Məhkəmə qərarları › İş №e-2(003)-2835/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2835/2022

20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2835/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə RSK5685906 saylı müqavilə üzrə 774 (yeddi yüz yetmiş dörd) manat əsas borc, 232 (iki yüz otuz iki) manat dəbbə pulu, 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi, fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 30 aprel 2019-cu il tarixində “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Cavabdeh 30 aprel 2019-cu il tarixli RSK5685906 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 928 (doqquz yüz iyirmi səkkiz) manat olan 1 ədəd “Samsung Galaxy A50" markalı telefon almış, ilkin ödəniş olaraq 40 (qırx) manat ödəniş etmiş, nəticədə 888 (səkkiz yüz səksən səkkiz) manat borc yaranmışdır. Cavabdeh tərəfindən 30 aprel 2019-cu il tarixli RSK5685906 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 74 (yetmiş dörd) manat ödəniş edilmişdir. Bu günədək cavabdehə edilən yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, müqavilənin şərtləri lazımi qaydada icra edilməmiş və alqı-satqı qiyməti ümumü 928 (doqquz yüz iyirmi səkkiz) manat olan üçün ümumilikdə 774 (yeddi yüz yetmiş dörd) manat ödənilməmiş hissə, 232 (iki yüz otuz iki) manat dəbbə pulu yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli RSK ******* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə üzrə 12 ay müddətinə aylıq 74 manat ödənilmək şərti ilə ümumi dəyəri 928 manat olan 1 ədəd “Samsung Galaxy A50” markalı telefon satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 774 manat məbləğində əsas borcu, 232 cərimə borcu olmaqla, cəmi 1037 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə əsas borc məbləğindən 774 manat borc ödənilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, iddiaçı göstərilən nisyə alqı-satqı müqaviləsinin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 774 manat əsas borca münasibətdə 232 manat dəbbə pulunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalı, Cavabdeh iddiaçının xeyrinə 23 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş 774 manat əsas borc, 23 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 31manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli RSK ******* saylı alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 774 manat əsas borc, 23 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 31 manat, cəmi 828 (səkkiz yüz iyirmi səkkiz) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar