Məhkəmə qərarları › İş №e-2(003)-29/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-29/2025

26.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-29/2025 26.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında tikilmiş qanunsuz tikilinin sökülməsi və tikinti materiallarının zonadan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında tikilmiş qanunsuz tikilinin sökülməsi və tikinti materiallarının zonadan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının balans və istismarında olan 530 mm diametrli “Zabrat- Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci kmdə) Xəzər rayonu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 8 ünvanından keçən hissəsində 39 T 424217.17; 4483393.43 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və yaşayış evinin boşaldılaraq onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, cavabdeh - Cavabdehtərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X3 balans və istismarında olan 530 mm diametrli «Zabrat-Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin 15.7-ci km-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi döngə 8 ünvanından keçən hissəsində, 39 T 424217.17; 4483393.43 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “2” metr məsafədə qanunsuz olaraq daş hasar, “13” metrdə isə yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəfimizdən xx.xx.2023-cü il tarixli MV- 01/158 saylı məktubla Xəzər Rayon İcra Hakimiyyətinin başçısına, xx.xx.2023-cü il tarixli MV-01/159 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və xx.xx.2023-cü il tarixli MV-01/160 saylı məktubla Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə “yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında 530 mm diametrli «Zabrat Buzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında 39 T 424217.17; 4483393.43 koordinatı üzrə vət., Cavabdeh tərəfindən, qaz kəmərindən 2 metr məsafədə daş hasar inşa edilməsi barədə 3 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında 530 mm diametrli «ZabratBuzovna-Türkan» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərininmühafizə zonasında 39 T 424217.17; 4483393.43 koordinatı üzrə vət., Cavabdeh tərəfindən, qaz kəmərindən 13 metr məsafədə yaşayış evi inşa edilməsi barədə 3 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir (aktın surəti iddia ərizəsinə əlavə olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərininmühafizə zonalarında hər hansı bir tikintiquraşdırma işlərinin aparılması qəti qadağandır. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh mühafizə zonasında inşa etdiyi tikililər həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında iddiaçı ARDNŞ Qaz İxrac İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat göndərilməsinə, iddia tələbinə dair mülahizə və etirazının məhkəməyə təqdim edilməsinin təklif olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbinə dair etiraz və mülahizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 yanvar 2025-ci il tarixli 10/8205 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin yerləşdiyi ərazidən yerüstü qaz kəmərinin keçməsini, kəmərin istiqamətini, 50,0m. məsafədə müəyyən edilmiş mühafizə zolağını, sözügedən magistral qaz boru kəməri ilə hasar arasındakı məsafənin 2.4 metr, köməkçi tikili ilə 2.6 metr, fərdi yaşayı evi ilə isə 14.8 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikililərin həmin ərazidən keçən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin balansında və istismarında olan Zabrat-Buzovna-Türkan 530 mm diametrli yerüstü magistral qaz boru kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, qaz əməliyyatlarının aparılması məqsədi ilə ARDNŞ Qaz İxrac İdarəsinin daimi istifadəsinə Bakı şəhəri, Xəzər rayonu ərazisində torpaq sahəsi ayrılmış və iddiaçı ARDNŞ Qaz İxrac İdarəsi həmin ərazidə qaz hasilatını həyata keçirir. Qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan Zabrat-Buzovna-Türkan 530 mm diametrli yerüstü magistral qaz boru kəmərinin yerləşdiyi torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Konstitusiyada öz əksini tapmış əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında mülkiyyət hüququnu, o cümlədən xüsusi mülkiyyət hüququnu tənzimləyən 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmin normanın İİİ hissəsinə görə mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1- ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmçinin həmin maddənin 3-cü hissəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 yanvar 2025-ci il tarixli 10/8205 saylı ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin yerləşdiyi ərazidən yerüstü qaz kəmərinin keçməsini, kəmərin istiqamətini, 50.0 m məsafədə müəyyən edilmiş mühafizə zolağını, sözügedən magistral qaz boru kəməri ilə hasar arasındakı məsafənin 2,4 metr, köməkçi tikili ilə 2,6 metr, fərdi yaşayış evi ilə isə 14,8 metr təşkil etdiyini nəzərə alaraq, həmin tikililərin həmin ərazidən keçən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin balansında və istismarında olan Zabrat-Buzovna-Türkan 530 mm diametrli yerüstü magistral qaz boru kəmərinin mühafizə zonasına düşməsi müəyyən edilmişdir. Bu səbəbdən həmin ekspert rəyi əsas götürülməli və mübahisə predmeti olan tikili iddiaçının balansında olan qaz kəmərinin daxilində yerləşdiyindən iddia ərizəsi təmin edilməlidir. Belə ki, MM-in 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi ilə bağlı olmuş və müvafiq orqanın sərəncamına əsasən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və buna görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir” (119.1). İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100,0 manat iddiaçıdan tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçının balans və istismarında olan 530 mm diametrli “Zabrat-Buzovna-Türkan” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin (15.7-ci kmdə) Xəzər rayonu Buzovna qəsəbəsi Çingiz Mustafayev küçəsi döngə 8 ünvanından keçən hissəsində 39 T 424217.17; 4483393.43 koordinatı üzrə qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasar və yaşayış evi boşaldılaraq cavabdehin hesabına sökülsün və tikinti qalıqları qaz kəmərinin mühafizə zonasından cavabdeh tərəfindən çıxarılsın. Zəbt edilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin istifadəsinə qaytarılsın. Cavabdeh 100 manat dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri – 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar