Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3086/2022 10.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 213 manat ödənilməmiş hissə, 67 manat dəbbə pulunun, cəmi 280 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən o, alqı-satqı dəyəri 550,8 manat olan “Samsung Galaxy A21s” markalı telefon almış, həmin müqavilə şərtlərinə uyğun olaraq 337,8 manat ödəniş etmişdir. Lakin sonradan müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və nəticədə 213 manat ödənilməmiş hissə, 67 manat cərimə borcu yaranmışdır. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Məhkəmədə iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə 21174806 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən ümumi dəyəri 550,8 manat olan “Samsung Galaxy A21s” markalı telefon, yeni qızıl zəmanət və telefon quraşdırma xidməti olmaqla Cavabdeh1 nisyə satılmış və cavabdeh 12 ay müddətində ödəniş cədvəli üzrə hər ay 45,9 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı qarşısında Cavabdeh1 xx.xx.2020-ci il tarixdə 21174806 saylı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetiriməsi barədə sonuncu ilə birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 213 manat ödənilməmiş borcu və 67 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, yaranmış borcun ödənilməsi tələb edilmiş, borcun ödənilmədiyi təqdirdə borcun ödənilməsi barədə onlara qarşı məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan ********* nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472 maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən sonuncu iddiaçıdan “Samsung Galaxy A21s” markalı telefon nisyə almış və alğı-satqı müqaviləsi üzrə dövri ödənişlər etməyi öhdəsinə götürmüş, lakin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda iş üzrə Cavabdeh2 iddiaçı ilə zaminlik müqaviləsi bağlayaraq alıcının alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi üçün tam həcmdən birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş əsas məbləğin qaytarılmasını cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə hesab edir ki, alğı-satqı müqaviləsi üzrə 213 manat ödənilməmiş hissənin cavabdehlərdən tutulması hissəsində iddia tələbi təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 213 manat məbləğində əsas borca münasibətdə cavabdehlərdən 67 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 10 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 25 manatı cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, qalan 5 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21174806 saylı müqaviləyə əsasən ödənilməmiş 213 manat əsas, 10 manat dəbbə pulu, cəmi 223 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 25 manat cavabdehlərdən alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 5 (beş) manatı iddiaçı "xxxx" MMC-yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli 21174806 saylı müqavilə üzrə ödənilməmiş 213 manat əsas, 10 manat dəbbə pulu, cəmi 223 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə ödənilmiş 25 manat, alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qalan 5 (beş) manatı İddiaçı MMC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-3086/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3086/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver