Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2946/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları:
1. İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 07 dekabr 2019cu il tarixli, 36 061 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1359 manat məbləğində pulun və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə X6 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 36 061 saylı nisyə-alqı satqı müqaviləsinə əsasən cavabdeh 1699 manat dəyərində “TV.LG.55UK6550PLD.ARU” markalı televizor almış, 340 manat ilkin ödəniş etmiş, qalıq məbləği 12 (on iki) ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımi şəkildə yerinə yetirməmiş və nəticədə 1359 manat borcu yaranmışdır. X6 ilə Cavabdeh2 arasında öhdəliklərə təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2019-cu il tarixli, 36 061 saylı “Nisyə alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X6 ilə alıcı Cavabdeh1 arasında 1699 manat dəyərində “TV.LG.55UK6550PLD.ARU” markalı televizorun 340 manat ilkin ödəniş 14 AZN komisyon xərci olmaqla, qalan məbləği 12 ay müddətinə, ödəniş cədvəlinə uyğun olaraq ödəməklə X1 barədə razılığa gəlinmişdir.
5. xx.xx.2019-cu il tarixli, 36 061 nömrəli “Zaminlik müqaviləsi”ndən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 36 061 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu tərəfindən ödənişlər müqavilədə şərtləndirildiyi müddətdə qaytarılmadığı, nəzərdə tutulmuş dəbbə pulu ödənilmədiyi halda satıcı qarşısında borclu ilə birlikdə məsuliyyət daşıyır.
6. xx.xx.2019-cu il tarixli, 61631 nömrəli kassa mədaxil orderindən görünür ki, Cavabdeh1 tərəfindən 36 061 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 340 AZN ilkin ödəniş və 14 AZN komissiyon haqqı olmaqla cəmi 354 AZN ödəniş etmişdir.
7. Müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2010-ci il tarixindən başlayaraq 1-ci ay 116 manat, digər 11 ay isə 113 manat olmaqla 12 ay ərzində, yəni xx.xx.2020-ci il tarixinədək ödəniş etməlidir.
8. 14.05.2025-ci il tarixli, 440 nömrəli Bildirişdən (poçt qəbzi var) görünür ki, cavabdehə 1359 manat borcunun olması barədə xəbərdarlıq göndərilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
9. 4 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 36 061 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1359 manat məbləğində borcu yaranmışdır.
10. 02.07.2025-ci il tarixli, **********16 saylı mədaxil qəbzinin surətindən görünür ki, X6 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
11. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
13. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
14. 477.0.4-cü madəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
15. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
16. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
18. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
19. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
20. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
21. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməidir .
23. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
24. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı (satıcı) X6 ilə cavabdeh (alıcı) Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 36 061 saylı nisyə alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqaviləyə uyğun olaraq iddiaçı 1699 (min altı yüz doxsan doqquz) manat dəyərində olan “TV.LG.55UK6550PLD.ARU” markalı televizoru 340 manat ilkin ödənişlə, 12 ay müddətinə 1ci ay 116 manat, digər 11 ay isə 113 manat məbləğində hissə-hissə ödəmək şərtilə ona satmış və müvafiq əşyanı təhvil verməklə alıcının mülkiyyətinə vermişdir. Lakin Cavabdeh1 müqavilə üzrə müəyyən edilən müddət ərzində ödəniş etməmiş və 1359 manat borcu qalmışdır. Buna görə də iddiaçı (satıcı) pul tələbi ilə əlaqədar (alıcıya qarşı) məhkəməyə müraciət etməkdə haqlıdır.
25. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər (satıcı və alıcı) arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı nisyə alqı-satqı müqaviləsindən yaranmış borcun cavabdeh (alıcı) X2 tutulmasını tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh1 1359 AZN məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
26. Məhkəmə borcun zamindən tutulmasına münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi iddiaçı ilə zamin Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanılsa da, qanunvericiliyin tələbinə uyğun olaraq həmin zaminliyə artıq xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü madəsinin tələbin əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İş materiallarından görünür ki, satıcı ilə alıcı arasında xx.xx.2019-cu il tarixində bağlanmış nisyə alqı-satqı müqaviləsinə görə, zaminliklə təminat verilmiş öhdəlik 12 (on iki) ay müddətində icra edilməlidir və ödəniş cədvəlinə əsasən həmin öhdəliklərin icrasının son vaxtı xx.xx.2020-ci il tarixidir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələbinə əsasən, zamin Cavabdeh2 qarşı xx.xx.2020-ci il tarixindən etibarən 1 (bir) il ərzində, yəni xx.xx.2021-ci il tarixinədək iddia irəli sürülmədiyi üçün həmin tarixdən etibarən onun zaminliyinə xitam verilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
27. Məhkəmə iddia tələbinin ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 34 manat məbləğində dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
29. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1359 AZN (bir min üç yüz əlli doqquz manat) məbləğində pul vəsaiti və ödənilmiş 34 AZN (otuz dörd manat) dövlət rüsumunun məbləği Cavabdeh1 iddiaçı X3 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi
İddia qismən təmin edilsin. Cavabdeh1 1359 AZN (bir min üç yüz əlli doqquz manat) məbləğində pul vəsaiti və ödənilmiş 34 AZN (otuz dörd manat) dövlət rüsumunun məbləği tutularaq iddiaçı X5 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov