Məhkəmə qərarları › İş №e-2(003)-2742/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2742/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2742/2024 03.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2211 (iki min iki yüz on bir) manat məbləğində əsas borc, 221 (iki yüz iyirmi bir) manat məbləğində cərimə, 44,72 (qırx dörd manat, otuz iki qəpik) məbləğində dövlət rüsumu, cəmi 2476,32 (iki min dörd yüz yetmiş altı manat otuz iki qəpik) məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0076205 nömrəli, xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 3319 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə ilkin ödəniş etməmiş və borclu olduğu qalıq 3319 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 1108 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Tərəflər arasında bağlanmış alğısatqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2024-cü il tarixə 221 manat məbləğində cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş təqdim edilmiş, Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0076205 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən dəyəri alqı-satqı qiyməti 3319 manat olan “İPHONE 14 PRO 128 GB”, “APPLE POWER ADAPTER”, “perexodnik Ag” kimi məhsullar nisyə satılmış vəhəmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 277 manat, sonuncu ay isə 272 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh R0076205 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 3319 manat əsas borcundan maliyyə arayışı tərtib edilənədək 1108 manat ödəniş etmiş, 2211 manat əsas borc, 221 manat cərimə borcu qalmışdır. İş materiallarında olan cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə R0076205 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə yaranmış 2211 manat əsas borc və 221 manat cərimə borcunun ödənilməsi xahiş olunmuş, 3 iş günü müddətində ödənilmədiyi təqdirdə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 44,72 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iş üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 3319 manat olan “İPHONE 14 PRO 128 GB”, “APPLE POWER ADAPTER”, “perexodnik Ag” kimi məhsullar nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 277 manat, sonuncu ay isə 272 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşında yerinə yetirilməmiş öhdəlikləri qalmışdır. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş əsas məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 2211 manat məbləğində borc tutulmalıdır. Məhkəmə, iddia tələbinin cərimə hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 2211 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 221 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 100 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh R0076205 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2211 manat əsas borc və 100 manat cərimə olmaqla, cəmi 2311 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 44,72 manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh R0076205 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2211 (iki min iki yüz on bir) manat əsas borc və 100 (yüz) manat cərimə olmaqla, cəmi 2311 (iki min üç yüz on bir manat) məbləğində borc və ödənilmiş 44,72 (qırx dörd manat, yetmiş iki qəpik) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar