Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2773/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsə kimi payının müəyyən edilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəlik işində, yəni onun vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik payının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, bibisi X4 9 mart 2022-ci ildə xüsusi karantin rejimində Medistal MMC-də (kilinikada) COVİD-19 virusu yoluxması nəticəsində ölmüşdür. Bibisi ölərkən tam təcrid olunduğundan yaxınlığında tibb işçilərindən başqa heş kim buraxılmamışdır. O, ölərkən müalicə müəssisəsinin həkimlərini və işçilərini yanına toplayaraq vəsiyyətnamə yazmışdır. Həmin vəsiyyətnamədə onu, yəni İddiaçı vərəsə kimi göstərmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Bakı şəhəri 7 saylı Xüsusi Notariat ofisinin xüsusi notariusu Nadir Vədətov məktubla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan ünvan ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X2 adından ona verilmiş vəsiyyətnamə notarial qaydada təsdiq edilmədiyi üçün ona vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verməkdən imtina edilmiş və məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. İş materiallarında olan 4-H-31 nömrəli vəsəlik işi materiallarının surətlərindən görünür ki, X4, xx.xx.1992-ci il tarixdə ölmüş X1 üzrə vərəsi tanınmış və bu barədə müvafiq şəhadətnamə verilmişdir. Bakı şəhəri Komsomol küçəsində yerləşən 29 saylı evin 34 saylı mənzili miras əmlak olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 262859 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1179-cu maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Həmin Məcəllənin 1180-ci maddəsinə əsasən vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Həmin Məcəllənin 1181.1-ci maddəsinə əsasən vəsiyyətnamə, xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin baş həkimi, xüsusi təhsil müəssisəsinin rəhbəri ( əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya yaşayırsa ) tərəfindən təsdiqlənirsə həmin təsdiqlənmə notariusun təsdiqləməsinə bərabər tutulur. Həmin Məcəllənin 1182-ci maddəsinə əsasən əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. Həmin Məcəllənin 1188-ci maddəsinə əsasən vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Qeyd olunan qanunvericiliyin tələblərindən görünür ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bu barədə tərtib edilən vəsiyyətnamə şəxsən onun özü tərəfindən yazılı formada tərtib edilməlidir. Vəsiyyətnamə müalicə müəssisəsində tərtib edilmişdirsə onda həmin vəsiyyətnamə müəssisənin baş həkimi, tibbi hissə üzrə müavinləri və növbətçi həkimi tərəfindən təsdiqlənməlidir. Məhkəməyə vəsiyyətnamə kimi təqdim edilmiş yazıların isə kimin tərəfindən tərtib edilməsini müəyyən etmək mümkün deyil. Belə ki, həmin yazılar texniki vasitə ilə tərtib edilmiş, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1188-ci maddəsində nəzərdə tutulmuş qaydada vəsiyyət edən tərəfindən və iki şahid tərəfindən imzalanmamış, eyni zamanda əgər iddia edildiyi kimi müalicə müəssisəsində tərtib edilmişdirsə həmin müalicə müəssisəsinin baş həkimi tərəfindən təsdiqlənməmişdir. Odur ki, həmin yazıların vəsiyyətnamə kimi qəbul edilməsi qanuna uyğun deyil. Qeyd olunanlara əsasən vəsiyyətnamə kimi təqdim edilmiş yazıların mərhum X2 vəsiyyətnaməsi kimi qəbul edilməsi mümkün olmadığından ondan miras qalmış (olduğu halda) əmlaka (əmlaklara) dair vəsiyyətnamə üzrə vərəsə kimi payının müəyyən edilməsi barədə iddiaçının tələbini məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 7 saylı Xüsusi Notariat Ofisinə qarşı X2 vərəsəlik işində, yəni onun vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik payının müəyyən olunmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-2773/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2773/2022
22.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver