Məhkəmə qərarları › İş №e-2(003)-2813/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2813/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2813/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında baş tutmuş Ehtiyat hissələrinin satışı ilə əlaqədar yaranmış 3,568.00 manat məbləğində borcun, həmçinin 55.68 manat dövlət rüsumunun, ümumilikdə 3,623.68 manat məbləğin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında malların təhvil-təslimi həyata keçirilmişdir. Belə ki, 17 aprel 2021- ci il tarixli Təhvil-Təslim Aktı ilə satıcı (İddiaçı QSC) bu Aktda qeyd olunan malları satmağı, alıcı (Cavabdeh) isə öz növbəsində qeyd edilən malları alaraq dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı QSC cavabdehə təhvil-təslim aktına uyğun olaraq ümumi dəyəri 6,820.00 manat olan mallar təhvil verilmişdir. Cavabdeh qeyd olunan məbləğin 3,252.00 manat hissəsini ödəmiş, qalan 3,568.00 manat borcu isə ödəməmişdir. Qeyd olunan borcla bağlı cavabdeh 18 yanvar 2022-ci il tarixində yazılı izahat vermiş, 3,568.00 manat borcun mövcudluğunu təsdiq etmişdir. Bundan əlavə, xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktı ilə də borcun mövcudluğu sübut edilmişdir. Beləliklə, Cavabdeh İddiaçı QSC-yə borcu toplam 3,568.00 manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə 21 fevral 2022-ci il tarixli, 00336 nömrəli pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Beləliklə, cavabdeh yenə öz öhdəliyini icra etməmiş və ödənişləri həyata keçirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmədə iclasında Cavabdeh iddia tələbini etiraf etdi və bununla bağlı yazılı ərizə məhkəməyə təqdim etdi. İzahatında həmçinin bildirdi ki, iş materiallarında olan kassa mədaxil orderlərində və üzləşmə aktında soyadının “Qoca” kimi qeyd edilməsi, “Elşən” adının çox olması səbəbindən tanınması üçün “Qoca” kimi qeyd edilmişdir. İddiaçıya olan borcunu hazırda da tam şəkildə ödəmək imkanı olmadığından həmin 3568 manat borcun ondan hissə-hissə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan malların xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, ümumi dəyəri 6820 manat olan mal təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021 və xx.xx.2021-ci il tarixli kassa mədaxil orderlərindən görünür ki, cəmi 3252 manat ödəniş aparılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, İddiaçı QSC-yə Cavabdeh (Elşən Qocanın) 3600 manat borcun təşkil etməsi barədə razılıq əldə edilmişdir. İş materiallarında olan İddiaçı QSC-yə Cavabdeh Şixəli oğlunun (Elşən Qocanın) ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətindən görünür ki, o, həmin müraciətdə QSC-dən ümumi dəyəri 6820 manat olan məhsullar aldığını, xx.xx.2021-ci il tarixdə 2252 manat, xx.xx.2021-ci il tarixdə isə 1000 manat ödəniş etməsini, xx.xx.2022-ci il tarixinə isə şirkətə 3568 manat borcunun qaldığını bildirmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu 3568 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, yaranmış 3568 manat borcun cavabdehdən 10 təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməy müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəməyə iş üzrə Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, İddiaçı QSC-nin ona qarşı irəli sürülmüş iddia tələbini qəbul edir. Habelə təmin olunmasına etiraz etmir. Belə ki, təhvil-təslim aktında göstərilən əmlaklara görə ödənilməli olan məbləğdən iddiaçıya 3568 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən Qanunda başqa hal nəzərdə tutulmayıbsa, işdə iştirak edən şəxslər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 106.4-cü maddəsinə əsasən məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən cavabdehin iddianı etiraf etməsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, iddianın etiraf olunması cavabdehin hüququdur. Bu hüququnun həyata keçirilməsi həmçinin məhkəməyə təqdim edilmiş yazılı ərizədə də ifadə oluna bilər. Cavabdehin etiraf etməsi iddiaçının iddia üzrə faktların sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olmasını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozulması ilə nəticələnməsini müəyyən edərsə, faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə etirafı qəbul etmir. Məhkəmə, iddianın cavabdeh tərəfindən etirafı aydın surətdə şərh olunmuş yazılı ərizədə ifadə olunmasını, bu halın qanuna zidd olmamasını, Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan 106.4-cü maddəsinə sadalanan halların müəyyən edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etirafı qəbul edilməlidir. Belə ki, iddia tələbində cavabdehdən tələb olunan 3568 manat məbləğində borcun olması və qaytarılmaması, cavabdehin izahatı və məhkəməyə təqdim edilmiş sənədlərlə də sübut olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 3568 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 55,68 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar