Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3038/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdrilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli “nisyə alqı-satqı” müqaviləsinə əsasən 1300 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 1400 manat ödənilməmiş borcun və ödənilmiş 34 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2021-ci il tarixdə “Kombi Sparta 28 və aksesuarlarının” alqı-satqısına dair “nisyə alqı-satqı” müqaviləsi (müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən o, həmin malları cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun, “malın” dəyərini ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir, müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozur. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1300 manat, cərimə üzrə 100 manat, cəmi 1400 manat borcu vardır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3038/2023 saylı, 06 sentyabr 2023cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiaya iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edərək, iddianı qəbul etdiyini, lakin iddiaçı ilə barışıq əldə etmək istədiyini bildirmişdir. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli RN001522 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Satıcı” dəyəri 2549 manat olan malı “Alıcı”ya nisyə satmağı, “Alıcı” isə satılmış əşyaya görə 665 manat ilkin ödəniş etməklə malı qəbul edib, müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə, hər ay 157 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı hər ay 157 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı xx.xx.2021ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən 1300 manat əsas borc və 100 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə 3 iş günü müddətində borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 34,0 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RN001522 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 665 manat ilkin ödəniş etməklə 2549 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ona görə iddiaçı qarşısında borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqavilələri əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında aldığı avadanlıqların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilələr əsasında iddiaçıdan avadanlıqlar almasına dair hüququndan istifadə etmiş, həmin avadanlıqların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 34,0 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh 1300 manat əsas, 100 manat cərimə borc, ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1434 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh 1300 manat əsas, 100 manat cərimə borc, ödənilmiş 34 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1434 manat məbləğində pul vəsaiti tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri
Məhkəmə qərarları › İş №e-2(003)-3038/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3038/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver