Məhkəmə qərarları › İş №e-2(003)-2825/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2825/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2825/2022 05.09.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlu İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən 159 manat əsas, 15 manat cərimə olmaqla cəmi 174 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə satış müqaviləsinə əsasən, 758 manat dəyərində, 100 manat ilkin ödəniş olunmaqla 1 ədəd “Samsung A51” markalı mobil cihazı 12 ay müddətinə hər ay 54,83 manat ödənilməklə cavabdehə satılmışdır. Müqavilə şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin göndərilmiş zərflər rabitə orqanı tərəfindən üzərində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə M 9790439/20 saylı nisyə satış müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 758 manat olan məhsul, 100 manat ilkin ödəniş olmaqla iddiaçı tərəfindən cavabdehə satılmış, həmin müqaviləyə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 54,83 manat ödəniş etməklə aldığı malın dəyərini qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 159 manat əsas və 15 manat cərimə borcu olmaqla, cəmi 174 manat borcu mövcuddur. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İş materiallarında olan cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun ödənilməsi barədə ona qarşı məhkəmədə iddia qaldırılacağı barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iş üzrə tərəflər arasında nisyə satış müqaviləsi bağlanmış, həmin müqavilə əsasında ilkin 100 manat ödəniş olunmaqla 758 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə həmin malın dəyərini ayda 54,83 manat ödəniş etməklə 12 ay müddətində qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və müqavilə şərtlərini pozmuşdur və onun iddiaçı qarşısında maliyyə arayışında qeyd olunan əsas və cərimə borcu yaranmışdır. Yuxarıda sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli M 9790439/20 nömrəli müqavilə üzrə 159 manat əsas və 15 manat cərimə olmaqla cəmi 174 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat və 0,40 manat bank xidmət haqqı iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli M 9790439/20 nömrəli müqavilə üzrə 159 manat əsas və 15 manat cərimə olmaqla cəmi 174 manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat və 0,40 manat bank xidmət haqqı alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar