Məhkəmə qərarları › İş №e-2(003)-2414/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2414/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2414/2025 23.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1681,92 manat məbləğində əsas borc, innovativ layihələr mərkəzinə ödənilən 23,60 manat məbləğində rüsum, 168,19 manat məbləğində cərimə olmaqla, cəmi 1873,71 manat məbləğində pul vəsaitinin və 38,74 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh İmei kod **********55614 Samsung Galaxy S23 markalı telefon almış və nəticədə 1873,71 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1681,92 manat (18 ay x 93,44 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********55614 Samsung Galaxy S23 markalı telefon üçün ümumilikdə 1873,71 manat olmaqla, ondan 1681,92 manat ödənilməmiş hissə, 23,60 manat innovativ layihələr mərkəzi rüsumu, müştəriyə güzəşt olunaraq 168,19 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsilə verilmiş zərf üzərinə “ünvan tam deyil” qeyd edilərək məhkəməyə geri qaytarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə”) 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsaən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, **********8 saylı müqavilədən və onun ayrılmaz tərkib hissəsi sayılan əlavələrdən aydın olur ki, İmei kod **********55614 Samsung Galaxy S23 markalı telefon üçün ilkin ödəniş olmadan hər ay nağd qaydada 93,44 manat ödəməklə, 18 ay müddətinə 1681,92 manata Cavabdeh satılmışdır. Müqavilənin 3.5-ci bəndinə görə “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh İmei kod **********55614 Samsung Galaxy S23 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, **********8 saylı müqaviləyə əsasən 1681,92 manat məbləğində əsas, 23,60 manat məbləğində innovativ layihələr mərkəzinə ödənilən rüsum, 168,19 manat məbləğində cərimə borcu yaranmışdır İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İmei kod **********55614 Samsung Galaxy S23 markalı telefonun açılıb-bağlanması xidmətinə görə innovativ layihələr mərkəzinə 23,60 manat məbləğində rüsum ödənilmişdir. İş materiallarında olan 03 may 2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 38,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, hazırkı iş üzrə tərəflər arasında nisyə alğı-satqı müqaviləsi münasibətləri vardır və həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, **********8 saylı müqavilə bağlanılmışdır. İddiaçı tərəfindən müqavilədə nəzərdə tutulan öhdəliklər icra edilsə də, Cavabdeh üzərinə düşdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 1681,92 manat məbləğində əsas, 23,60 manat məbləğində innovativ layihələr mərkəzinə ödənilən rüsum borcu yaranmışdır. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Habelə iddia tələbinin cərimə hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçının müqavilə üzrə razılaşdırılmış cərimənin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Lakin Mülki Məcəllənin tələbinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. O da qeyd edilməlidir ki, cərimə borcu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, 1681,92 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 168,19 manat cərimənin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa işə əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 38,74 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək təmin edilmiş pul məbləği və həmin məbləğə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumunun ödənilməli olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq dövlət rüsumuna görə 37,55 manat məbləğində pul tutulmalı, 1,19 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli, **********8 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Cavabdeh həmin müqavilə üzrə yaranmış 1681,92 manat məbləğində əsas borc, İnnovativ layihələr mərkəzinə ödənilən 23,60 manat məbləğində rüsum, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1755,52 manat məbləğində pul vəsaiti və ödənilmiş 37,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 1681,92 (bir min altı yüz səksən bir manat doxsan iki qəpik) manat məbləğində əsas borc, 23,60 (iyirmi üç manat altmış qəpik) manat məbləğində innovativ layihələr mərkəzinə ödənilən rüsum, 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1755,52 (bir min yeddi yüz əlli beş manat, əlli iki qəpik) manat məbləğində pul vəsaiti və 37,55 (otuz yeddi manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar