Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2632/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 398 (üç yüz doxsan səkkiz) manat əsas borcun, 120 (yüz yirmi) manat dəbbə pulunun, ödənilmiş 30 (otuz ) manat dövlət rüsumunun, cəmi 548 (beş yüz qırx səkkiz ) manatı alınaraq, İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 15 iyul 2020-ci il tarixdə bağlanılmış alqı satqı müqaviləsi əsasında aldığı mebel dəstlərinə görə 398 manat borcu yaranmışdır. 9 Mart 2022-ci il tarixdə həmin müqavilə əsasına verilmiş malların və ödənilmiş vəsaitin aylıq yoxlanılması zamanı borcunu təsdiqləyərək bu barədə tərtib olunmuş üzləşmə aktını imzalamışdır. Lakin bu günə qədər borc məbləğini ödəməmisşdir. Odur ki, müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olaraq Cavabdeh 398 manat borcun İddiaçı MMC-yə ödənilməsini tələb edirik. Cavabdehə göndərilən rəsmi pretenzeya məktubunda qeyd olunan borcu ödəməli olduğu barədə xəbərdarlıq etmişik, əks halda məhkəməyə müraciət edəcəyimizi və çəkdiyimiz bütün xərclərin cavabdeh tərəfindən ödənilməli olduğunu tələb edəcəyimizi bildirmişik. Cavabdeh isə şifahi olaraq borcu ödəyəcəyinə söz versə də, faktiki olaraq yenə də aldığı malın pulunu ödəməmişdir. Bağlanılmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı istehsal etdiyi və ya istehsalçı şirkətdən əsldə etdiyi məhsullardan (mebel dəsti) alıcıya satmağı, alcı isə malı alıb müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə dəyərini satıcıya ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndində qeyd olunan şərtinə görə ödəniş gecikdirildiyi halda hər gecikdirilən günə görə 0.5 % həddində dəbbə pulu hesablanacaqdır. Mən dəbbə pulunu hər gecikdirilən gün üçün 0.5 % olaraq gecikdirilən günlərin sayını isə son ikiay yəni60 gün olmaqla götürürəm. Beləliklə ödənişi gecikdirilmiş məbləğin 398 (üç yüz doxsan səkkiz) manatın 0.5% -i= 2 (iki) manat təşkiledir ki, bu da x 60 günə =120 (yüz yirmi) manat dəbbə pulu olaraq hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 iyul 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Mebel dəstləri Cavabdeh nisyə satılmış və müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan üzləşma aktından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə müqavilə üzrə 398 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdehə məişət əşyalar satılmış və xidmətlərin göstərilməsi nəzərdə tutulmuş, cavabdeh həmin müqavilə üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Mebel dəstləri üçün 398 manat əsas borcun cavabdehdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 398 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 120 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 15 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 398 manat ödənilməmiş hissə, 15 manat cərimə və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 manatı İddiaçı MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 iyul 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, 398 manat ödənilməmiş hissə, 15 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 433 (dörd yüz otuz üç) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 10 manatı iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №e-2(003)-2632/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2632/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver