Məhkəmə qərarları › İş №e-2(003)-2776/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2776/2022

27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2776/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11750 manat pul məbləğinin və 125,25 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 2017-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsindəki Hərbi zavodun yanında yerləşən, Dilarənin saç ustası kimi fəaliyyət göstərdiyi “Aydan” adlı gözəllik salonunda tanış olmuşlar və bununla da aralarında dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin yay aylarında iddiaçı maddi vəziyyəti pisləşdiyindən özünəməxsus qızıllarını satmaq qərarına gəlmiş və bu barədə cavabdehə bildirdikdə cavabdeh onun qızıllarını almaq niyyətində olduğunu bildirmişdir. Beləliklə, onların qarşılıqlı razılığı əsasında iddiaçı “Aydan” gözəllik salonunun qarşısında ümumi dəyəri 17000 (on yeddi min) manat olan qızıllarını cavabdehə təhvil vermiş, cavabdeh isə bunun qarşılığında 2500 (ikimin beş yüz) manat ilkin ödəniş etdikdən sonra iddiaçıya hər ay 1000 (min) manat olmaqla, ümumilikdə 17000 (on yeddi min) manat pul ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin Dilarə bu günədək hər ay ödənişi müxtəlif bəhanələrlə gecikdirməklə ilkin ödənişlə birlikdə ümumilikdə iddiaçıya 5250 manat ödəniş etmişdir. İddiaçı növbəti ayların ödənişini tələb etdikdə cavabdeh qızılları Rəna adlı üçüncü şəxsə satdığını, həmin şəxsin isə COVİD xəstəliyindən vəfat etdiyindən növbəti aylıq ödənişlərin həyata keçirilməsinin mümkün olmayacağını bildirərək ödənişi etməkdən imtina etmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında alğı-satqı əsasında razılaşdırılmış 17000 manat pul məbləğinin 11750 (on bir min yeddi yüz əlli) manat hissəsi hələ də ödənilməmişdir. İddiaçı ilə cavabdehin aralarındakı sonuncu danışıqdan sonra cavabdeh mobil telefonunu söndürərək cavab verməkdən yayındığından iddiaçı Xəzər RPİ-nə müraciət etmişdir. Lakin Xəzər RPİ AR CM-nin 178-ci maddəsilə nəzərdə tutulan dələduzluq cinayətinin tərkib əlamətlərinin olmasını sübuta yetirən kifayət qədər mötəbər sübut olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi, mülki mübahisələrin həlli üçün məhkəməyə müraciət etmək haqqında qərar qəbul etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 11750 manat pul məbləğinin və 125,25 manat dövlət rüsumunun tutulması Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, 17000 manatın olması ilə bağlı yazılı sübutu yoxdur. 5500 manat pulu cavabdeh 2020-ci ildə ödəmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 bildirdi ki, qızılları iddiaçı Dilarəyə vermişdir. Dilarə isə həmin qızılları satılması üçün başqa bir şəxsə vermişdir. Dilarənin qızılları verdiyi şəxs COVİD-19-dan vəfat etmişdir. İddiaçı 8700 manat məbləğində qızıl verib. Dilarə iddiaçıya 5500 manat ödəniş etmişdir. Hazırda cavabdehin iddiaçıya 3200 manat borcu vardır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xəzər RPİ-nin 2-ci PŞ-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, ifadəsi alınmış Cavabdeh bildirmişdir ki, Asiya adlı qadını gözəllik salonundan tanımış və onun köhnə müştərisi olmuşdur. Asiya ona plasmas qabın içərisində 8700 manat məbləğində qızıl-zinyət əşyası vermişdir. O, isə buna görə Asiyaya ümumilikdə 5500 manat pul ödəniş etmişdir. Hazırda qızılların harada olmasından xəbəri yoxdur, çünki o, özü də satılması üçün bir nəfər Rəna adlı qadına vermişdir. Həmin qadın isə Covid xəstəliyindən vəfat etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı satılmaq məqsədi ilə Dilarə adlı şəxsə qızıl vermiş, sonuncu isə həmin qızılları Rəna adlı şəxsə vermişdir. Rəna isə bunun müqabilində Dilarə pul ödəməli olsa da, Covid-19 xəstəliyindən vəfat etmişdir. Hazırda iddiaçı həmin qızılların dəyəri olaraq 11750 manat pulun qaytarılmalı olduöunu iddia etsə də, həmin məbləğin mövcudluğu ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, borcun 11750 manat olmasını sübutetmə yüklülüyü iddaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən buna dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla yanaşı iddiaçının məhkəmə iclasında vermiş olduğu izahatında cavabdehin ona olan borcdan 5500 manat ödəniş etmiş olduğunu bildirməsi, həmçinin cavabdehin Xəzər RPİ-nin 2-ci PŞ-ndə vermiş olduğu izahatında İddiaçı olan borcunun 8700 manat olması və həmin borcdan 5500 manat ödəniş etmiş olduğunu bildirməsi, cavabdehin nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatında da borcunun 8700 manat olması və həmin borcdan 5500 manat ödəniş etmiş olduğunu bildirməsi və İddiaçı bu halı təkzib edəcək sübut məhkəməyə təqdim etməməsi iddiaçının iddia tələbinin məhz 8500 manat mövcud olması nəticəsinə gəlməyə əsas verir. Eyni zamanda Cavabdeh tərəfindən İddiaçı 5500 manat ödəniş etmiş olması həm iddiaçı, həm də cavabdehin nümayəndəsinin məhkəmədə vermiş olduğu izahatından və Xəzər RPİ-nin 2-ci PŞ-də Cavabdeh vermiş olduğu ifadəsində etiraf etməsi borc məbləğindən 5500 manatının qaytarılmış olduğunu tam sübuta yetirilmiş hal kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına (8700-5500=3200) 3200 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, hökümət ödəniş portalından (9********) görünür ki, iddiaçı tərəfindən 125.25 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş olan 125,25 manat dövlət rüsumu cavabdehdən tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3200 manat məbləğində pul və 125,25 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar