 2252 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 51 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, MK/071-2019 saylı müqavilə üzrə 2252 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 51 manat alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar