Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2947/2025 14.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı X1 Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: İşin halları:
1. İddiaçı X3 Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 08 noyabr 2019-cu il tarixli, 34 795 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 2.200 manat məbləğində pulun və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, 08 noyabr 2019-cu il tarixli, 34 795 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdehdən 4415 manat dəyərində “Macbook Pro” adlı mal almış, məhsulun dəyərini 6 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icrasından qərəzli olaraq yayınmışdır.
3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvana rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən qanunla müəyyən edilən müddətdə iddia tələbinə dair hər hansı münasibət bildirilməmiş və məhkəməyə iddiaya qarşı heç bir yazılı etiraz təqdim edilməmişdir.
Mülki işin materialları:
İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş:
4. xx.xx.2019-cu il tarixli, 34 795 saylı “Nisyə alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X3 ilə alıcı Cavabdeh arasında 4415 manat dəyərində “Macbook Pro” markalı notbukun dəyərinin 6 ay müddətinə, ödəniş cədvəlinə uyğun olaraq ödəməklə Cavabdeh satılması barədə razılığa gəlinmişdir
5. Müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 6 ay olmaqla, 1-ci ay 735 manat, digər 5 ay isə 736 manat ödəniş etməlidir.
6. 4 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 34 795 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2200 manat məbləğində borcu yaranmışdır.
7. 16.05.2025-ci il tarixli Bildirişdən (poçt qəbzi var) görünür ki, cavabdehə 2200 manat borcunun olması barədə xəbərdarlıq göndərilmiş və borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. 02.07.2025-ci il tarixli, **********32 saylı mədaxil qəbzinin surətindən görünür ki, X3 tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
9. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
10. 448-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
11. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
12. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
13. 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
14. 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
15. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
16. 24. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
17. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
19. Məlum olduğu kimi Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə görə mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, həm də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərən əmələ gəlir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
20. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında işin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı X3 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 34 795 saylı “nisyə alqı-satqı müqaviləsi” bağlanılmış, həmin müqaviləyə uyğun olaraq iddiaçı 4.415 (dörd min dörd yüz on beş) manat dəyərində olan “Macbook Pro” markalı notbukunun 6 (altı) ay müddətinə 1-ci ay 735 manat, digər 5 ay isə 736 manat hissə-hissə ödəmək şərtilə cavabdehə satmış və müvafiq əşyanı ona təhvil verməklə cavabdehin mülkiyyətinə vermişdir. Lakin cavabdeh müqavilə üzrə müəyyən edilən müddət ərzində cəmi 2215 manat ödəniş etmiş, qalan 2.200 manat (4415-2215=2200) məbləğində borcunu isə ödəməmişdir.
21. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinin hazırki işin faktiki hallarına tətbiqi baxımından hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə alqı-satqısı haqqında müqavilədən əmələ gələn öhdəlik münasibətləri (mülki hüquq və vəzifələr) yaranmış, satıcı (iddiaçı) müqavilə şərtlərinə uyğun olaraq müvafiq əşyanı alıcının (cavabdehin) mülkiyyətinə verməklə öhdəliyini yerinə yetirmiş, alıcı (cavabdeh) isə razılaşdırılmış pul məbləğini (qiyməti) müəyyən edilmiş müddət ərzində ödəməmişdir. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, hazırda müqavilə üzrə borcu razılaşdırılmış qaydada ödəmədiyi üçün cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı müqavilədən yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 2.200 AZN məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə iddia tələbinin ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsinə münasibətdə qeyd edir ki, dövlət rüsumu cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçının məhkəməyə müraciət etməyə məcbur qalması nəticəsində ödənildiyi üçün iddiaçı onu da tələb edilməkdə haqlıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun tutulması hissəsində təmin edilməli, 42 AZN məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.4-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
24. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2200 AZN (iki min iki yüz manat) məbləğində pul vəsaiti və ödənilmiş 42 AZN (qırx iki manat) dövlət rüsumunun məbləği Cavabdeh iddiaçı X1 xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi
İddia təmin edilsin. Cavabdeh 2200 AZN (iki min iki yüz manat) məbləğində pul vəsaiti və ödənilmiş 42 AZN (qırx iki manat) məbləğində dövlət rüsumunun məbləği tutularaq iddiaçı X2 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Natiq Əsgərov